Qarabağda yarımçıq qalan işimiz  – Növbəti ildə Rusiya-Azərbaycan toqquşması ola bilərmi?

Qarabağda yarımçıq qalan işimiz – Növbəti ildə Rusiya-Azərbaycan toqquşması ola bilərmi?

30 Dekabr 2021 15:54
Bəyəndim (0) Bəyənmədim (0)

Başa çatmaqda olan 2021-ci il Azərbaycan üçün necə keçdi? Hakimiyyət 44 günlük müharibə əldə olunan zəfəri diplomatik, siyasi müstəvidə qoruyub-saxlaya, davam etdirə bildimi? Nəhayət, mürəkkəb geosiyasi vəziyyətdə Azərbaycan xarici siyasət prioritetlərini həyata keçirə bildimi?

Bu suallara cavab axtardıqca cari ilin mənzərəsini tam olaraq təsəvvür etmək olar. Ona görə də 12 ayda baş verən mühüm hadisələrə diqqət yetirək.

2021-ci ildə Azərbaycan dövlətinin və cəmiyyətinin başlıca mövzusu yenə Qarabağdır. Çünki 44 günlük müharibədə qazanılan zəfər məlum səbəblərdən münaqişəni tam olaraq həll edə bilməyib. 10 noyabr üçtərəfli bəyanatının bir neçə bəndi yerinə yetirilməyib. Nəticədə Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətində olan ərazilərdə Azərbaycanın suverenliyi təmin olunmayıb, işğalçı ordunun qalıqları bölgədə qalır, Laçın dəhlizində dövlət sərhədi nəzarətsizdir, habelə separatçı erməni azlığı Moskvanın açıq dəstəyi ilə cinayətkar fəaliyyətini davam etdirir.

Amma bununla belə Azərbaycan aşağıdakı bir neçə vacib uğura imza ata bilib:

1. Qarabağın statusu məsələsi tamamilə beynəlxalq gündəmdən çıxarılıb və nəticədə Ermənistanın Baş naziri Qarabağın gələcək taleyinin Azərbaycan Konstitusiyası çərçivəsində həll olunacağını qəbul edib.

2. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin toxunulmazlığı bütün beynəlxalq oyunçular tərəfindən qəbul edilib.

3. İl ərzində Qarabağ ətrafında və dövlət sərhədində baş vermiş bütün hərbi toqquşmalarda Azərbaycan Ordusunun birmənalı hərbi üstünlüyü nümayiş etdirilib.

4. Gorus-Qafan yolunun Qubadlı rayonu istiqamətindən keçən 21 kilometrlik hissəsinə sərhəd, gömrük nəzarəti bərpa olunub.

5. Zəngəzurdan Naxçıvan Muxtar Respublikasına çəkiləcək dəmir yolu və avtomagistralla bağlı Ermənistanla siyasi razılaşma əldə olunub.

6. Azərbaycan Silahlı Qüvvələrinin Türkiyənin dəstəyi ilə yenidən komplektləşdirilməsi, işğaldan azad edilən ərazilərdə yeni hərbi hissələrin yaradılması, ordunun hərbi arsenalının müasir silahlarla zənginləşdirilməsi istiqamətində vacib işlər görülüb.

Qeyd edək ki, Ermənistanda gedən daxili mübarizədən Baş nazir Nikol Paşinyanın qalib çıxması, erməni cəmiyyətinin ona birmənalı dəstək verməsi rəsmi İrəvanın bundan sonra reallığa daha yaxın mövqe tutmasını şərtləndirir. Bu da Azərbaycanın işini xeyli asanlaşdırır. Həm Ermənistanda, həm Rusiyada, həm də Qərbdə obyektiv təhlilçilər bildirirlər ki, bundan sonra Qarabağ münaqişəsini davam etdirməyin heç bir perspektivi yoxdur.

Əvvəla, müharibədən darmadağın olaraq çıxan Ermənistanın bu oyunu davam etdirmək üçün nə siyasi, nə iqtisadi, nə də hərbi resursları var.

İkincisi, Qərb Paşinyanın dediyi kimi bu münaqişədən yorulub və ermənilərin yalvarışlarına qulaq asmaq istəmir. Qərb paytaxtlarında Baş nazirə açıq şəkildə deyirlər ki, Azərbaycanla dil tap və ölkəni bu münaqişədən çıxar.

Üçüncüsü, erməni lobbisinin əsas hissəsi də bu mövqeni bölüşür, çünki münaqişənin davamı Ermənistanın bir dövlət kimi daha da zəfiləyərək sıradan çıxaracağını anlayır. Təkcə bir faktı xatırladaq ki, 2021-ci ildə Ermənistanı 103 min nəfər birdəfəlik tərk edib.

Nəhayət, "böyük qardaş" Rusiya ilə münasibətlər 180 dərəcə dəyişib, indi Moskva əvvəlki kimi Ermənistanı deyil, orada hakimiyyətə müxalif olan, nüfuzdan düşmüş Qarabağ klanını dəstəkləyir. Erməni cəmiyyətinin əsas qüvvələri ilə Rusiyanın maraqları toqquşur, bu gün Paşinyan böyük çoxluğun nümayəndəsi kimi Kremlin boyunduruğundan yaxa qurtarmağa çalışır. Eyni zamanda Qarabağdakı separatçıların bütün iqtisadi, siyasi yükünü Moskvaya yükləyib regionda yeni səhifə açmağı, Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmağı hədəfləyib.

Beləliklə, Qarabağ problemi getdikcə daha çox Rusiya-Azərbaycan probleminə çevrilməyə başlayır. Paşinyanın Azərbaycan Prezidentinin Laçın dəhlizinə nəzarəti təmin edəcəyi barədə xəbərdarlığına reaksiya verməməsi də bu siyasətin təzahürüdür. Yəni Xankəndi və ətraf ərazilərdəki erməni azlığının taleyinin necə olması Paşinyanı az maraqlandırır. Elə onun təmsil etdiyi erməni çoxluğu da belə düşünür. Yeri gəlmişkən, Ermənistanda keçirilən ictimai sorğuların birində məlum olmuşdu ki, ermənilərin 80 faizi ötən 30 ildə ümumiyyətlə Qarabağa getməyiblər.

Bəs, Azərbaycan Rusiya ilə Qarabağ məsələsini çözməyə hazırdımı?

Moskva 10 noyabr bəyanatına imza ataraq faktiki münaqişənin tərəflərindən birinə çevrilib. Kreml həm vasitəçi, həm tənzimləyici, həm də öz maraqlarının ifadəçisi kimi çıxış edir. Əlbəttə, öndə maraqlar gəlir və bu, regionda hərbi-siyasi nəzarəti təmin etmək üçün Qarabağda hərbi qüvvələr saxlamağı diqtə edir. Hazırda bu qüvvələr sülhməramlı missiyası ilə bölgədədirlər, amma onların mandatını legitimləşdirmək üçün münaqişənin yarımqaynar formada davam etdirilməsi, ənənəvi düşmənçilik atmosferinin qalması lazımdır.

Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyacağının anonsunu verməklə Moskvanın niyyətlərini xeyli məhdudlaşdırır. Çünki ərazi iddiası ortadan qaldırılır, onun yerini sərhədlərin dəqiqləşdirilməsi prosesinin tutması bu zonada hərbi toqquşma ehtimalını aşağı salır. Eyni zamanda Brüssel görüşündə Azərbaycan və Ermənistan liderlərinin birbaşa təmas imkanı yaranıb, həmçinin müdafiə nazirləri arasında da rabitə yaradılıb. Əgər sərhədlərdə qarşıdurma olacaqsa, üçüncü qüvvənin barmağı dərhal görünəcək və bu da Rusiya üçün xoşagələn vəziyyət deyil. Ehtimal ki, bundan sonra hərbi toqquşma cəhdləri ancaq müharibədən sonra yaranan təmas xəttində baş verə bilər. Bu ərazilərdə hazırda erməni silahlı qüvvələrinin bir hissəsi qalır, amma yaxın perspektivdə Moskvanın dəstəyi ilə onları "dqr-ın müdafiə ordusu" əvəzləyə bilər. Çox güman, Nikol Paşinyan Azərbaycanın tələbinə uyğun olaraq Qarabağda dislokasiya olunmuş erməni hərbi birləşmələrinin çıxarılması haqda qərar verəcək.

Kremlin regionda təsvir olunan bu maraqları təbii ki, Azərbaycana xeyli əngəllər yaradır. Məsələn, Laçın dəhlizində dövlət sərhədinə nəzarətin bərpa olunması ən vacib məsələdir, Ermənistan Zəngəzur dəhlizi ilə onu “barter etməyə” razılaşmayıb və Bakı ən qısa müddətdə bu yolda sərhəd-keçid məntəqəsi qurmalıdır. 10 noyabr bəyanatında da Laçın yolunda təhlükəsiz hərəkətin məsuliyyəti Azərbaycanın üzərinə qoyulub. Son illər Xankəndində on milyonlarla dollar xərcləyən, orada Rusiya hakimiyyət orqanlarının filiallarını yaradan, rus icması formalaşdıran Moskva bu nəzarətin Azərbaycanın əlinə keçməsinə razı olmayacaq.

Ola bilər ki, daha geniş müstəvidə Bakının xarici siyasət piroritetlərindən güzəştlər tələb etsin. Məsələn, Avrasiya İqtisadi İttifaqına üzvlük! Bu addımın atılmasına artıq siyasi maneə qalmayıb. Çünki Ermənistanın Baş naziri son çıxışlarının birində bəyan edib ki, Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyünə qəbul edilməsinə etiraz etməyəcək. Hər halda qarşıdakı ildə Azərbaycan-Rusiya münasibətlərinin əsass piroritetləri bu iki məsələnin - Qarabağa nəzarət və geosiyasi seçim olacağı ehtimal olunur.

2021-ci il Azərbaycanın xarici siyasətində Türkiyə, Böyük Britaniya, İsrail və Pakistanla əməkdaşlığın dərinləşdirilməsi baxımından da uğurlu olub. Bu əməkdaşlıq avqust-sentyabr aylarında İranla müharibə hədələrinə qədər dərinləşən konfliktdən Bakının üstün durumda çıxmasını şərtləndirib. Azərbaycanın geri çəkilməməsi həm daxili, həm də beynəlxaq ictimai rəydə ona dividentlər qazandırıb.

Türkiyə ilə münasibətlərdə dinamika iki ölkənin strateji müttəfiqliyini daha da möhkəmləndirib. Şuşa bəyənnaməsinin imzalanması, Azərbaycanda ordu quruculuğuna, müdafiə-təhlükəsizlik sektoruna Ankaranın birmənalı dəstəyi hər iki ölkənin regionda mövqelərini daha da möhkəmləndirib. Enerji sahəsində əməkdaşlıq daha qabarıq rəqəmlərlə nəzərə çarpır. Məsələn, Azərbaycan bu il hasil etdiyi qazın 52.5 fazini Türkiyəyə satıb, ticarət dövriyyəsinin həcmi 5 milyard dollara çatır.

2021-ci ildə xarici siyasətdə "axsayan" sahə Avropa İttifaqı (Aİ) ilə münasibətlərdəki durğunluqdur. Rəsmi Bakı bu qurumla Tərəfdaşlıq Sazişini imzalamağa tələsmir, Dünya Ticarət Təşkilatına üzvlüklə bağlı qərar vermir, habelə Şərq Tərəfdaşlığı proqramının imkanlarından yararlanmaq istəmir. Bu da sonucda Azərbaycanı İttifaqın irihəcmli maliyyə yardımlarından kənarda qoyur. Xatırladaq ki, bu il Aİ proqram çərçivəsində Gürcüstana 5, Ermənistana 2.6 milyard avro ayırıb. Azərbaycanın alacağı vəsait isə cəmi 160 milyon avro təşkil edir.

Bakı-Brüssel münasibətlərinin inkişafı Azərbaycan üçün çox vacibdir, xüsusən, Rusiya ilə qarşıda gözlənilən mürəkkəb danışıqlarda Qərbin dəstəyi hava-su kimi lazımdır... Azpolitika.info