“Laçının 5-6 kəndinin camaatı qayıtsa, rayon mərkəzində bir erməni də qalmaz...”

“Laçının 5-6 kəndinin camaatı qayıtsa, rayon mərkəzində bir erməni də qalmaz...”

23 Dekabr 2021 10:21
Bəyəndim (0) Bəyənmədim (0)

“Hətta Ermənistanın Azərbaycanla sərhədindəki kəndlərdə də bir erməni qalmayacaq...”

Bilirik ki, 44 günlük savaşdan sonra Şuşa rayonunun yalnız mərkəzi və Daşaltı kəndi faktiki olaraq Azərbaycan dövlətinin və ordusunun nəzarətindədir. Qalan 36 kənd və bir qəsəbə isə, eləcə də Kiçik Kirs dağı(2346 metr) Rusiya hərbçilərinin nəzarətində olsa da, həmin məntəqələrin azı 6-da(Turşsu qəsəbəsi, Malıbəyli, Böyük Qaladərəsi, Kiçik Qaladərəsi, Sarıbaba, Göytala kəndləri) ermənilər yaşayır və o yerlərdə qanunsuz silahlı qüvvələr var. Belə olan halda, yəni Rusiya hərbçiləri rayon ərazisindən, həmçinin Laçın dəhlizindən çıxmamış və digər məntəqələrimiz üzərində yurisdiksiyamız tam bərpa olunmamış soydaşlarımız Şuşaya qayıdıb orada təhlükəsiz, rahat yaşaya biləcəklərmi?..

Oxuməni.az xəbər verir ki, mövzu ilə bağlı Moderator.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev bunları söyləyib:

“İnşallah, şuşalılar da rahat qayıdıb öz torpaqlarında məskunlaşacaq. Əgər fikir verdinizsə, Şarl Mişellə görüşdə bir məsələni qaldırdı ki, biz BMT-nin qaçqınlar komissarlığına müraciət etdik ki, onlar köçkünlərin öz torpaqlarına qayıtmasında bizə dəstək olsun. Ancaq, gəlin açıq danışaq, tutaq ki, köçkünləri qaytardıq yerləşdirdik. Bunların işlə təminatı yox, təhlükəsizliklərini Rusiya hərbçilərinin boynuna qoysaq da, onlara güvənmək olmaz. Biz gərək əvvəlcə Şuşaya yerləşək, Kəlbəcərə, Laçının kəndlərinə yerləşək. Bu proses hardasa, ən tezi yaxın 3-5 ilə başa gələcək. Həmin müddətdə də artıq Rusiya sülhməramlılarının 5 ili tamam olacaq. Onların da növbəti 5 il müddətinə qalmasını əvvəlcə Ermənistan istəməyəcək, sonra da biz. Ona görə də bir az səbirli olmalıyıq. Şimal ayısını qızışdırmağa ehtiyac yoxdur. Putin də çox aqressivdir. Yəni biz qazandığımız uğurları hansısa şəxsi bir qədər uzaggörməyən ambisiyalarımıza qurban verə bilmərik. Onsuz da Rusiyanın qənimləri var. Bayden Ağ Evdə oturub işini görür. Avropa Şurası da bu istiqamətdə işləyir. Yəni görünən odur ki, həm NATO, həm də AŞPA xətti ilə Baydeni qızışdırırlar. Və birlikdə Rusiyanın üzərinə gəlirlər. Hələ biz bilmirik ki, yaxın 6 aydan sonra hansı proseslər baş verə bilər. Ona görə də indiki şəraitdə dəliyə daş atmağın xeyri yoxdur. Biz öz siyasətimizi aparmalıyıq... Şuşanın, Laçının kəndlərinə də qayıdacağıq. Çünki ermənilərin çoxu o kəndlərdə zor gücünə, məcburən qalıb, yaşamaq üçün minimal şəraitləri də yoxdur. Biz Kəlbəcərin, Laçının kəndlərinə qayıdandan sonra Laçın şəhərində, hətta Rusiya “dəhliz”dən çıxmasa belə, bir erməni qalmayacaq. Hər bir erməninin yanında bir rus əsgəri dursa da, qaçacaqlar. Çünki o zonanın camaatının qeyrətinə ermənilər bizdən də yaxşı bələddir... Laçının cəmi 5-6 kəndinin əhalisi öz yerinə qayıtsa, hətta Ermənistanın Azərbaycanla sərhədindəki kəndlərdə də bir erməni qalmayacaq... Mən 1988-1990-cı illərin əvvəlində Laçındakı, Şuşadakı hadisələrin şahidi kimi deyirəm bunları... Laçınlıların xarakterinə, qeyrətinə yaxşı bələdəm...Vaxtilə Naxçıvan Respublikasının da əhalisinin 35 faizi Rusiya tərəfindən oradan–buradan köçürülmüş ermənilər idi. Lakin Naxçıvan camaatı bu məsələni özü sakitcə həll etdi. Ermənilər də bu məsələləri yaxşı anlayır...” - deyə politoloq vurğulayıb.