“İrana, Rusiyaya verdiyimiz sərt cavabların arxasında bu sənəd dayanır” – Ekspertlər Şuşa Bəyannaməsinin bir ilini dəyərləndirir

“İrana, Rusiyaya verdiyimiz sərt cavabların arxasında bu sənəd dayanır” – Ekspertlər Şuşa Bəyannaməsinin bir ilini dəyərləndirir

15 İyun 2022 14:28
Bəyəndim (0) Bəyənmədim (0)

“Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”.

1 il əvvəl - 2021-ci ilin 15 iyununda işğaldan azad edilmiş Şuşa şəhərində Azərbaycan və Türkiyə liderlərinin imzaladığı müttəfiqliklə bağlı Şuşa Bəyannaməsindən götürülmüş bu fikirlər sənədin nə qədər böyük önəm daşıdığını aydın ifadə edir.

Ötən bir ildə hansı məsafə qət edilib, iki ölkə arasında həm regional, həm ikitərəfli münasibətlərdə, habelə beynəlxalq münasibətlərdə koordinasiyalı fəaliyyət nədən ibarət olub?

Oxuməni.az-ın verdiyi xəbərə görə, Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl "AzPolitika.info"ya şərhində bildirib ki, Türkiyə ilə Azərbaycan qardaş dövlətlərdir, hər zaman münasibətlərimiz ən yaxın səviyyədə olub: "Amma keçmişdə Türkiyə hökumətləri Azərbaycanın təhlükəsizliyi, xarici düşmənlərdən müdafiəsi məsələsində zəruri olan köməyi göstərməkdə tərəddüd ediblər”.

Ekspert vurğulayır ki, 44 günlük müharibə zamanı isə iki ölkə arasında konkret müttəfiqlik müqaviləsi olmasa da, Türkiyənin göstərdiyi hərbi-siyasi dəstək, xüsusilə Türkiyə Prezidentinin “bu savaşda üçüncü qüvvə olarsa, Türkiyə də tərəf olacaq” deməsi Azərbaycanın qələbəsini şərtləndirən amil oldu: "Bundan sonra de-fakto münasibətləri de-yure səviyyəsinə çatdırmaq zərurət halına gəldi. Bir il əvvəl isə imzalanan Şuşa Bəyannaməsi Azərbaycanı çox güvənli, arxalı, istənilən təhlükəyə sinə gərəcək bir ölkəyə çevirdi. Şuşa Bəyannaməsi Türkiyəyə də lazım idi, amma daha çox Azərbaycana hava və su kimi gərəkli idi. Bu bəyannamə bizi daha ürəkli etdi. Biz öz maraqlarımızı qorumaq üçün artıq çəkingən siyasət yürütmürük. Biz, dost olmayan Rusiya, İran kimi böyük dövlətlərlə, onların əlində alət olan kiçik Ermənistanla qonşuyuq. Bu dövlətlər hər fürsətdə Azərbaycanı təhdid altında saxlamağa çalışıblar".

İ.İsmayıl xatırladır ki, məhz Şuşa Bəyannaməsindən sonra Azərbaycan keçən ilin payızında İranla yaşadığı gərginliyə çəkinmədən cavablar verdi. Onun sözlərinə görə, İran əvvəllər təhdideci mövqelər sərgiləyəndə Azərbaycan çox çəkingən, ehtiyatlı cavablar verib.

"Keçən ilin payızında biz öz maraqlarımızı İran qarşısında cəsarətlə müdafiə etdik. Bu il Fərrux dağında baş verən insidentlə əlaqədar Rusiya Müdafiə Nazirliyinə dalbadal verdiyimiz sərt cavabların arxasında Şuşa Bəyannaməsi dayanır. Türkiyə və Azərbaycandan hər hansı birinə üçüncü ölkə tərəfindən təhlükə olarsa, bir-birini qorumaq üçün birgə addımlar atacaqlar. Bəyannamədəki bu bənd potensial xarici düşmənlərimizin başının üzərində əcəl zəngi kimi səslənir" – deyə, ekspert qeyd edib.

İndiki mürəkkəb geosiyasi durumda bu bəyannamənin Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir?

İlham İsmayıl bu suala cavabında deyib ki, mövcud geosiyasi durum daha çox Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə ilə səciyyələnir. Onun sözlərinə görə, müharibənin necə nəticələnəciyi hələ bir xeyli sual altındadır: "Rusiyanın postsovet məkanına olan təhdidi ortadadır. Beynəlxalq siyasi şərhçilər Rusiyanın növbəti hədəflərini sadalayanda çox vaxt Azərbaycanın adı çəkilmir. Səbəb Şuşa Bəyannaməsidir. Düzdür, Rusiya hələ də qoşunları ilə Azərbaycan ərazisindədir və asanlıqla Cənubi Qafqazda təsirini azaltmaq istəmir. Amma artıq daş yerindən tərpənib və Rusiyanın Azərbaycan ərazisində uzun müddət qalması real görünmür. Ona görə də perspektiv diplomatiyamız da Türkiyə ilə koordinasiyalı şəkildə aparılmalıdır. Türkiyənin Yunanıstanla bu günlərdə yaşadığı böhranın savaşa çevrilmə ehtimalı var. Azrbaycan Ordusu Şuşa Bəyannaməsinə əsasən müttəfiqi Türkiyənin yanında olmağa hazırdır. Yunan mediasında bir neçə gün əvvəl Azərbaycan xüsusi təyinatlılarının yunan adalarına çıxacağı barədə məlumatı onu göstərir ki, güclü Azərbaycan əsgəri də hər zaman rəsmi müttəfiqi Türkiyənin yanında olmağa hazırdır".

İlham İsmayıl əlavə edir ki, Şuşa Bəyannaməsinə görə Şuşada Türkiyənin baş konsulluğunun açılması da mühüm əhəmiyyət daşıyır. Bu, Şuşanın həm də birbaşa Türkiyə ordusunun müdafiəsində olduğunun hər kəsə bəyan edilməsidir.

"Şuşa Bəyannaməsinə əsaslanıb Azərbaycan Türkiyə ilə birlikdə Xankəndi probleminə də son nöqtəni qoymaq üçün koordinasiyalı intensiv diplomatik səylərini artırmalıdır"- deyə, o vurğulayıb.

Politoloq Fərhad Məmmədov da "AzPolitika.info"ya şərhində bildirib ki, Şuşa Bəyannaməsi 44 günlük müharibədən sonra regionda yeni geosiyasi reallıqlar çərçivəsində Azərbaycanın formalaşdırdığı regional təhlükəsizlik sisteminin ən önəmli hissəsidir: "Çünki nəzərə almaq lazımdır ki, bu bəyannamə müharibədən sonra imzalandı və simvolik olaraq Şuşa şəhəri seçildi. Bundan sonra Azərbaycan Rusiya ilə mahiyyətcə bundan dar, amma eyni zamanda müttəfiqlik sənədinə imza atdı. Bununla da Azərbaycan kiçik ölkə olaraq yerləşdiyi coğrafiyada təhlükəsizlik sistemi formalaşdırdı. Bu ona görə aktualdır ki, 20 il ərzində beynəlxalq təhlükəsizlik sistemi böhran içərisində idi. Ona cavabdeh olan BMT, ATƏT öz funksiyasını yerinə yetirə bilmirdi. Ona görə də kiçik ölkələr öz təhlükəsizlik sistemlərini formalaşdırmaq məcburiyyətində qalırdılar. Qarşıda iki yol vardı: ya geniş təhlükəsizlik sistemlərinə daxl olmaq - bu hərbi-siyasi bloklara daxil olmaq deməkdir, ya da öz coğrafiyasında bir təhlükəsizlik mühiti formalşdırıb onu institutlaşdırmaq lazım gəlirdi. Düşünürəm ki, Azərbaycan ikinci yolu seçərək, hər hansı böyük təhlükəsizlik sisteminə qoşulmayaraq region ölkələri ilə bu sistemin arxitekturasını formalaşdırdı. Bu, həm Şuşa bəyannaməsi, həm Rusiya ilə imzalanan müttəfiqlik sənədi, həm də 3+3 formatına daxil olmaqdan ibarətdir. Bütün bunlar Şuşa bəyannaməsindən sonra başladı və biz daha sonra inkişafın konturlarını görürük".

Bəyannamənin tətbiqinə gəlincə, ekspert xatırladır ki, ötən bir il ərzində Türkiyə və Azərbaycan institusional şəkildə inteqrasiya prosesini davam etdiriblər: "Burada həm dövlət qurumları arasında koordinasiyalı fəaliyyəti, həm də regionun digər ölkələri Gürcüstan və Qazaxıstanla nəqliyyat dəhlizlərinin koordinatlarının işlənib hazırlanmasını qeyd etmək olar. Bundan başqa, ötən 1 il ərzində Türkiyə Azərbaycanla qeyri-neft sahəsində ticarətini artıraraq bizim 1 nömrəli tərəfdaşımıza çevrilib. Eyni zamanda Azərbaycanın enerji resurslarının Avropaya çatdırılmasında Türkiyənin önəmli rolu var. Bu önəmin miqyası və əhəmiyyəti getdikcə artmaqdadır. Türkiyə şirkətlərinin işğaldan azad olmuş ərazilərdə fəaliyyəti çoxşaxəlidir".

Fərhad Məmmədov vurğulayır ki, Cənubi Qafqaz regionunda baş verən dinamik hadisələrdə Türkiyə-Azərbaycan tandeminin rolu yüksəlməkdədir. "Bu, həm Gürcüstanla birgə üçtərəfli əməkdaşlıq formatında özünü göstərir, həm də kommunikasiyaların, Zəngəzur dəhlizinin açılması ilə. Hətta bu dəhliz İran vasitəsi ilə gerçəkləşsə belə, Türkiyə - Azərbaycan yaxınlaşmasını daha sürətləndirir. Bundan əlavə, xarici siyasətdə, hərbi quruculuq işlərində koordinasiyalı şəkildə çıxış edirik".