Bayden-Putin görüşü: nüvə müharibəsi olmayacaq, bəs nə olacaq?

Bayden-Putin görüşü: nüvə müharibəsi olmayacaq, bəs nə olacaq?

19 İyun 2021 08:48
Bəyəndim (0) Bəyənmədim (0)

İyunun 16-da dünyanın gözlədiyi görüş baş tutdu. Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Co Baydenlə görüşdü. Danışıqların yekunlarına dair birgə bəyanatda bildiriblər ki, Rusiya və Birləşmiş Ştatlar “nüvə müharibəsində qalib ola bilməz” prinsipinə sadiq qaldıqlarını dəstəkləyirlər".

Oxuməni.az-ın verdiyi xəbərə görə, məsələ ilə bağlı musavat.com yazır ki, 4,5 saatdan çox davam edən görüşdə Rusiya və ABŞ liderləri regional münaqişələr, kibertəhlükəsizlik, strateji sabitlik məsələlərini və ikitərəfli münasibətləri müzakirə ediblər.

Görüşün yekunları ilə bağlı Vladimir Putin mətbuat konfransı keçirərək jurnalistlərin suallarını cavablandırıb. Putin Baydenlə regional münaqişələri, strateji sabitliyi, regional münaqişələri müzakirə etdiyini söyləyib: “Baydenlə strateji sabitliyə dair qurumlararası səviyyədə məsləhətləşmələrə başlamaq barədə razılığa gəldik”.

Rusiya prezidenti Ukrayna münaqişəsinin Baydenlə görüşdə müzakirə olunub-olunmaması və hansı razılığa gəlinməsi barədə suala da cavab verib: “Ukrayna məsələsinə sammitdə toxunuldu. Ukraynanın NATO-ya daxil olması mövzusuna da ötəri toxunuldu”.

Putin Ukrayna münaqişəsinin nizamlanmasının əsasında Minsk razılaşmasının dayanmalı olduğunu və bununla Baydenin də razılaşdığını bildirib. Səfirlərin qaytarılması razılığı artıq var. Rusiya qırmızı cızıqlarını göstərdi. NATO ölkəsinin sərhədlərinə doğru genişlənməsini sakit qəbul etməyəcəklər. Xüsusilə, Ukraynanın Alyansa üzvlüyünü...

Gərginliyin azalması və ya artmasının dünyaya necə təsirləri olacaq? ABŞ və Rusiya münasibətlərinin Azərbaycana mümkün təsirləri nələr ola bilər?

Deputat, politoloq Arzu Nağıyev bu görüşü mənasız sayır: “Ümumiyyətlə, bu görüşdən dünya ictimaiyyəti, Amerika və Rusiya üçün ciddi nəsə bir dəyişiklik gözləmirəm. Hər iki ölkə rəhbərləri arasında bundan öncə 2018-ci ildə görüş keçirilmişdi. Həmin vaxt Donald Tramp prezident idi. O zaman da ciddi bir dəyişiklik olmamışdı. İndi də düşünürəm ki, iki nüvə silahına malik olan ölkə münasibətlərdəki soyuqluğa bir istilik gətirmək üçün bu görüşü görüş naminə keçirdilər. Burada əsas məqamlardan biri səfirlərin öz işlərinin başına qaytarılması ilə bağlı məsələ oldu. Məlumdur ki, bu məsələlərdə İranın nüvə məsələsi, ondan sonra Rusiyanın geosiyasi vəziyyəti, Ukrayna məsələsi gözlənilən idi ki, müzakirə olunsun. Lakin hər iki prezidentin ayrı-ayrılıqda mətbuat konfransı keçirmələri bir işarə idi ki, hamısı ayrılıqda bu suallara cavab verdilər. Elə də ciddi bir dəyişiklik olmadı. Hərə öz siyasi xəttini aparmaqdadır. Əsas məqam burada həm də ondan ibarətdir ki, müharibə gözlənilmir. Paralel olaraq, Avropada NATO-nun güclənməsi, Amerikanın kontingentini artırması, Əfqanıstandan qoşunların çıxarılması, Çin faktorunun artması düşünürəm ki, danışıqların əsas predmeti olmalı idi. Hiss olunur ki, bu məsələlər müzakirə olunub. Amerika və Rusiyanın Azərbaycanla münasibətlərdən çıxış etsək belə bu görüşdən ölkəmiz adına nəsə ciddi faydaların götürüləcəyini düşünmürəm. Sadəcə olaraq, Azərbaycan Rusiya ilə tərəfdaşdır, Amerika ilə də müəyyən istiqamətlərdə tərəfdaşlıq edilir. Enerji təhlükəsizliyi və digər istiqamətlərdə daşınmaları qeyd edə bilərik. Düşünmürəm ki, Azərbaycana ciddi nəsə olsun. Rusiyanın Cənubi Qafqazda olan hərbi bazaları ilə bağlı ola bilsin ki, müəyyən qədər təsir görünsün. Bir də bu görüşün Azərbaycana neqativ təsirlərinin olması da mümkün deyil. Burada müəyyən dövlətlərin NATO-ya üzv edilmələri üçün atılan addımların atılması gözlənilsə də, bu da öz əksini tapmadı. Bütün bunlardan çıxış edərək, ”görüş naminə görüş" keçirildiyini düşünürəm. Bundan sonra ortaq məxrəcə gəlinməli olan məsələlər hələ uzun müddət öz əksini tapmayacaq".

Hərbi ekspert Emin Həsənli isə bunları dedi: “Dünyada hər bir ölkə kimi biz də sabitlik və təhlükəsizliyin olmasında maraqlıyıq. Son iki əsrdə dünya həddindən artıq gərgindir. İndi elan olunmasa da, faktiki III dünya müharibəsi gedir. Bunu müxtəlif regionlarda görürük. Bu müharibə əslində uzun illərdir ki, davam edir. Hər kəsi mövcud durum narahat edir. Azərbaycan çox gərgin bir regionda yerləşir. Ərazilərimiz işğal altında idi, bu milli problemi aradan qaldıra bildik. Amerika və Rusiya arasında razılaşmalar olmalıdır ki, dünya bundan qazansın. NATO artıq Yaxın Şərqə doğru xeyli irəliləyib. Zamanında SSRİ-nin belə bir gücü var idi. Hazırda Amerika və Rusiyanın hər birinin öz maraqları var. Bunlar da üst-üstə düşən maraqlar deyil. Amma hər iki dövlət yaxşı bilir ki, bu qarşıdurma heç bir tərəf üçün faydalı deyil. Bayden hakimiyyətə gələndə Putini qatil adlandırmasına baxmayaraq, məsələlər səngiməyə doğru gedir. Hesab edirəm ki, yaxın illərdə də ciddi qarşıdurma olmayacaq. Amma bu məsələlərin də bir sonu olmalıdır. Dünya dəyişir, gələcəkdə NATO-nun özünün qalıb-qalmaması məsələsi var”.