Qarabağda növbəti erməni təxribatı: “Səbəbkar rus sülhməramlılarıdır“

Qarabağda növbəti erməni təxribatı: “Səbəbkar rus sülhməramlılarıdır“

6 İyun 2022 13:38
Bəyəndim (0) Bəyənmədim (0)

“Bu təxribatların həyata keçirilməsində sülhməramlılarının da əli var”.

Oxuməni.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Samir Hümbətov Yenisabah.az-a açıqlamasında deyib.

O, Rusiya sülhməramlıların müvəqqəti nəzarətində olan Şuşa rayonunun Kiçik Qaladərəsi (Kirov) kəndi istiqamətində ermənilərin Azərbaycan yük maşınlarının qarşısını kəsməsi faktını şərh edib.

“Niyə bu faktlarınn üstündən keçməliyik?! Bu təxribatların baş verməsində bilavasitə sülhməramlıların səbəbkar olduğunu düşünürəm. Çünki həmin ərazidə nəzarət funksiyasını yerinə yetirən, eləcə də separatçı rejimi himayə edən, altdan-altdan silah-sursatla təmin olunmasını həyata keçirən onlardır. Nə qədər ki, Rusiyanın bölgədəki qoşunları neytral vəziyyətə gətirilməyib, belə təxribatlar çox olacaq”.

Samir Hümbətov əlavə edib:

“Əlbəttə, danışıqlar aparılmalıdır, danışıqlar vasitəsilə Ermənistan-Azərbaycan arasında razılıq əldə ediləndən sonra artıq proseslər yeni bir mərhələyə keçə bilər. Nikol Paşinyan danışıqları bilavasitə özünün apardığını Araik Arutyunyanı başa salmalıdır. Bundan sonra bölgədəki separatçı rejim geri addım ata bilər.

İndiki halda isə Qarabağdakı rus qoşunları müəyyən vasitələrlə, istənilən formada təxribatı həyata keçirə bilər və bunu edir də”.

Siyasi şərhçi Brüssel görüşündən sonra Rusiyanın narahatlığını da qeyd edib:

“Görüş 3 dəfə keçirilib. Hər üçündə də Rusiya tərəfindən narahatlıq və narazılıq var. Bunu da hər hansı bir formada büruzə verməyə çalışırlar. O, problemin həll olunmasını istəmir”.

“Paşinyanla danışmalıyıq. Əgər diplomatik müstəvidə uğurlu bir nəticə əldə edə biləriksə, Rusiya hərbçilərinin fəaliyyəti zəifləyəcək. Rus hərbçilərinə də başa salmalıyıq ki, əgər bölgənin erməni əhalisinə Azərbaycana qarşı olan hər hansı bir hərəkətə icazə versəniz, bu, mövcudluğunuza problem olacaq”, - deyə müsahibimiz fikirlərini yekunlaşdırıb.