“Ermənistana təzyiq etmək üçün əlimizdə bir neçə sənəd var“

“Ermənistana təzyiq etmək üçün əlimizdə bir neçə sənəd var“

20 Dekabr 2021 14:33
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident İlham Əliyev Brüssel görüşündən sonrakı çıxışında Zəngəzur dəhlizi ilə Laçın dəhlizinin paralel statusa malik olduğunu qeyd edib. Dövlət başçısı vurğulayıb ki, əgər Ermənistan Zəngəzurdan dəhlizin açılmasına imkan verməyəcəksə və ya orada gömrük postları quracaqsa, Azərbaycan da adekvat tədbirləri görəcək.

Bu çıxışdan sonra Ermənistan tərəfi Laçın koridorunun bağlanmasının və hətta oraya gömrük postlarının quraşdırılmasının mümkün olmadığını bildirib.

Qeyd edək ki, Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, ermənilər 10 noyabr bəyanatında yalnız öz maraqlarına uyğun məqamları qabardırlar. Halbuki 10 noyabr bəyanatında Ermənistan üzərinə Azərbaycandan daha çox öhdəlik qoyulub.

Niyə Ermənistan bu vəzifələri yerinə yetirməkdən boyun qaçırır?

Azərbaycan 10 noyabr sazində əksini tapan, amma bu günə qədər yerinə yetirilməyən hansı bəndlərin icrasını tələb edə bilər?

Oxuməni.az-ın verdiyi xəbərə görə, mövzu ilə bağlı Yenisabah.az-ın suallarının cavablayan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev bildirib ki, Prezident Əliyev bəyan edib ki, əgər dəhliz məsələsi həll olunmasa, Azərbaycan müvafiq addımlar atacaq:

“Brüssel görüşündən öncə Ermənistanın Baş naziri Nikol Paşinyan öz “Facebook” səhifəsində belə bir paylaşım etmişdi ki, biz dəhliz deyil, öz ərazimizi təqdim edirik və ərazimizdən keçdiklərinə görə, girişdə və çıxışda gömrük və sərhəd postları qurulacaq.

Ermənilər bu məsələni birinci dəfə deyil ki, söyləyirlər, onlar dəfələrlə bu mövzunu qabardıblar. Lakin bu, artıq dəhliz deyil. Dəhliz hər iki tərəfdən qorunan və lazım olarsa, müşayiət olunan bir ərazidir. Zəngəzurdan həm avtomobil, həm də dəmir yolu keçməlidir. Gələcəkdə isə oradan kəmərlərin keçməsi gündəmə gələ bilər. Bu Şimal-Cənub və Qərb-Şərq arasında demək olar ki, logistika qovşaqlarından biridir. Ona görə də, bu, artıq beynəlxalq səviyəli bir məsələdir”.

Deputat Laçın dəhlizinin Azərbaycanın ərazisi olduğunu xatırladıb:

“Suveren dövlət kimi öz ərazi bütövlüyümüzü qabardaraq humanist addım atmışıq, Qarabağın dağlıq hissəsində olan ermənilərə Ermənistana giriş-çıxış imkanı yaratmışıq. İstənilən vaxt ərazimizdə istər gömrük, istərsə də sərhəd postu qura bilərik. Digər məsələ budur ki, 10 noyabr bəyanatında məhz dəhlizə nəzarət Rusiya Federasiyası FTB-nin Sərhəd Xidmətinə həvalə olunub.

Ermənistana təsir və təzyiq mexanizmi üçün bir neçə sənəd var. Bu, təkcə 10 noyabr yox, həm də 11 yanvar 2020, 26 noyabr 2021 (Soçi) və 14 dekabr 2021-ci il (Brüssel) bəyanatlarıdır.

Qarabağdakı separatçıların tərk-silah edilməsi məsələsinə gəldikdə isə əsas məsələ, yəni sərhədlərin delimitasiya və demarkasiyası başa çatdıqdan sonra artıq özləri orada qalmayacaq və ya onları bölgədən çıxarmaq elə də böyük problem olmayacaq”, - deyə siyasətçi fikirlərini yekunlaşdırıb.