General Kosobokov gələn kimi Laçın “dəhlizi”nə nəzarəti genişləndirdi..

General Kosobokov gələn kimi Laçın “dəhlizi”nə nəzarəti genişləndirdi..

17 Sentyabr 2021 11:47
Bəyəndim (0) Bəyənmədim (0)

Öncədən xəbər verdiyimiz kimi, 10 noyabr üçtərəfli razılaşmasından bəri Azərbaycan Respublikasının “Laçın dəhlizi” adlanan ərazisinə, eləcə də keçmiş Dağlıq Qarabağın bir hissəsinə müvəqqəti yerləşdirilmiş Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingenti məsuliyyət zonalarını diqqəti o qədər də çəkmədən qarış-qarış genişləndirməyə çalışır.

Moderator.az-ın araşdırmasına görə, təqdim edilən xəritələrdə Rusiya hərbi birləşmələrinin dislokasiyasında gözə çarpan ilk dəyişikliklər 2021-ci il yanvarın 11-dən, yəni Moskvadakı üçtərəfli görüşdən sonra diqqət çəkməyə başlayıb. Əgər noyabrın 12-dəki xəritədə Laçın şəhəri yaxınlığındakı Ağanus və Qarıkaha kəndləri Rusiya hərbçilərinin məsuliyyət zonasından kənar ərazidə göstərilirdisə, artıq iki ay sonra yanvarın 11-dən “sərhəd” xətti həmin kəndlərdən keçməyə başlayıb...

Sentyabrın 8-dən - Rusiya “sülhməramlı”larının komandanı postunda general-leytenant Rüstəm Muradovu əvəzləmiş general-mayor Kosobokovun da gəlişi artıq xəritələrdə özünü büruzə verməyə başlayıb...

Belə ki, sentyabrın 14-dən başlayaraq Rusiya hərbi kontingentinin xəritəsində Kəlbəcər rayonu ərazisindəki qədim türk xristian babalarımızın məbədi - Xudavəng “Dadivank” adıyla xüsusi işarələnib. Ayın 16-dan isə “Laçın dəhlizi” “genişlən”dirilib. Laçın şəhəri yaxınlığında 2072 metrlik yüksəklik göstərilib. Şuşa rayonunun sovet dövründən ermənilərin yaşadığı Kiçik Qaladərəsi kəndi “Kirov” adı ilə qeydə alınıb. Həmçinin Şuşa rayonunun Məmişlər, Dükanlar, Qaybalı kəndləri, eləcə də Turşsu qəsəbəsi yaxınlığındakı 2214 metrlik yüksəklik(yəqin ki, Keçəldağ) göstərilib. Bundan əlavə, Xocalı rayonunun Harov, Xocavənd rayonunun Mirikənd kəndi ““Miruşen” adıyla), Çartar, Avdur, Yenikənd (“Norşen”) kəndləri, eləcə də Ağdam rayonunun Gülablı kəndinə yaxın strateji Qalınqaya yüksəkliyi də qeydə alınıb...

Göründüyü kimi, sələfi Rüstəm Muradovdan fərqli olaraq Mixail Kosobokov strateji yüksəklik və məntəqələri nəzarət altına almağa daha çox diqqət yönəldib...

Kosobokovun tərtib etdirdiyi “sülhməramlı” xəritəsində diqqəti çəkən daha bir məqam Ağdam şəhəri, xüsusən Əhmədavar və Xıdırlı kəndləri yaxınlığında, yəqin ki, Xocalı rayonunun Pirlər(keçmiş Xramort”) kəndi ərazisinə düşən, Azərbaycan türkcəsində “Qışlaq” mənasını verən “Zimovye” məntəqəsinin göstərilməsidir. Görünür, Rusiya həbi kontingenti qış aylarını bəhanə edərək qərargahlarını hər iki mənada Xocalının hava limanı ərazisindən daha isti bir məntəqədə qurmağı planlaşdırırlar...

Onu da xatırladaq ki, avqustun 9-da Moderator.az-da Şuşanın Kiçik Qaladərəsi kəndindəki ermənilərin Laçın rayonunun Ağanus kəndi ərazisindəki strateji Ağdaş(1784 m) yerləşən “Azersel” qülləsi yanındakı Azərbaycan hərbçilərinin çıxarılmasını tələb etməsi haqda məlumat vermişdik(bax: //moderator.az/qarabagh/389156/susanin-kendindeki-ermeniler-azersel-qullesi-yanindaki-azerbaycan-herbcilerinin-cixarilmasini-teleb-etdi-fotolar/). Və qeyd etmişdik ki, çox güman, bu, dolayısıyla Rusiya Müdafiə Nazirliyinin planıdır. Məqsəd Azərbaycan hərbçilərini bəhs edilən yüksəklikdən kənarlaşdırıb oraya “sülhməramlı” adlanan hərbi kontingenti yerləşdirməkdir... Görünür, məhz ermənilərin şikayətindən sonra və bəhs edilən məqsədinə çatmaq məqsədilə Rusiya hərbi kontingenti komandanlığı ermənilərin yaşadığı Kişik Qaladərəsi(“Kirov”) kəndi üzərindəki nəzarətini daha da gücləndirməyi qərara alıb...