Əliyevdən Tehrana sərt xəbərdarlıq - “Bunu etməyincə, əlaqələr normallaşmayacaq...”

Əliyevdən Tehrana sərt xəbərdarlıq - “Bunu etməyincə, əlaqələr normallaşmayacaq...”

21 Fevral 2023 22:36
Bəyəndim (0) Bəyənmədim (0)

Politoloq: “Prezidentin açıq şəkildə bəyanatı İrana nəticə çıxarmaq üçün fürsət olmalıdır”

Tehrandakı səfirliyimizbə xain terror hücumundan 25 gün ötür. Ancaq rəsmi Tehran bu faciəvi olaya hələ də hüquqi qiymət verməyib, terrorçunu həbsxana əvəzinə, yalandan dəlixanaya göndərib. Yəqin ki, orada ona fars-molla rejiminə göstərdiyi “xidmətə” görə indi hər cür qayğı göstərilir. Ola bilsin heç dəlixanada da deyil, ev şəraiti olan bir yerdədir.

İran habelə Azərbaycandan rəsmən üzr istəməyib. Sanki belə bir hadisə heç baş verməyib. Rəsmi Tehranın səfirliyə hücumu və bir nəfərin qətlini ədalətli şəkildə araşdırmaq fikri də yoxdur. Halbuki söhbət iki qonşu ölkə arasında diplomatik münasibətlərin faktiki uzun müddətə qırılmasına gətirən terror aktından gedir.

“Ən vacibi odur ki, terrorçunu göndərənlər, Azərbaycana qarşı bu qəddar aktı törətmiş İran isteblişmentinin nümayəndələri ədalət mühakiməsi qarşısına çıxarılmalıdır”. Bu sözləri Prezident İlham Əliyev fevralın 18-də Münhendə televiziya kanallarına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, terror hadisəsindən sonra terrorçunun İran mediasına müsahibə verməsi faktı onun İran isteblişmentinin bəzi qolları tərəfindən göndərilənlərdən biri olduğunu təsdiqləyir: “Digər qəribə məsələ o idi ki, iki gündən sonra o, əqli çatışmazlığı olan insan kimi elan edildi. Bu ekspertizanı onlar dərhal necə keçirə bildilər? Bu, onu ədalət mühakiməsindən yayındırmaq üçün atılmış bir addım idi. Buna görə İran hökuməti şəffaf istintaq aparmalıdır, bizə bu barədə məlumat verilməlidir, terrorçu cəzalandırılmalıdır. Lakin ən vacibi odur ki, terrorçunu göndərənlər, Azərbaycana qarşı bu qəddar aktı törətmiş İran isteblişmentinin nümayəndələri ədalət mühakiməsi qarşısına çıxarılmalıdır. Yalnız bundan sonra biz münasibətlərin hər hansı normallaşması haqqında danışa bilərik”.

İran tərəfi Azərbaycan Prezidentinin çağırışından və xəbərdarlığından nəticə çıxaracaqmı?

Əziz Əlibəyli: "Dünyada peşə fəaliyyətinə görə öldürülmək ən ağır  cinayətdir"

Əziz Əlibəyli

Sosial Tədqiqatlar Mərkəzinin (STM) mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə mütəxəssis Əziz Əlibəyli “Yeni Müsavat”a bildirdi ki, İran tərəfinin nəticə çıxaracağını gözləmir. Ekspert qeyd etdi ki, bu cür davranış onların dövlət siyasətinin tərkib hissəsini təşkil edir: “İranın beynəlxalq hüquqla qorunan əraziyə hücum edilməsi faktını dərhal cinayət kimi nəzərdən keçirmək əvəzinə, terror aktını ailə-məişət zəminində lokal səviyyəli hadisə kimi gündəmə gətirməsi, terrorçudan müsahibə alması sanki leqallaşdırma, göz dağı vermə məqsədi daşıyır. Terrorun İsraildə Azərbaycan səfirliyinin açılması, Davos Forumunda Prezidentin Orta dəhlizlə bağlı çıxışından sonra törədilməsi haqlı şübhələr yaratdı. İranın vəkili olan Ermənistanın məğlubiyyəti Azərbaycanla İranı üz-üzə qoydu. İran indiki Azərbaycanı özünə düşmən hesab edir. İranın imperialist maraqları 1828-ci il təfəkküründə qalıb, Şimali Azərbaycanı İranın tərkib hissəsi kimi görməkdə davam edir. Bu gün İranda diplomatiyanın ən böyük problemlərindən biri siyasətçilərin, diplomatların öz yerlərini radikallara-kəşfiyyatçılara, hərbçilərə verməsidir. Nəticədə arxasında İranın hərbi rəhbərliyinin dayandığı fərqli mühit formalaşıb. Onların ritorikası Azərbaycanla müharibə, toqquşma, Azərbaycanı təhdid kimi qəbul etməkdən ibarətdir. Azərbaycan Prezidenti İlham Əliyevin açıq şəkildə bəyanatı İrana nəticə çıxarmaq üçün fürsət olmalıdır, lakin görünən odur ki, yaxın zamanda biz bunun şahidi olmayacağıq”.

ABŞ-ın postsovet regionuna münasibətində yeni dövr başlayıb" - Fuad Çıraqov  | Hafta.az

Fuad Çıraqov

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini Fuad Çıraqov mövzunu “Yeni Müsavat”a şərh edərkən bildirdi ki, hansı qrup tərəfindən törədilməsi bəlli olmasa da, bariz faktlar var. Ekspert terrorun İranın siyasi elitası tərəfindən təşkil edilməsinin şübhə doğurmadığını xatırlatdı: “Terroru törədən şəxs televiziyaya müsahibə verir, cəmi iki gün ərzində ekspertiza rəyi ilə əqli çatışmazlığı olduğu bildirilir, bununla da məsuliyyətdən azad edilir. Bütün bunlar cinayətkarın qorunduğunun bariz göstəricisidir. Azərbaycan prezidentinin mesajı açıqdır. İran tərəfi münasibətlərin normallaşmasını istəyirsə, müvafiq addımlar atılmalıdır. Terror aktının törədilməsində əli olan hər bir şəxs məsuliyyətə cəlb olunmalıdır”.

F.Çıraqov hesab edir ki, terrorun arxasında həm də İrandakı daha böyük qüvvələr dayanıb. Onun sözlərinə görə, İran hökuməti həmin şəxsləri məsuliyyətə cəlb etmək fikrində deyil: “Hazırda bu mümkün deyil. Başqa sözlə ifadə etsək, mövqe aydındır. İran nəticə çıxarmayıb və nəticə çıxarmaq fikri yoxdur. Görünən odur ki, onlar bu eskalasiyada maraqlıdırlar. Münasibətlərin gərginləşməsinin təşəbbüskarları, səbəbkarları da onlardır. Azərbaycan isə sadəcə adekvat reaksiya verir”. Yeni Müsavat