Razi Nurullayevdən sərt ittiham: Vəzifəli şəxslərin əksəriyyəti yalan danışır, yaltaqlıq edir...

Razi Nurullayevdən sərt ittiham: Vəzifəli şəxslərin əksəriyyəti yalan danışır, yaltaqlıq edir...

26 Yanvar 2022 14:50
Bəyəndim (0) Bəyənmədim (0)

Milli Məclisin deputatı Razi Nurullayev deputatların xalqa qoşulub, onların sözünü dedikləri halda vəzifələrinə xəyanət etmiş olduqlarını bildirib.

Oxuməni.az xəbər verir ki, bu barədə millət vəkili "Facebook" səhifəsində yazıb.

"Hər kəsin dilində bu söz var: "bu ölkə düzəlməyəcək". Mən də hərdən deyirəm ki, "elədir ki, var" və dediyim sözə görə xəcalət çəkirəm, utanıram, ölüb yerə girirəm. Çünki bunu sadə vətəndaş deyə bilər, bizlər yox. Biz isə mübarizə aparıb əksini sübut etməliyik. Xalq bizdən nəticə və sosial rifah gözləyir, biz də xalqa qoşulub onun dediyini deyəndə vəzifəmizə xəyanət etmiş oluruq. Bu da məndən bir səmimiyyət", - R.Nurullayev qeyd edib.

Deputat onu da bildirib ki, vəzifəli şəxslərin əksəriyyəti yalan danışır, yaltaqlıq edir, özündən aşağı olanlara isə nökər kimi baxır: "Nə qədər yalan danışmaq olar? Siz hər yalan danışdıqca millət daha da kasıblaşır, ərzaq daha da bahalaşır. Amma mənə ən çox toxunan budur ki, siz Prezident İlham Əliyevə də yalan deyirsiniz, yalanlara inandırırsınız. Elə yalanlar ki, o yalanların üstü açılsa, qasırğa qopar, tufan olar, Bakıya bir metr qar yağar, Kürdəmirdə Amazon meşələri əmələ gələr".