Rikerin Bakı səfəri: Birləşmiş Ştatlar Cənubi Qafqaza strateji region kimi baxır

Rikerin Bakı səfəri: Birləşmiş Ştatlar Cənubi Qafqaza strateji region kimi baxır

9 İyun 2021 09:28
Bəyəndim (0) Bəyənmədim (0)

Filip Rikerin səfəri ilk növbədə onun ifadəsidir ki, ABŞ həmsədr dövlət kimi tənzimləmə prosesindəki rolunun azalmasını və fövqəldövlət olaraq bu prosesdə birbaşa iştirak etmədiyini başa düşür. Ona görə də ABŞ ali siyasi rəhbərliyi Cənubi Qafqaz regionunda fəallığını artırmaq və Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında, həllini gözləyən demarkasiya və delimitasiya prosesində kənar müşahidəçi statusunda deyil, Rusiya ilə bərabər fəal şəkildə iştirakçı olmaq niyyətindədir.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu sözləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin Azərbaycana səfərə gəlməsi haqda danışarkən axar.az-a deyib.

O bildirib ki, ABŞ-ın yeni Prezident Administrasiyasının xarici siyasət kursunun formalaşdırılması prosesi getməkdədir və ənənəvi olaraq Birləşmiş Ştatlar Cənubi Qafqaza strateji region kimi baxır:

“Qeyd etmək lazımdır ki, Filip Rikerin səfərindən öncə - 28 apreldə Dövlət katibi Blinkenin, may ayının 17-də isə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın Prezident İlham Əliyevlə telefon danışığı olmuşdu. Həmin telefon danışıqlarından aydın olur ki, Birləşmiş Ştatlar Azərbaycanla münasibətlərin səviyyəsindən məmnundur. Xüsusilə də beynəlxalq və regional təhlükəsizlik təminatında və Avropanın enerji təhlükəsizliyində rolunu yüksək qiymətləndirir. Bununla belə ABŞ 44 günlük müharibə sonrası yaranmış reallıqlar və həllini gözləyən məsələlərlə bağlı narahatlığı da var”.

E.Nəsirovun sözlərinə görə, yeni administrasiya xüsusilə Rusiya və İranla olan münasibətlərə yenidən baxılması kontekstində Azərbaycanın regionda olan rolunu xüsusi qiymətləndirir:

“Azərbaycan istənilən dövlətlə bərabərhüquqlu münasibətləri seçir. Bir dövlətlə münasibətimiz heç zaman üçüncü dövləti hədəfə almayıb. Rəsmi Bakı Cənubi Qafqazda sabitliyin təmin olunmasında Amerika ilə münasibətlərə xüsusi diqqət ayırır. Eyni zamanda ABŞ-ın Mərkəzi Asiya siyasətinə töhfə verə bilərik. Bunu xüsusi vurğulayıram: Bu səfərdə Azərbaycan-Ermənistan arasında sərhədlə bağlı yaranan ixtilaflı məsələlər var ki, o məsələlərə bir daha aydınlıq gətiriləcək.

Azərbaycan Ermənistanın bizə qarşı apardığı mina müharibəsini də xüsusi diqqətdə saxlayacaq. Çünki 10 noyabr tarixində əslində müharibə bitsə də, Ermənistan Azərbaycana qarşı iki istiqamətdə müharibə aparmaqdadır. Bunlar mina və informasiya müharibələridir. Son olaraq, jurnalistlərimizin minaya düşmələri faktı onu göstərir ki, Ermənistanın Azərbaycana qarşı apardığı siyasət nə qədər məkrlidir və işğalçı əməkdaşlığın ziddinə olan addımlar atmaqdadır”.