“Ona “cani”, ya da “qatil” deməyəsən, bəs nə deyəsən?!“

“Ona “cani”, ya da “qatil” deməyəsən, bəs nə deyəsən?!“

7 İyun 2022 17:01
Bəyəndim (0) Bəyənmədim (0)

“Haqdan, ədalətdən və şərəfdən danışmalı olan ən sonuncu adam Dmitri Medvedyevdir”.

Oxuməni.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Zərdüşt Əlizadə Yenisabah.az-a açıqlamasında deyib.

O, Rusiya Təhlükəsizlik Şurasının katibi Dmitri Medvedyevin Qərb barəsində səsləndirdiyi təhqiramiz ifadələrə münasibət bildirib.

Xatırladaq ki, Medvedyev “Telegram” kanalında bu barədə qeyd edib:

“Məndən tez-tez soruşurlar ki, niyə “Telegram” yazılarım bu qədər kəskindir. Cavab verirəm: Onlara nifrət edirəm. Əclaf və şərəfsizdirlər. Onlar ölməyimizi istəyirlər ki, Rusiya məhv olsun. Nə qədər ki, yaşayıram, onların yox olması üçün əlimdən gələni edəcəyəm!”

Öz növbəsində, Z. Əlizadə vurğulayıb:

“Yadınızdadırsa, ABŞ prezidenti Co Baydenə sual verdilər ki, siz Vladimir Putini qatil sayırsınız? Dedi ki: “Yes, I do”, yəni “Bəli, sayıram”.

Məgər qatildən ağır ittiham ola bilər?! Bayden Putinə qatil deyir, Putin də deyir ki, kim məni qatil adlandırırsa, qatil onun özüdür.

Amerikalılar onlara “cani”, “quldur” deyir, ruslar isə onlara “yalançı”, “ikiüzlü”, “şərəfsiz” və s. Münasibətlər o qədər korlanıb ki, ortada abır-həya qalmayıb”.

Z. Əlizadə siyasətçilərin arqo ifadələrin istifadəsini mənfi hal kimi qiymətləndirib:

“Bir siyasətçiyə bu cür danışıq, ümumiyyətlə, yaraşmaz. Amma elə hallar var, orada Putinə “cani”, ya da “qatil” deməyəsən, bəs nə deyəsən?! Başqa bir ifadə yoxdur. Çünki Putinin bütün hərəkətləri beynəlxalq cinayətə uyğundur. Günahsız insanların qətlə yetirilməsi, şəhərlərin, kəndlərin bombardman edilməsi, uşaq bağçaları, doğum evləri, məktəblər, yaşayış binalarının vurulması - bunlar hamısı faciədir. Ruslar ukraynalı əsgərləri, qadınları, uşaqları zorlayırlar, qarət edirlər. Bu hərəkətlərə nə demək olar?! Cinayət! Odur ki, burada siyasi mədəniyyətdən, hansısa aliməramlılıqdan və kübarlıqdan söhbət gedə bilməz”.

“Putinlə Qərb dünyası arasında indi ölüm-dirim davası gedir. Amma bunlar elə adamdır ki, sabah onlara 5 qəpiklik xeyir olsa, təzədən cici-bacı kimi görüşüb öpüşəcəklər.

Medvedev haqdan, şərəfdən danışmalı olan ən sonuncu adamdır. Onun ikiüzlülüyü bütün dünyaya bəllidir”, - deyə müsahibimiz fikirlərini yekunlaşdırıb.