Türkiyədən Paşinyanı çətinə salan iki şərt: Əliyevlə anlaşmadan onları aşmaq mümkün deyil

Türkiyədən Paşinyanı çətinə salan iki şərt: Əliyevlə anlaşmadan onları aşmaq mümkün deyil

23 Dekabr 2021 11:27
Bəyəndim (0) Bəyənmədim (0)

Moskvada keçiriləcəyi gözlənilən növbəti yüksək səviyyəli görüşdə baş nazir Nikol Paşinyanın Prezident İlham Əliyevlə Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesini müzakirə edəcəyi istisna deyil; Rəsmi Ankara Ermənistandan “Dağlıq Qarabağ”dan imtina olunmasını və Zəngəzur dəhlizinin açılmasını tələb etməklə, Azərbaycanı bu prosesdə əsas iştirakçıya çevirib...

MDB ölkələrinin dövlət başçıları Rusyanın paytaxtı Moskvada toplantı keçirəcəklər. Uzun müddət idi ki, bu qurumun mövcudluğunu xatırladan hər hansı məlumata rast gəlinmirdi. Ancaq gözlənilmədən MDB ölkələrinin liderlərinin qeyri-formal toplantısının təşkil olunacağı barədə məlumat yayıldı.

Onu da qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu məlumatı artıq təsdiqləyib. Bu isə o deməkdir ki, MDB-nin yenidən fəallaşdırılmasına cəhd göstərilir. Böyük ehtimalla bu, hazırda ABŞ və Qərb ilə sərt qarşıdurma vəziyyətində olan Rusiyaya lazımdır.

Kremlin hansı səbəbdən MDB liderlərinin toplantısını keçirtməyə ehtiyac duyduğu yaxın günlərdə yəqin ki, aydınlaşmağa başlayacaq. Ancaq hələlik Azərbaycan cəmiyyətini MDB-nin uzun müddətdən sonra keçiriləcək qeyri-formal sammiti ilə bağlı tamamilə başqa məsələ daha çox maraqlandırır. Çünki bir müddət öncə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında daha bir görüşün keçirilə biləcəyi iddia olunmuşdu.

111-650x343.jpg (35 KB)

İndi belə anlaşılır ki, bu ilin sonunda və daha geniş tərkibdə keçiriləcəyi iddia olunan Əliyev-Paşinyan görüşü həqiqətən də baş tuta bilər. Çünki MDB dövlət başçılarının qeyri-formal sammiti 28 dekabra nəzərdə tutulub. Ona görə də, Azərbaycan-Ermənistan liderlətinin növbəti görüşü ilə bağlı məlumatın doğrulma ehtimalı tamamilə inandırıcı görünür.

Onu da qeyd etmək lazımdır ki, indiki mərhələdə Azərbaycan Prezidenti ilə görüşlər Ermənistan baş naziri üçün böyük əhəmiyyət daşıyır. Çünki Paşinyan hakimiyyəti hazırda Azərbaycanla olan problemlərinin həlli ilə yanaşı, rəsmi Bakının strateji müttəfiqi Türkiyə ilə də münasibətlərinin normallaşdırılmasına cəhd göstərir. Və bu iki proses əslində, müəyyən mənada, bir-birinə paralellik təşkil edir.

Məsələ ondadır ki, Azərbaycan və Türkiyə bir çox geopolitik addımlarını, o cümlədən də, Ermənistana münasibətdə qəbul edilən qərarları bir-biriylə məsləhətləşib, uzlaşdırmağa üstünlük verirlər. Yəni, rəsmi İrəvan Azərbaycanla problemlərini həll etmədən Türkiyə ilə münasibətlərin normallaşdırıla biləcəyinə ümid bəsləmək şansına sahib deyil. Və Paşinyan hakimiyyəti Türkiyənin Azərbaycanla bağlı şərt-tələblərini yerinə yetirmək məcburiyyətindədir.

Bu baxımdan, dekabrın sonunda baş tutacağı gözlənilən Əliyev-Paşinyan görüşündə Azərbaycan və Ermənistan arasındakı problemlərlə yanaşı, rəsmi İrəvanın Türkiyə ilə apardığı danışıqlar prosesində yer alan bəzi önəmli detallar da müzakirə edilə bilər. Hər halda, Paşinyan hakimiyyəti Türkiyə ilə başladılmış nizamlama prosesinin uğur qazanmasının həm də, rəsmi Bakının mövqeyindən asılı olduğunu anlamamış deyil. Yəni, rəsmi Bakının Azərbaycanın milli maraqlarının təmin edilməsi baxımından mütləq məmnun olması qaçılmazdır.

Ermənistanın siyasi dairələrindən mətbuata sızan məlumatlara görə, rəsmi İrəvan bu məsələyə həssas yanaşmağa çalışır. Paşinyan hakimiyyətinin hətta rəsmi Ankaranın üç əsas baza şərt-tələbini qəbul etdiyi də iddia olunur. Və bu şərt-tələblərdən geri çəkilməyin artıq demək olar ki, qeyri-mümkün olduğu vurğulanır.

Maraqlıdır ki, erməni politoloq Suren Sarkisyan rəsmi Ankaranın əsas şərtləri ilə bağlı dəqiq məlumatlar aldığını iddia edir. Onun sözlərinə görə, Ermənistan öz tarixində ilk dəfə Türkiyənin şərtlərini yerinə yetirmək barədə konkret öhdəliklə danışıqlara başlayıb.

Erməni politoloq əminliklə vurğulayıb ki, Paşinyan hakimiyyəti “artsax”dan imtina barədə şərti artıq qəbul edib. Eyni zamanda, rəsmi İrəvan qondarma “erməni soyqırımı” iddialarının Ermənistanın xarici siyasət prioritetləri sırasından çıxarılması tələbi ilə də barışıb. Nəhayət, Paşinyan hakimiyyəti ən yaxın vaxtlarda Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutan üçüncü şərti də qəbul etməyə hazırlaşır. Ancaq erməni politoloq vurğulayıb ki, rəsmi İrəvanın yerinə yetirəcəyi tələblər bütün bunlarla məhdudlaşmayacaq. Onun dediyinə görə, Ermənistanın herbindən Ağrı dağının təsvirinin çıxarılması barədə rəsmi Ankarının israrlı tələbini də yerinə yetirmək lazım gələcək. Çünki rəsmi Ankara bunu Ermənistanın Türkiyəyə qarşı ərazi iddiası kimi qəbul edir. Və buna oxşar bəzi məsələlərin məhz Ermənistanda hazırlığına başlanılmış konstitusiya islahatları ilə həll ediləcəyi gözlənilir.

Son mərhələdəcə, böyük ehtimalla Türkiyə və Ermənistan arasında diplomatik münasibətlərin qurulması barədə sənədin imzalanacağı iddia olunur. Həmin sənəddə Ermənistanın Türkiyənin ərazi bütövlüyünü rəsmən tanıdığı barədə maddənin yer alacağı şübhə doğurmur. Erməni politoloq hesab edir ki, məhz bütün bunlar baş verdikdən sonra Türkiyənin Ermənistanla sərhədlərini aça biləcəyini ehtimal etmək mümkündür.

Maraqlıdır ki, hazırda Ermənistan cəmiyyətində Azərbaycanın bütün bu baş verənlərə münasibəti daha çox müzakirə edilir. Əsas qənaətlər ondan ibarətdir ki, rəsmi Bakı “artsax” mövzusunu tam “dəfn” etmədən və Zəngəzur dəhlizini açmadan Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasına müsbət yanaşmaz. Və rəsmi Bakının verəcəyi reaksiyasnın Türkiyədə həssas qarşılanması hazırda bu məsələ ilə bağlı Ermənistan üçün əsas problemlərdən biri hesab edilir.

Ona görə də, Ermənistan cəmiyyətində hesab olunur ki, növbəti Əliyev-Paşinyan görüşündə Azərbaycanla olan problemlərlə yanaşı, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi də xüsusi olaraq, müzakirə edilə bilər. Çünki rəsmi Ankaranın irəli sürdüyü əsas baza şərtlərindən ikisi məhz Azərbaycanın milli maraqlarından qaynaqlanır. Deməli, həmin şərtlərin yerinə yerilməsi və rəsmi Ankaranın məmnun edilməsi üçün əvvəlcə Azərbaycanla anlaşmaq lazım gələcək. Bu baxımdan, Ermənistana Türkiyə üzərindən “pəncərə” açmağa can atan baş nazir N.Paşinyanın həmin iki şərtin mümkün qədər tez bir zamanda həlli yollarını Azərbaycan Prezidenti İlham Əliyevlə mütləq müzakirə etməsi qaçılmazdır.Yeni Müsavat