Bakı ilə Qarabağdakı ermənilər arasında görüşün detalları

Bakı ilə Qarabağdakı ermənilər arasında görüşün detalları

27 Fevral 2023 23:48
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ötən həftənin sonu Qarabağdakı erməni əhalisinin nümayəndələri ilə rəsmi Bakı arasında görüş keçirilib. Bu görüşün Ruben Vardanyanın Bakının tələbi ilə “vəzifəsindən” çıxarılmasından sonra baş tutması xüsusilə diqqət çəkir. Və belə görünür ki, təmasların qarşısını almağa çalışan Vardanyanın “vurulması” ilə proses yenidən başlayır.

Burada önə çıxan bir neçə məqam var:

- Görüşdə nələr müzakirə edilib?

- Qarabağ ermənilərini kimlər təmsil edib?

- Bu, ermənilərin iddia etdikləri “Bakı-Xankəndi” danışıqlarıdır, yoxsa..?

Rusiya tərəfinin rəsmi məlumatında bildirilir ki, görüşdə Qarabağdakı ermənilərin elektrik və qaz təchizatının bərpasında yaranmış problemlərin aradan qaldırılması razılaşdırılıb.

Rəsmi Bakı Qarabağdakı erməni əhalisinin humanitar xarakterli bu və digər problemlərinin həllinə həssaslıqla yanaşır, o baxımdan, təchizatda çətinliklərin aradan qaldırılmasına yardım etməsi normaldır. Lakin belə bir görüşdə təbii ki, əsas müzakirə mövzusu Bakının tələbləridir. Söhbət sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdəki mədənlərdə monitorinqin aparılmasından gedir. Rusiya tərəfinin məlumatında bu haqda qeyd olmasa da, bununla bağlı məsələnin tələb kimi qoyulduğu şübhəsizdir. Hətta erməni mənbələrində monitorinqin aparılması ilə bağlı məsələnin həll edildiyi haqda məlumatlar da yayıldı. Hərçənd, Xankəndidəki separatçı-terrorçu rejim bunu təkzib edir.

Və ən mühüm detallar separatçıların açıqlamasını incələdikdə ortaya çıxır.

Separatçı rejimin “başçısının” qondarma “mətbuat katibi” Lusine Avanesyan görüşlə bağlı açıqlamasında Rusiya MN-in məlumatını təkrarlayıb. Daha sonra əlavə edib: “Laçın yolunun açılmasına (?) gəlincə, əldə etdiyimiz məlumata görə, Rusiya tərəfi bu istiqamətdə səylərini davam etdirir”.

Bu açıqlamadan iki nəticə çıxır:

1. Görüşdə separatçıların nümayəndələri iştirak etməyib: Avanesyan sadəcə Rusiya tərəfinin rəsmi məlumatını təkrarlayır, həmçinin, onun “əldə etdiyimiz məlumata görə” qeydi də bunu deməyə əsas verir;

2. Görüşdə Laçın yolundakı aksiyanın müzakirə edilməməsi də separatçı rejimin iştirak etmədiyi fikrini gücləndirir: aksiyanın dayandırılması tələbini erməni əhalisi yox, separatçı rejim tələb edir, Avanesyanın sözləri də göstərir ki, qondarma rejim iştirak etmədiyi görüş haqda sonradan məlumat toplayıb;

Bu baxımdan, “Qarabağdakı erməni əhalisini kimlər təmsil edib” sualının cavabında “separatçı rejim olmayıb” demək mümkündür. Və məlumdur ki, rəsmi Bakı “tərəf” kimi qəbul etmədiyi separatçı rejimi yaxın buraxmır. Vardanyanın qovulması tələbi də onun özünü erməni əhalisinin “nümayəndəsi” kimi sırımağa çalışması idi.

İstisna deyil ki, Bakının tələbi ilə Qarabağdakı əhali arasında nüfuzu olan, Azərbaycana qarşı cinayət törətməmiş nümayəndələr görüşdə təmsilçi olub.

Və ən nəhayət, bu görüş ermənilərin istədiyi kimi “Bakı-Xankəndi” formatında keçirilməyib.

ABŞ Qarabağda erməni əhalisinin hüquq və təhlükəsizliyinin Azərbayan tərəfindən qorunmasını və rəsmi Bakının əhali ilə təmaslar qurmasını təklif edir. Rəsmi Bakı bu təklifi əvvəldən qəbul edib və atılan addımlar da bu çərçivədədir. Ermənistan və separatçı rejim isə bu prosesi “Bakı-Xankəndi” formatı olaraq göstərməyə, bununla qondarma rejimi “tərəf” kimi təqdim etməyə çalışır.

Lakin görüş Bakının istədiyi formatda erməni əhalisi ilə aparılıb. Bunu separatçı rejimin “başçısının” qondarma “nümayəndəsi” David Babayan da etiraf edib ki, bu görüş onların istədiyi “Bakı-Xankəndi” formatının başlanması demək deyil. Axar.az