Düşmənin Zabux kələyi –“Qalırıq” deyən ermənilərin məqsədi

Düşmənin Zabux kələyi –“Qalırıq” deyən ermənilərin məqsədi

24 İyun 2022 12:59
Bəyəndim (0) Bəyənmədim (0)

Mətbuatda yayılan məlumata görə, Laçın yoluna alternativ yol çəkildikdən sonra Ermənistan hökuməti bütün əhalini Zabux kəndindən çıxaracaq və bundan sonra bu ərazilər Azərbaycanın nəzarətinə keçəcək. Burada yaşayan ermənilər isə Ermənistana köçmək istəmədiklərini, burada qalıb Azərbaycan vətəndaşları olaraq yaşamaq istədiklərini bildirirlər.

Zabux kənd bələdiyyəsinin “rəhbəri” Andranik Çauşyan deyib ki, əhali buradan getmək istəmir: “Bakının nəzarəti altında yaşamaq daha yaxşıdır. Biz siyasəti başa düşmürük, televizora da baxmırıq. Biz dinc cəmiyyətdə yaşamalıyıq. İrəvan hətta bizə pul təklif edir, evlərimizə qiymət deyir, amma biz kənddə qalacağıq”.

Bəzi ekspertlərə görə, ermənilər Ermənistanın və separatçıların anti-insani davranışlarından, mənasız iddialarından bezib sakit həyat yaşamaq istəyirlər. Özləri etiraf edirlər ki, bu dincliyi, yaxşı şəraiti onlara Azərbaycan dövləti verə bilər. Amma erməninin səmimiyyətinə inanmaq olarmı, üstəlikb bu kənddə heç vaxt erməni yaşamayıbsa, buranın əzəli sakinlərinin qayıtması necə ola bilər? Nəzərə almaq lazımdır ki, işğalın son illərində Ermənistan Laçına və elə Zabuxa xaricdən-Livan və Suriyadan ən müxtəlif səbəblərdən qaçqın düşmüş erməniləri məskunlaşdırıb.

Mümkündür ki, ermənilər bu yalanı ortaya atmaqla köçürülməyə siyasi rəng vermək, “biz qalmaq istəyirik, amma zorla çıxarırlar” kimi uydurmalara əsas vermək istəyirlər.

Qeyd edək ki, məhz bu ərəfədə xaricdən gəlmiş ermənilərin Xankəndində festival hazırlığı haqda məlumat yayılıb. “Sunrise Festival”nın təşkilatçıları isə Livan və Rusiyadan Qarabağa köçmüş ermənilər Şuşan Keşişyan və Lilit Akopyan olduğu bildirilir. Onlar iyunun 24-dən iyulun 3-nə qədər Xankəndində sərgi, konsertlər, film nümayişləri və s. təşkil etmək fikrinə düşüblər. Üstəlik, burada erməni diasporunun nümayəndələrinin iştirak edəcəkləri də qeyd olunur.

Belə vəziyyətdə meydana sual çıxır: “Qalırıq” deyən ermənilərə niyə inanmalıyıq? Ümumiyyətlə, inanmalıyıqmı?

Politoloq Murad Sadəddinov bildirdi ki, əgər söhbət erməni əsilli Azərbaycan vətəndaşlarının kənddə qalıb ölkə qanunları ilə yaşamağa hazır olmalarından getsəydi, o zaman həmin ermənilərin bu istəyi müsbət qəbul olunardı: “Lakin bəllidir ki, Zabux kəndi Ermənistan tərəfindən işğal olunmazdan öncə orada erməni əhali yaşamayıb. İndi Zabuxda yaşayan ermənilər kənd işğal olunandan sonra zaman-zaman müxtəlif xarici ölkələrdən qanunsuz köçürülüb oraya gətirilən ermənilərdir. Beynəlxalq qanunvericiliyə görə, zəbt olunmuş ərazilərə başqa dövlətlərdən və regionlardan adamlar gətirib məskunlaşdırmaq hərbi cinayət sayılır. Ermənistan hərbi cinayətə yol verərək Azərbaycan ərazisində qanunsuz məskunlaşma həyata keçirib. Zabux kəndindəki ermənilər belə bir cinayət yolu ilə orada qeyri-qanuni məskunlaşdırılıblar. Ona görə də onların Zabuxdan çıxarılması nə beynəlxalq qanunlar, nə Azərbaycan Konstitusiyasına ziddir. Həmin ermənilərin Zabuxda qalıb Azərbaycan dövlətinin qanunları ilə yaşamaq istədikləri barədə bəyanatları səmimi deyil, məqsəd Azərbaycana qarşı beynəlxalq səviyyədə təpkilər yaratmaqdır. Çünki onlar bilirlər ki, qanunsuz məskunlaşdıqları üçün Azərbaycan dövləti onların Zabuxda qalıb yaşamalarına razılıq verməyəcək. Ermənilər Azərbaycana qarşı hiylə işlədirlər-sonrakı vay-şivənlərinə indidən öz aləmlərində əsas yaratmaq istəyirlər. Azərbaycan onların çıxmasını qəti tələb edəndə onlar hay-küy salacaqlar ki, biz Azərbaycan dövlətinin tərkibində yaşamağa razı olduq, amma bunu qəbul etmədilər. Zabuxdakı ermənilərlə bağlı Azərbaycanın verəcəyi qərar beynəlxalq qanunvericiliyə əsaslanacaq. Ona görə də ermənilərin müvəqqəti səs-küyünə məhəl qoymaq lazım deyil və bu səs-küyün nəticəsi olmayacaq”.“Yeni Müsavat”