Tək millət, tək bayraq, tək lider – Güneyin yeni şüarı

Tək millət, tək bayraq, tək lider – Güneyin yeni şüarı

22 Mart 2023 14:35
Bəyəndim (0) Bəyənmədim (0)

İlk gündən bu aksiyanın təşkilatçılarındanıq. Bu günə kimi də aktiv iştirak etmişik. Partiyamızı şəhid ailəsindən olan Haray Fəthipur təmsil edir. O, idarə heyətindədir. Məni Vatsap qrupuna dəvət etməyiblər. Bilirlər ki, tənqidlərimin qarşısında onlar davam gətirə bilməyəcəklər.

Oxuməni.az xəbər verir ki, bu sözləri Axar.az-a Güney Azərbaycan İstiqlal Partiyasının sədri Saleh İldırım deyib.

O, martın 25-də Brüsseldə keçiriləcək aksiya ilə bağlı bəzi fikir ayrılıqlarına aydınlıq gətirməyə çalışıb:

“Bəzi qüvvələr aksiyanın mahiyyətini dəyişib, iranyönümlü etməyə çalışırlar. Buna mane olmuşuq. Məsələn, Azərbaycan bayrağına qadağa qoymağa çalışdılar. Sərt təpkimiz və iştirakçıların narazılığı onları geri oturmağa məcbur etdi. Biz Azərbaycan bayrağı ilə aksiyaya qatılacağıq. Bəzi irançılar hətta bəzi türk toplumlarına yanlış bilgilər verərək, başqa ölkənin bayrağının oxşarını güneylilərin milli bayrağı kimi təqdim edirlər. Bununla da aksiyada iştirakçıların əli ilə o bayrağı dalğalandırıb, Azərbaycan bayrağına alternativ yaratmağa çalışırlar. Bir sıra fürsətçilərin məqsədi bu minvalla aksiyada Pəhləvi və rəcəvilərlə görüşüb, Güney Azərbaycan adından danışmaqdır. Çünki Azərbaycan bayrağı ilə getsələr, İran müxalifəti onları qəbul etməz. Ona görə, GAMOH bayrağını götürürlər ki, desinlər “biz İran türküyük və İranda yaşamaq istəyirik”. Birliyimizi parçalayan iki amil var: biri bayraq, digəri isə müxtəlif liderlərin mövcudluğu. Yerindən çıxan deyir ki, mən liderəm. Mənəm-mənəmlikdən heç biri bir-birinə yaxınlaşa bilmir. Bu mübahisəyə və fikir ayrılığına son qoymağın bir yolu var - Azərbaycan prezidentinin ətrafında birləşərək, istiqlalçı və bütövçülük davamızı yürüdək. Ona görə də, hər kəsi “tək millət, tək bayraq, tək lider” şüarı ilə Brüsselə dəvət edirik”.

Partiya sədri hesab edir ki, yürüşdə səsləndiriləcək şüarlar da mübahisə doğurur:

“Onlar PKK lideri Abdullah Ocalanın yaratdığı “Jen, jiyan, azadi” şüarını türkcəyə çevirib “Qadın, yaşam, azadlıq” etmişdilər. Xalqımızın öz milli şüarı var: “Qadın, kişi əl-ələ, İrana sal vəlvələ”. Bunlar israrla PKK-nın şüarını səsləndirmək istəyilər. Buna da biz icazə verməyəcəyik. Digər məsələ, milli şüarımızı ixtisarlaşdırıb, “Azadlıq, Ədalət” ediblər. Onu Təbrizdə olduğu kimi “Azadlıq, Ədalət, Milli Hökumət” olaraq səsləndirəcəyik. “Milli Hökumət” sözü bu aksiyamızın olmazsa-olmazıdır. Bunun qarşısını almaq üçün biz də “Tək millət, tək bayraq, tək lider” şüarını ortaya qoymuşuq və Brüsseldə parlementin önündə səsləndirərək, bizi başqa millət kimi göstərməyə çalışanlara mane olacağıq. Güney Azərbaycan Milli Hərəkatı istiqlalçı və bütövçüdür”.