“Teknofest”in görünməyən tərəfləri: hava məkanımızı Türkiyə ilə birgə qoruyacağıq

“Teknofest”in görünməyən tərəfləri: hava məkanımızı Türkiyə ilə birgə qoruyacağıq

1 İyun 2022 17:25
Bəyəndim (0) Bəyənmədim (0)

May ayının sonunda Bakıda keçirilmiş “Teknofest” festifalı hələ də diqqət mərkəzindədir. Azərbaycan paytaxtı hərbi sənaye, rabitə-kommunikasya, müasir İT texnologiyaları məhsullarının nümayiş məkanına çevrilib. Eyni zamanda, Türkiyə və Azərbaycan hərbi hava qüvvələrinin aviasiya şouları diqqət çəkir.

Amma “Teknofest”in Azərbaycanda elmin inkişafı və vətənpərvərliyin təbliği tərəfləri ilə yanaşı, ictimai diqqətdən kənar qalan hərbi-siyasi elementləri də maraq doğurur. Belə ki, həmin günlərdə türk hərbi-sənaye müəssisələrinin təmsilçiləri Bakıda rəsmi dövlət nümayəndələri ilə müxtəlif görüşlər keçirir, müasir avadanlığın ölkəyə gətirilməsi, tətbiq sahələri və Türkiyə-Azərbaycan müttəfiqlik əlaqələri çərçivəsində birgə istifadəsi mövzusunda müzakirələr aparılır. Bəzi məlumatlara görə, bu görüşlərdə ikili təyinatlı radio-elektron avadanlığın alınmasına və Azərbaycanın cənub sərhədlərinin, habelə Xəzər dənizi akvatoriyasının qorunmasında onlardan istifadə məsələlərinə xüsusi diqqət yetirilir. Qeyd edilən müasir radiolokasiya sistemlərinin Lənkəran şəhərinin və Yardımlı rayonunun strateji cəhətdən əlverişli ərazilərində yerləşdirilməsi planlaşdırılır.

Azərbaycanın hava məkanı Türkiyə ilə birgə qorunacaq...

II Qarabağ müharibəsindən sonra Azərbaycan Ordusunun strukturunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması, yeni hərbi hissələrin yaradılması, hərbi təhsil sisteminin təkmilləşdirilməsi işi sürətlə aparılır. Artıq həmin prosesə Azərbaycanın Hərbi Hava Qüvvələri də cəlb edilib.

Bəzi məlumatlara görə, Azərbaycanın İranla sərhəd ərazilərində hava məkanının mühafizəsinin Türkiyə hərbiçiləri ilə birgə təşkil olunmasına başlanmışdır. İlkin mərhələdə “Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində ölkəyə gətirilən hava hücumundan müdafiə və hava kəşfiyyatı avadanlığının, xüsusilə ASELSAN şirkətinin istehsalı olan məhsulların Lənkərandakı hərbi hissədə, növbəti mərhələdə isə bu sistemin bəzi elementlərinin Fizuli rayonu istiqamətində yerləşdiriləcəyi bildirilir. Sözügedən hərbi stansiyanın başlıca təyinatı kimi İran və Ermənistan üzərindən Azərbaycana, eləcə də Türkiyəyə qarşı yönələcək təhdidlərin neytrallaşdırılması, habelə Lənkəran, Füzuli və inşa edilməkdə olan Zəngilan və Laçın hava limanlarının təhlükəsizliyinin təmin edilməsi müəyyənləşdirilib.

Eyni zamanda, cənub sərhədlərinin mühafizəsində Türkiyə və İtaliyanın birgə istehsalı olan “T-129 Atak” tipli helikopterlərin Azərbaycana verilməsi də gündəlikdədir. Bu məqsədlə İranla sərhədboyu ərazidə münasib infrastrukturun yaradılmasına hazırlıq gedir.

Qeyd edilməlidir ki, hələ II Qarabağ müharibəsindən əvvəl qonşu ölkələrdən qaynaqlanan təhlükələrin neytrallaşdırılması məqsədilə hərbi təlimlərdə iştirak üçün Türkiyədən Naxçıvana gətirilmiş hərbi kontingentin və texnikanın əksər hissəsi Muxtar Respublikanın ərazisində saxlanılmışdı. Türkiyənin "F-16" qırıcıları üçün əsas dislokasiya məntəqələrindən biri kimi isə Lənkəran hava limanı seçilmişdi. Musavat.com