Ermənistana son xəbərdarlıq: Zəngəzur dəhlizinin açılma vaxtı...

Ermənistana son xəbərdarlıq: Zəngəzur dəhlizinin açılma vaxtı...

7 Dekabr 2021 16:20
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident İlham Əliyev dekabrın 6-da Quba rayonuna səfəri çərçivəsində Qonakənd qəsəbəsində olub. Dövlət başçısı qəsəbə ictimaiyyəti ilə görüşündə çox mühüm siyasi əhəmiyyətə malik tezislər səsləndirib. Bu tezislərin çoxu ilk dəfə idi ki, səslənirdi. Ölkə Prezidenti dəfələrlə Ermənistanın hərbi-siyasi rəhbərliyinə çağırışlar etmişdi ki, işğalda saxlanılan ərazilərin boşaldılması ilə bağlı qrafik təqdim edərsə, Azərbaycan tərəfi hərbi əməliyyatları dayandıra bilər. Vurğulanmışdı ki, bu olmayacağı təqdirdə Azərbaycan öz haqlı mübarizəsini sona qədər davam etdirəcək. Məhz bunun nəticəsində Ermənistan döyüş meydanında ağır məğlubiyyətə imza atdı və kapitulyasiya aktına imza atmalı oldu.

Oxuməni.az xəbər verir ki. bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib.

O qeyd edib ki, Ermənistan məhz kapitulyasiya sənədinə imza atdıqdan sonra Kəlbəcərin, Laçının və Ağdamın işğaldan azad edilməsi ilə bağlı üzərinə öhdəlik götürdü: “Prezident İlham Əliyev də Qonaqkənddə olarkən Ermənistan hərbi-siyasi rəhbərliyi qarşısında yeni bir məsələni qoydu. Əslində bu yeni bir mövzu da deyil. Zəngəzur dəhlizinin açılması məsələsi 10 noyabr Bəyanatında da öz əksini tapıb. Sadəcə olaraq Ermənistan bu bəyanatın məlum bəndini icra etməkdən boyun qaçırır. Ona görə də bu proses uzanır. Ermənistanın baş naziri kommunikasiyaların açılmasından bəhs etsə də, digər yandan buna qarşı çıxır. Belə reallıq fonunda da ölkə başçısının məhz bu çağırışı ortaya çıxdı. Bu da onunla bağlıdır ki, Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı konkret müddəti Azərbaycana təqdim etməlidir”.

Millət vəkili hesab edir ki, II Qarabağ müharibəsi dövründə də Ermənistan bu addımdan boyun qaçırdı və nəticədə kapitulyasiya aktına imza atmağa məcbur oldu:

“İndi də dövlət başçısının irəli sürdüyü bu şərtin mənası ondan ibarətdir ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı konkret müddət göstərilməsə, bu vaxtı Azərbaycan müəyyən edəcək. Bu da Ermənistan üçün son dərəcədə ciddi bir siqnaldır. Onlar ağıllarını başlarına yığıb bilməlidirlər ki, Azərbaycan indiyə kimi nəyi diqtə edibsə o icra edilib. II Qarabağ müharibəsindəki məğlubiyyəti dadmış Ermənistan rəhbərliyi indiki məqamda illuziyalarla yaşamamalı və Azərbaycanın irəli sürdüyü təklifləri icra etməlidir. Eyni zamanda qarşı tərəf Zəngəzur dəhlizinin açıllması ilə bağlı konkret addımlar atmalıdır. Bunun əksi Dəmir Yumruğun növbəti zərbəsi ilə nəticələnə bilər”.