Bayden “Batka”nı da Putinin əlindən alır: MDB dövlətləri bir-bir Rusiyadan qoparılır

Bayden “Batka”nı da Putinin əlindən alır: MDB dövlətləri bir-bir Rusiyadan qoparılır

12 İyun 2021 09:56
Bəyəndim (0) Bəyənmədim (0)

Ağ Ev sahibi Co Baydenin prezident Putinlə görüşdə ABŞ-Rusiya münasibətlərini “təmir etmək” niyyəti yoxdur; “Batka”nın yenidən ABŞ və Qərb ilə gizli anlaşma və Rusiyadan uzaqlaşma yolunu tuta biləcəyi istisna deyil...

Böyük hesablaşma günü sürətlə yaxınlaşır. Bir neçə gündən sonra ABŞ və Rusiya prezidentləri görüşəcəklər. İki superdövlət arasdında kəskin qarşıdurmaya yol açan əksər ziddiyyətli məsələləri müzakirə edəcəklər. Və bu baxımdan, Bayden-Putin görüşü böyük maraqla gözlənilir.

Oxuməni.az-ın verdiyi xəbərə görə, məsələ ilə bağlı musavat.com yazır ki, ancaq nə qədər böyük gözləntilər olsa da, bu görüşdən ABŞ-Rusiya münasibətlərinin məzmununu dəyişə biləcək nəticələrin çıxacağı hələlik o qədər də inandırıcı görünmür:

Hər halda, iki superdövlət arasında kifayət qədər ciddi problemlər mövcuddur. Belə köklü problemlərin sadəcə, bir görüşdə həll oluna biləcəyinə inanmaq sadəlövhlük olardı. Birincisi, iki dövlət liderinin şəxsi münasibətləri demək olar ki, düşmənçilik səviyyəsindədir. Adətən, özünə qarşı sayğısızlığı heç vaxt unutmayan Rusiya prezidenti Vladimir Putinin Ağ Ev sahibi Co Bayden tərəfindən “qatil” adlandırılmasını bir kənara yazdığı qətiyyən şübhə doğurmur. Və yəqin ki, prezident Co Baydenin dönəmində ABŞ-Rusiya münasibətlərində “qatil” mövzusu əsas müəyyənedici faktor olaraq, qalacaq.

Digər tərəfdən, ABŞ və Rusiyanın strateji hədəfləri bu iki superdövlətin anlaşma şanslarını bloklayır. Çünki ABŞ dünya hegemonluğu niyyətindən imtina etməyib. Kreml isə Rusiyanın siyasi iradəsinin əhəmiyyət daşımayacağı hər hansı dünya sisteminə müqavimət göstərməkdə qərarlıdır. Yəni, bu iki superdövlətin münasibətlərinin normallaşması üçün ilk növbədə onlardan birinin “güzəştə getməsi”, öz hədəflərindən mütləq imtina etməsi vacidbir.

Nəhayət, ABŞ Rusiyanı özünün iki əsas beynəlxalq düşmənindən biri (digəri Çin) elan edib. Ağ Evin bütün strateji hədəflərinin reallaşdırılması üçün ilk növbədə məhz Rusiya və Çinin güncə sıxışdırılması mümkün olmalıdır. Əks halda, ABŞ bu hədəflərin həyata keçirilməsinə nail ola bilməz.

Göründüyü kimi, ABŞ və Rusiyanı yaxınlaşdıra biləcək faktorlardan daha çox onların toqquşmasına yol açan amillər mövcuddur. Xüsusilə də, Ukrayna, Suriya, Cənubi Qafqaz və Orta Asiya uğrunda mübarizə bu iki superdövlətin ziddiyyətlərini dərinləşdirən geopolitik məkanlardır. Və yaxın illərdə bu geopolitik məkanlar ABŞ-Rusiya qarşıdurmasının əsas poliqonları olaraq, qalacaq.

Ağ Evin əsas taktika və stratefiyası MDB məkanını Rusiyanın təsir dairəsindən çıxartmaqdır. Vaxtilə Ermənistanda sorosçu Nikol Paşinyanı hakimiyyətə gətirməklə, Rusiyanın Cənubi Qafqazdakı əsas dayağından məhrum etmək məqsədi güdülürdü.

Hələlik bu hədəfə çatıldığını iddia etmək mümkün deyil. Cənubi Qafqaza yerləşmək niyyətində olan ABŞ yəqin ki, Rusiya ilə hələ uzun müddət çəkişməli olacaq. Halbuki Cənubi Qafqazın “qapı”sından keçmədən Orta Asiyaya “pəncərə” açmaq çətin məsələdir.

ukrayna-natooounnamed.jpg (53 KB)

ABŞ Baltikyanı regionu Rusiyanın əlindən həm qoparıb, həm də bölgə ölkələrini NATO-nun çətiri altında gizlətməklə, geopolitik yerləşməni yekunlaşdırıb. Baltikyanı regionun Rusiyanın şimal-qərb sərhədlərinə qonşu olduğunu nəzərə aldıqda, bu reallığın Kreml üçün olduqca ciddi hərbi-siyasi diskomfort yaratdığı şübhə doğurmur.

İndi Ağ Evin əsas diqqəti Ukrayna üzərində cəmləşib. Hazırda ABŞ Ukraynanı da Rusiyanın əlindən qoparmağa nail olub. Rəsmi Kiyev tamamilə Kremlədən uzaqlaşıb və Rusiya ilə bütün “körpüləri yandırıb”. Yəni, Kremlin dəstəklədiyi separatizmlə qarşı-qarşıya qalan Ukraynanın bundan sonra Rusiya ilə normal tərəfdaşlıq münasibərləri qurması o qədər də inandırıcı görünmür.

Ancaq ABŞ Ukraynaya hələ tam yerləşə bilməyib. Bunun baş verməsi üçün ilk növbədə Ukraynanın NATO-ya tamhüquqlu üzv qəbul olunması vacib şərtdir. Ardıncasa, Ukrayna ərazisində NATO hərbi bazalarının yerləşdirilməsi ilə bu ölkənin Rusiyanın təsir dairəsindən tamamilə qoparılması prosesi yekunlaşa bilər.

Bütün bunlar onu göstərir ki, ABŞ MDB məkanını Rusiyanın əlindən parça-parça qoparıb, almaqda davam edir. Kremli ən çox narahat edən məqam da elə budur. Çünki postsovet ölkələri Kremlin nəzarətindən çıxdıqca ABŞ və NATO da hərbi-siyasi cəhətdən Rusiya sərhədlərinə yerləşir. Bu proses yaxın gələcəkdə Rusiyanın ABŞ və NATO tərəfindən tam mühasirəyə alınması ilə nəticələnə bilər.

Maraqlıdır ki, hazırda Ağ Ev Belarus üzərində “qoparma əməliyyatı” qurmağa başlayıb. Belarus postsovet məkanında Rusiyaya ən yaxın dövlət sayılır. Hətta Rusiyanın siyasi elitasında Belarusun müstəqilliyini formal siyasi-hüquqi reallıq hesab edirlər. Əsas qənaət ondan ibarətdir ki, Belarus əslində, Rusiyanın ərazisidir.

1597135120_1597131668_1.jpg (32 KB)

Təbii ki, Kremlin bu yanaşma tərzi Belarus prezidenti Aleksandr Lukaşenkonu ciddi şəkildə qıcıqlandırır. Hətta bu səbəbdən “Batka” 2018-ci ildən 2020-ci ilin avqust ayına qədər Rusiya ilə “soyuq müharibə” də aparmışdı. Onun ABŞ və Qərblə yaxınlaşmaq məqsədilə müəyyən manevrlər etməsi barədə də kifayət qədər məlumatlar var. Onların sırasına “Batka” ilə Qərb emisssarları arasında gizli anlaşmaların olması, hətta Belarusun ABŞ-dan enerji resurları idxal etməsi ilə bağlı razılığın əldə olunması da daxildir.

Ancaq “Batka” həmin gizli anlaşmalara sadiq qala bilmədi. Çünki ötən ilin avqustunda keçirilən seçkilərdə Kreml Belarusda hakimiyyəti dəyişə biləcəyinin mesajını verdi. “Bakta” 30 nəfərə yaxın Rusiya vətəndaşını FTX-nin əməkdaşı olmaqda suçlayıb, Belarusdan deportasiya etdi. Və Rusiya-Belarus münasibətləri ilk dəfə qopma həddinə qədər gərginləşdi.

Bununla belə, həmin qopma baş vermədi. Əksinə, “Batka” Kremlin Belarusda hakimiyyəti dəyişmə imkanları ilə barışdı. Rusiya ilə yenidən anlaşaraq, Kremlin maraqları ilə hesablaşmaq məcburiyyətində qaldı. Və bununla da ABŞ-ın Belarusu Rusiyadan “qoparma əməliyyatı” iflasa uğramış oldu.

Təbii ki, bütün bunlar ABŞ-ın hədəfini dəyişdirmədi. Əksinə, bu məqsədlə yeni variantların işə salındığı müşahidə edilir. Yəni, yeni variantlar sınaqdan çıxarılır, eyni zamanda, ABŞ və Qərblə gizli anlaşmaları pozmuş “Batka”nın cəzalandırılmasına cəhd göstərilir.

Məsələ ondadır ki, hazırda ABŞ və Qərb Belarusa qarşı genişmiqyaslı təzyiq kompaniyasına başlayıb. Bəhanə kimi də içərisində “Batka”nı sərt şəkildə tənqid etməklə məşhurlaşan bloggerin olduğu sərnişin təyyarəsinin Minskdə məcburi yerə endirilməsindən istifadə edilir. Və “Batka”nı diktator elan edilərək, Belarusa qarşı tətbiq olunan beynəlxalq sanksiyalar rəsmi Minski olduqca ağır vəziyyətə salıb.

Düzdür, “Batka” imkan daxilində müqavimət göstərməyə çalışır və Rusiyadan daha ciddi dəstək gözləyir. Ancaq sanksiyaların sırası genişləndikcə, Belarusun durum gətirmək, “Batka”nın isə müqavimət göstərmək imkanları tükənir. Çünki sanksiyalar artıq Belarus büdcəsinin təşkilində önəmli paya sahib olan şirkətlərə qarşı da yönəldilməyə başlayıb. Belə davam edərsə, “Batka” uzun müddət tab gətirə bilməz, Rusiyanın isə Belarusu bu durumdan xilas etmək imkanları və resursları yetərli deyil.

Ona görə də, hesab etmək olar ki, ABŞ və Qərbin sanksiyları və Belarusun dünyadan təcrid olunması prosesi indiki intensivliklə davam edərsə, “Batka” tezliklə yenidən mövqeyini dəyişmək məcburiyyətində qala bilər. Yəni, “Batka”nın yenidən ABŞ və Qərb ilə gizli anlaşma və Rusiyadan uzaqlaşma yolunu tuta biləcəyi istisna deyil. Bu isə Belarusun Rusiyadan qoparılma prosesinin bərpa olunması anlamına gəlir.

Belə anlaşılır ki, Ağ Ev sahibi Co Bayden “Batka”nı prezident Putinin əlindən almaqda israrlıdır. Bu baxımdan, prezident Co Baydenin Kreml sahibi V.Putinlə görüşdə doğrudan da ABŞ-Rusiya münasibətlərini “təmir etmək” niyyətinin olduğuna inanmaq çox çətindir. Bu iki superdövlətin arasında mövcud olan və haqqında danışdığımız dərin “ziddiyyət nöqtələri” də bunu təsdiqləyir.