Ərdoğan-Putin görüşü öncəsi Əliyev kartları açdı: Ya Bakının istədiyi sülh olacaq, ya da müharibə ...

Ərdoğan-Putin görüşü öncəsi Əliyev kartları açdı: Ya Bakının istədiyi sülh olacaq, ya da müharibə ...

25 Sentyabr 2021 10:47
Bəyəndim (0) Bəyənmədim (0)

Ərdoğan-Putin görüşündən öncə İlham Əliyevin Rusiya mediasına müsahibə verməsi təsadüfi deyil.

Oxuməni.az xəbər verir ki, Bakının bu görüşdən böyük gözləntiləri var: sərhədin delimitasiyası üzrə müqavilə, sülh sazişinin hazırlanması, Qarabağda Rusiyanın təhlükəli addımlarının dayandırılması və s.

Soçi görüşündə bu istiqamətində ciddi addımların atılacağı mümkündür, xüsusilə Türkiyənin təklif etdiyi “Altılıq platforması”nın (“Beşlik” də ola bilər) reallaşması perspektivlərinin aydın göründüyü vaxt.

Və Əliyev görüş öncəsi Rusiya mediasında mövqeyini bir daha gündəmə gətirir:

- “Dağlıq Qarabağ” və “status” yoxdur, olmayacaq da;

- Sərhədin delimitasiyası prosesinin də daxil olduğu sülh sazişi imzalanmalıdır;

- Ya Bakının istədiyi sülh olacaq, ya da müharibə dövründə olanlar yenidən təkrarlana bilər.

“Bizi qəzəbləndirməsinlər, qıcıqlandırmasınlar, nə qədər ki, bizim təklifimiz masa üzərindədir, onunla razılaşsınlar. Əks halda, müharibə dövründə olanlar təkrarlana bilər”, - Əliyev açıq danışır.

Müsahibədə əsas məqamlardan biri Azərbaycanın Rusiya ilə hərbi-texniki əməkdaşlığını davam etdirəcəyinə dair Prezidentin dedikləri idi.

“Bizdə bütün istiqamətlər üzrə, o cümlədən hərbi-texniki əməkdaşlıq sahəsində işlər yaxşı gedir. Təbii ki, indi biz yeni araşdırmalara nəzər salırıq, texniki qruplar indi artıq yeni imkanları öyrənirlər, biz bəzi sifarişlər vermişik, ona görə də bu istiqamətdə əməkdaşlıq da inkişaf edəcək”, - İlham Əliyev bildirir.

Müharibədən sonra Rusiyanı narahat edən, Bakı-Moskva xəttində son dövrlər müşahidə olunan gərginliyin səbəbləri sırasında rus silahları da yer alır: Qarabağ məsələsinin bitməsi ilə rusların Cənubi Qafqazda silah bazarı zəiflədi; Azərbaycan Ordusunun modernləşməsi prosesində rus istehsalı silahlara üstünlük verilməyəcəyini anladılar; Şoyqunun Moskvada Karapetyana “Ermənistana silah tədarükü başlandı” sözlərinin ünvanı da Azərbaycan idi; ruslar Bakının silah tədarükündən pay almaq istəyir.

Bakı da istəyinə nail olmaq üçün Moskvanın arzusu ilə razılaşır: hərbi-texniki əməkdaşlıq davam edəcək.

Prezidentin bunu Ərdoğan-Putin görüşündən öncə açıqlaması görüşdən istədiyi nəticəni almaq gözləntisindən irəli gəlir.