“O zaman biz də Laçın dəhlizini nəzarətə götürməliyik”

“O zaman biz də Laçın dəhlizini nəzarətə götürməliyik”

18 Sentyabr 2021 10:44
Bəyəndim (0) Bəyənmədim (0)

“Ermənistan tərəfi üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməkdən imtina edirsə və Azərbaycana Naxçıvanla quru yolu – dəhliz üçün şərait yaratmamaqda qətidirsə, biz də adekvat addımlar ata bilərik”.

Oxuməni.az xəbər verir ki, bu sözləri Bizimyol.info saytına açıqlamasında politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Nikol Paşinyanın İrəvan tərəfindən Azərbaycana dəhliz vermək istəməməsi ilə bağlı sözlərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, “adekvat addımlar” dedikdə, Azərbaycanın suveren hüquqlarından istifadə etməsini nəzərdə tutur. “Əgər Ermənistan uzun müddət bu qərarında inad edəcəksə,o zaman biz də Laçın dəhlizini nəzarətə götürməli olacağıq. Bu mövqeyi Ermənistana və “ağa”sı Rusiyaya da bildirmək olar. Düşünmürəm ki, kimsə bizə mane ola biləcək. Nəyə görə, biz üçtərəfli bəyanatın şərtlərinə əməl etməliyik, qarşı tərəf isə yox”, - deyə politoloq vurğulayıb.

O, Laçın dəhlizinin tamamilə qapadılmasını nəzərdə tutmadığını qeyd edib. “Mən bu dəhlizin tam qapadılmasını nəzərdə tutmuram. Azərbaycan Laçın dəhlizində öz postlarını qura bilər və mülki əhali üçün heç bir təhlükə yaratmadan, ancaq qida məhsulları, su və medikamentin keçirilməsinə şərait yaradaraq, həmin yolda öz nəzarətini təmin edə bilər. Burda Rusiyaya meydan oxumaqdan söz gedə bilməz. Bizim suveren haqqımızdır və ondan faydalana bilərik”, - deyə E.Şahinoğlu əlavə edib.

E.Şahinoğlunun fikrincə, Azərbaycan Laçın dəhlizini nəzarətinə götürə bilsə, qanunsuz yükdaşıma hallarının da qarşısını almaq mümkün olacaq.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan İranın yük maşınlarının Qoris-Qafan yolunun Azərbaycan polisinin nəzarəti altında olan hissəsində yoxlanılmasının mümkün səbəbini açıqlayıb.

2020-ci ilin dekabrında Ermənistan Silahlı Qüvvələri Sovet Ermənistanının sərhədlərinə çəkilib. “Bu proses yeni hərbi gərginlikdən yayınmaq üçün həyata keçirilib”, - deyə Paşinyan parlamentdə son çıxışında bildirib.

O xatırladıb ki, ötən ilin dekabrında nəqliyyat vasitələri və yük tranziti üçün bu yoldan maneəsiz istifadəyə dair razılıq əldə olunub: “Razılıq mətnində xarici yüklərin keçməsindən söhbət getmir, buna görə də Azərbaycan bundan istifadə edir. Çox güman ki, bizim 9 noyabr və 11 yanvar tarixli bəyanatlarda Ermənistandan dəhliz verilməsindən bəhs edilmədiyi haqqında bəyanatlarımıza cavab olaraq”.