Əli Kərimli təklənir - Əli İnsanovun “konstruktivliyinin” PƏRDƏARXASI

Əli Kərimli təklənir - Əli İnsanovun “konstruktivliyinin” PƏRDƏARXASI

19 Dekabr 2021 13:33
Bəyəndim (0) Bəyənmədim (0)

HƏP sədri Əli İnsanovun 14 illik fasilədən sonra yenidən Prezident Administrasiyasında görünməsi siyasi çevrələrdə qızğın müzakirələrə səbəb oldu. İnsanov gözlənilməz addımı ilə insanları təəccübləndirməklə yanaşı, ölkədə siyasi proseslərin inkişaf tempi ilə bağlı da vacib mesajlar vermiş oldu. HƏP Ali Məclisinin sədri Zəlimxan Məmmədlinin təmsil etdiyi qurumun konstruktiv müxalifət mövqeyində dayandığını açıq şəkildə bəyan etməsi siyasi münasibətlər sisteminə yeni çalarlar qatdı.

Oxuməni.az xatırladır ki, 14 illik məhbəs həyatından sonra aktiv siyasi fəaliyyətlə məşğul olmağa qərar verən Əli İnsanov radikal mövqe sərgiləməklə qısa müddət ərzində diqqəti öz üzərində cəmləşdirməyi bacardı. Hakimiyyətə münasibətdə barışmaz mövqe tutması sabiq naziri keçmiş komanda yoldaşları arasında "arzuolunmaz şəxs"ə çevirdi. Ünvanlı tənqidləri ilə narazı elektoratın diqqətini cəlb etməyi bacaran İnsanov sürətlə radikal müxalifət düşərgəsinə inteqrasiya oldu. Hətta o, adının radikal müxalifətin "əbədi lideri" sayılan Əli Kərimli ilə bərabər çəkilməsindən məmnunluğunu açıq şəkildə büruzə verdi. Müxtəlif məclislərdə "təsadüfi" qarşılaşmalar iki Əlinin bir ittifaqda birləşəcəyinə şübhə yeri qoymadı.

Azərbaycan müxalifətinin yeni siyasi ittifaqa "hamilə" olduğu bir vaxtda Əli İnsanovun qəfildən Prezident Administrasiyasında zühur etməsi çoxsaylı mülahizələrə yaşamaq hüququ qazandırdı. Hazırda analitiklər ciddi-cəhdlə İnsanovun gözlənilməz "gedişinin" arxasında dayanan səbəbləri anlamağa çalışırlar. "Mətbəx"dən sızan məlumatlar səslənən versiyalarla təxminən üst-üstə düşür.

Əli İnsanovun yaxın silahdaşlarından biri HƏP sədrinin siyasi mövqeyində baş verən bu dəyişikliyi müxalif həmkarlarından gözlədiyi dəstəyi ala bilməməsi ilə əlaqələndirib. Onun sözlərinə görə, əks düşərgə təmsilçiləri HƏP sədrinin müxalifətin lideri olmaq arzusunu gözündə qoyduqları üçün İnsanov gözlərini "Ağ Ev"ə çevirməli olub.

Mənbə deyib ki, Əli İnsanov AXCP sədri Əli Kərimliyə "Haqq və Ədalət Uğrunda" yeni müxalifət koalisiyası yaratmağı, yaşının çox, zamanının az olduğunu nəzərə alaraq yeni ittifaqa özünün rəhbərlik etməsini təklif edib. Amma Əli Kərimli müxtəlif bəhanələrlə bu ideyanın reallaşmasına mane olub. Kərimlinin ambissiyasının onun müxalif düşərgədə bir nömrəli şəxsə çevrilməsinə imkan verməyəcəyini anlayan sabiq nazir Vətən müharibəsindən sonra ölkədə yaranmış siyasi şəraiti nəzərə alaraq, hakimiyyətlə dialoqa getməyə qərar verib. Onun digər konstruktiv müxalifət partiyalarının sədrləri kimi avtobusla Şuşaya gedib-getməyəcəyi bəlli olmasa da, AXCP sədrinin yanından getdiyi artıq heç kimdə şübhə doğurmur. Bu isə o deməkdir ki, Əli Kərimli yenə tək qaldı. Həmişə olduğu kimi... yenisabah.az