Paşinyanın Azərbaycanla sərhəd danışıqlarına əngəl yaradan təklifi

Paşinyanın Azərbaycanla sərhəd danışıqlarına əngəl yaradan təklifi

25 Yanvar 2022 15:10
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən ilin sonlarında – əvvəlcə noyabrın 26-da Soçidə, daha sonra dekabrın 14-də Brüsseldə aparılan danışıqlar belə gözləntilər yaratmışdı ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyasına dair komissiya tezliklə formalaşdırılacaq. Və Rusiyanın iştirakı ilə (hansı ki, sərhədlərin delimitasiyası və sonradan demarkasiyası üçün ən dəqiq xəritələrin məhz Rusiya Silahlı Qüvvələrinin Baş qərargahında saxlanıldığı deyilir, - red.) sərhəd danışıqları 2022-ci ilin əvvəllərində nəhayət başlayacaq. Çünki hər iki danışıqlar zamanı səslənən bəyanatlar tərəflərin sərhəd komissiyasının tezliklə formalaşdırılması məsələsində ümumi razılığa gəldiklərini təsdiqləyirdi.

Belə görünürdü ki, birgə komissiyanın formalaşdırılması və danışıqların başlaması üçün ciddi maneə qalmır. Hansı ki, bu danışıqların başlaması iki ölkə sərhədinin Laçın-Kəlbəcər istiqamətində ötən ilin yazından başlayan, vaxtaşırı olaraq toqquşmalarla müşaiyət olunan gərginliyin aradan qaldırılmasına imkan yarada, nəticədə Ermənistanla Azərbaycan arasında yekun sülh razılaşmasının əldə edilməsində irəliləyişlərə səbəb ola bilərdi.

Lakin yeni ilin ilk həftələrindən vəziyyət ilk baxışdan anlaşılmaz şəkildə dəyişməyə başladı. Əvvəlcə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirdi ki, (yeri gəlmişkən, Rusiya rəsmiləri də hər fürsətdə tərəfləri sərhədlərin delimitasiyasına dair danışıqlara tezliklə başlamağa çağırır, bu məsələdə Moskvanın kömək etməyə hazır olduğunu təkrarlayır, - red.) Ermənistan tərəfinin sərhəd danışıqlarının başlaması üçün “bəzi təklifləri” var. Və Rusiya həmin təklifləri Azərbaycan tərəfinə təqdim edib.

Bu “bəzi təkliflər” nədən ibarət idi və haradan meydana çıxmışdı? Axı nə Soçi, nə Brüssel görüşlərindən sonra səslənən bəyanatlarda sərhəd komissiyasının formalaşdırılması və danışıqların başlaması üçün hansısa ilkin şərtlərin olduğu göstərilmirdi?

Lavrovun ardınca Ermənistan rəsmiləri bu “bəzi təkliflərin” məğzini açıqladı və orada bildirilirdi ki, danışıqların başlaması üçün gərək qoşunlar sərhəddən “güzgü prinsipi” ilə geri çəkilsin. Rəsmi Bakı bu təklifə öz münasibətini ləngimədən, amma mümkün qədər təmkinli və diplomatik formada açıqladı, bildirdi ki, Azərbaycan tərəfi sərhəd danışıqlarının başlanması üçün hər hansı ilkin şərti qəbul etmir. Bu danışıqlar ilkin şərtlər irəli sürülmədən başlanmalıdır. Aydın idi ki, Azərbaycan tərəfi qoşunların “güzgü prinsipi” ilə geri çəkilməsi kimi mənasız ideyanı müzakirə belə etmək niyyətində deyil. Elə Ermənistan müxalifəti də bu ideyanı sərsəm və mənasız adlandırdı, bildirdi ki, qoşunların sərhəddən geri çəkilməsi ideyasını həyata keçirmək mümkün deyil, çünki Azərbaycan tərəfi bunu heç vaxt qəbul etməz.

Amma həmin ideya baş nazir Nikol Paşinyanın dünənki mətbuat konfransında bir daha irəli sürülüb. Doğrudur, Paşinyan ehtiyatlı olmağa çalışıb və söhbətin danışıqlar üçün ilkin şərtlərdən deyil, sadəcə olaraq təkliflərdən getdiyini bildirib. Amma vurğulayıb ki, sərhəd danışıqlarının başlaması və birgə komissiyanın formalaşması üçün qoşunların “güzgü prinsipi” ilə geri çəkilməsi vacibdir. Paşinyan həmin təkliflərin yeni olmadığını, onları 2021-ci ilin mayından səsləndirdiyini deyib.

Azərbaycan tərəfinin Paşinyanın bu bəyanatına reaksiyası hələ məlum deyil, amma aydındır ki, rəsmi Bakı qoşunların “güzgü prinsipi” ilə geri çəkilməsinə dair hər hansı təklifi müzakirə etməyəcək. Çünki bu təklif indiki situasiyada ancaq Ermənistanın maraqlarına cavab verir. Məsələ bundadır ki, ötən ilin mayından, dağlarda qalın qar örtüyünün əriməsindən etibarən Azərbaycan ordusu Laçın və Kəlbəcər istiqamətində sovet dövrü sərhədlərinə çıxdı və oradakı bütün strateji mövqelərdə möhkəmləndi. Əvvəlcə qoşunlarımız sürətli yürüş-həmlə edərək Laçın rayonundakı Qaragöl ətrafındakı bütün hakim yüksəklikləri tutdu və bu, Ermənistanın 44 günlük müharibədə darmadağın edilmiş ordusunun qalıqlarının həmin istiqamətdə bütün hərəkət qabiliyyətini məhdudlaşdırdı. Ardınca Azərbaycan ordusu Kəlbəcərin Alagöllər istiqamətindəki strateji mövqelərdə möhkəmləndi. Ermənistan ordusunun qalıqlarının bu istiqamətdə dəfələrlə təxribat törədərək əlverişli mövqelər tutmaq cəhdlərinin hamısı iflasa uğradı-qarşı tərəf itkilər verdi və əsgərləri əsir alındı.

Nəhayət noyabrın ortalarında Azərbaycan ordusunun bölmələri növbəti sürətli yürüş-həmlə həyata keçirərək Şərqi-Göyçə silsiləsi boyu strateji yüksəklikləri tutdu, Qatarqaya (3008.5 m), Dəmirdağ (2900.9 m), Qumurdağ (3036.9 m) və Kömürdağ (3051.8 m) yüksəkliklərində, həmçinin silsilə boyunca digər bitişik strateji yüksəkliklərdə mövqelər qurdu. Bununla Yuxarı Şorca və Aşağı Şorca kəndləri üzərində, eyni zamanda, Qərbi Azərbaycanın Daşkənd kəndi istiqamətdəki yeganə yolda vizual və atəş nəzarəti sahəsi genişləndirildi. Paralel olaraq Azərbaycan ordusunun bölmələri dövlət sərhədinin şimal istiqamətində Şərqi Göyçə silsiləsi ilə irəliləyib, cinahdan kəskin manevrlə Kilsəlidağa (2794 m) çıxıb və Böyük İşıqlı dağ yüksəklikləri boyu möhkəmlənib. Bu yüksəkliklərin tutulması sayəsində Ermənistanın Azad, Zərgərd, Zod və Nərimanlı kəndlərinə, həmçinin Basarkeçər-Zod (Vardenis-Sotk) avtomobil yolunun 12 kilometrlik hissəsi ordumuzun vizual və atəş nəzarəti altına düşüb. Həmin əməliyyat zamanı erməni tərəfi itirdiyi mövqeləri geri almaq üçün cəhdlər etsə də növbəti iflasla üzləşdi, çoxlu itkilər və əsirlər verdi.

İndi belə çıxır ki, Paşinyan sərhəd danışıqlarının başlanması üçün Azərbaycan qoşunlarının sərhəd boyu bütün bu strateji mövqelərdən geri çəkilməsini faktiki olaraq şərt kimi irəli sürür. Bu isə danışıqların başlanmasını bəribaşdan şübhə altına almaq deməkdir. Əcaba, Paşinyanın bu intriqası haradan qaynaqlanır? Onda belə cəsarət haradandır ki, hansısa ilkin şərtlər irəli sürür və Moskva, daha sonra Soçi prosesində Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə əldə edilmiş nəticələri təftiş edir?

Əsas versiya budur ki, Paşinyan bu cəsarəti KTMT-nin Qazaxıstanda həyata keçirdiyi əməliyyatdan alıb. O, KTMT qoşunlarının Qazaxıstana yeridilməsi barədə müzakirələrə cəlb olunub, taleyin ironiyasına bax ki, özü də bu qərara imza atıb. Çünki təsadüfdən Qazaxıstan hadisələri ilə demək olar eyni vaxtda- yanvarın 1-dən etibarən KTMT Şurasında Paşinyanın bir illik sədrlik dövrü başlamışdı. Hansı ki, cəmi bir neçə ay əvvəl Paşinyan və onun komandasının üzvləri sərhəd toqquşmaları zamanı panik şəkildə KTMT-ni köməyə çağırır, amma müsbət cavab ala bilmir və Ermənistanın “digər tərəfdaşlara” (yəni NATO və ya ayrılıqda götürdükdə Fransaya, ABŞ-a) üz tuta biləcəyi haqda bəyanatlar verirdilər.

KTMT üçün Paşinyan yad ünsürə çevrilmişdi. İndi isə budur, Qazaxıstan hadisələri və KTMT-nin məlum əməliyyatı Paşinyanda Ermənistanın üzv olduğu blokun perspektivlərinə hansısa ümidlər, illüziyalar yaradıb. Əslində isə Ermənistanın təhlükəsizliyi üçün ən sanballı təminat KTMT yox, Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası, yekun sülh razılaşmasının əldə olunmasıdır.

Ola bilsin Paşinyanın Rusiya vasitəsilə çatdırdığı həmin təkliflər sərhəd danışıqlarının başlanmasını qeyri-müəyyən müddətə ləngitsin. Amma bundan uduzan kim olacaq? Birmənalı şəkildə Ermənistan. Çünki yuxarıda deyildiyi kimi, Azərbaycan istər Zəngilan və Qubadlı, istər Laçın və Kəlbəcər istiqamətlərində dövlət sərhədlərini öz gücü ilə bərpa edib, bütün hakim yüksəklikləri tutub və sərhədlərin müəyyən edilməsinin hüquqi prosedurlarının, delimitasiya və demarkasiyanın ləngiməsindən heç nə itirməyəcək.virtualaz.org