İRANIN “İFTİRA MƏCLİSİ” VƏ QIRMIZI SİFƏTİ

İRANIN “İFTİRA MƏCLİSİ” VƏ QIRMIZI SİFƏTİ

8 Aprel 2023 09:24
Bəyəndim (0) Bəyənmədim (0)

Adını “İslam dövləti” qoysa da, öz çirkin hərəkətləri və iyrənc siyasəti ilə nə dinə, nə İslama, nə vicdana heç bir aiddiyatı olmayan İran rejimi zəli kimi Azərbaycanın canından əl çəkmək istəmir. Bu dəfə adda İranın milli məclisi sayılsa da, əslində, binasının üzərindən yalnız erməni gerbi və bayrağı əskik olan molla rejiminin parlamenti Azərbaycana qarşı çirkin iftira və təhdid dolu bəyanat yayıb.

“Millət vəkilləri” adlanan molla rejiminin qulbeçələri Azərbaycanın İsraildə səfirlik açmasını pisləyərək, açıq-aşkar dövlətimizin suveren haqq və hüquqlarına müdaxilə edib, ölkəmizi təhdid ediblər.

Özü başdan ayağa saxtakarlıq simvolu olan İran rejimi İsraildəki hakimiyyəti “saxta rejim” adlandırıb və Azərbaycanı “sionist rejimlə” əməkdaşlıqda günahlandırıb.

“Deputatlar” ağalarının göstərişi ilə Azərbaycanı “İslam dünyasının mənafeyinə zidd hərəkət etməkdə” günahlandırıblar. Nə dinə, nə İslama, nə vicdana yaxından-uzaqdan aidiyyatı olmayan bu rejimin parlament adlanan şər-böhtan yuvası utanmadan dünya müsəlmanları adından danışaraq, guya müsəlmanların Azərbaycanı “məzlum fələstinlilərə” qarşı cinayətlərdə şərik hesab edəcəyini də bəyan ediblər.

Bütün bunları qonşu müsəlman ölkəsində işğal etdiyi torpaqlardakı məscidlərdə donuz saxlayan, addımbaşı dinimizi təhqir edən, Qarabağdan və digər işğal olunmuş ərazilərimizdən İslama aid bütün izləri silib, öz yalançı dini atributlarını sancan, 10 minlərlə günahsız müsəlmanı qətlə yetirən, milyona yaxın müsəlmanı yurd-yuvasından didərgin salan işğalçı Ermənistanla can-bir qardaş-bacı olan, öz siyasi, iqtisadi maraqları, hakimiyyət hərisliyi naminə dini də, kitabı da satmağa hazır olan və dəfələrlə bunu sübut edən rejimin parlament adlı “dinbazxanası” deyir.

Bəlkə adından tez-tez sui-istifadə etdiyi Fələstindəki müsəlman müsəlmandır da, Azərbaycandakı müsəlman müsəlman deyil? Görəsən, fələstinlilərin faciələrindən istifadə edərək, Yaxın Şərqi öz terrorçu dəstələrinin yuvasına çevirən kimdir?

Elə iranın təsiri və çirkin siyasətinin nəticəsi deyilmi ki, Yaxın Şərqdəki fars rejiminin təsiri altında olan və adını müsəlman qoyan bəzi hökumətlər və təşkilatlar öz ermənipərəst mövqeyilə seçilirlər? Nədən İran bu 30 ildə işğala məruz qalan müsəlman Azərbaycanı yox, Ermənistanı tuturdu və tutur? Müharibə dövründə şərəfsizcəsinə Ermənistana silah-sursat, yanacaq daşıyan kim idi, görəsən?

Azərbaycanın İsraildə səfirlik açması öz daxili işi, suveren hüququdur və bununla Azərbaycan heç bir fələstinlinin burnunu da qanatmayıb, Fələstini təhdid etməyib, onun əleyhinə hansısa təbliğat aparmayıb, onun maraqlarına ziyan vuran addım atmayıb.

İran isə Azərbaycana qarşı bütün bunları və bundan da 100 qat artığını edib və edir. Fars rejimi bir çox qatı xristian dövlətlərindən də çox-çox əvvəl işğalçı Ermənistanda səfirlik açıb və o gün-bu gün Azərbaycana qarşı atılan hər bir çirkin addımda hansısa formada paya malikdir, müsəlmanın qəniminə çevrilən bir dövlətə silah-sursatdan, enerji daşıyıcılarından tuitmuş siyasi dəstəyə qədər hər cür köməklik göstərib. Bunu həm də ondan ötrü edib ki, ermənilər müsəlman azərbaycanlıları rahatlıqla həlak edə, incidə bilsin.

Həmin bu parlament adlandırılan xurafatxana 30 ildə bircə dəfə belə kəskin şəkildə Ermənistanı müsəlmanları qırmaqda, işğalçılıqda, hərbi cinayətlərdə ittiham edibmi, islam təşkilatlarını və müsəlman dövlətlərini Azərbaycanı müdafiə etməyə çağırıbmı?

Xüsusilə də 44 günlük müharibədən sonra Azərbaycana qarşı sanki Ermənistan bir tərəf olub, İran bir tərəf. Bu gün Azərbaycana qarşı Ermənistandan betər “ermənilik” edən bir fars rejimi ilə üz-üzə qalmışıq. Bu rejim hələ utanıb-qızarmadan, əxlaqsız peşə sahibləri kimi müsəlman ölkələrini Azərbaycana qarşı qaldırmağa çalışır və son bəyanatında deyir: “Ərəb və İslam hökumətlərindən, İslam dünyasından, xüsusilə İƏT, İslam Məclislərarası Katibliyi və dünyanın azadlıqsevər nümayəndələrindən bunu qınamalarını xahiş edirik”. Uzun illər qonşuluq etməyə məcbur olduğumuz molla rejiminin alçaq mahiyyətinə çoxdan bələd olsaq da, doğrusu, heç biz də onun özünü bu dərəcədə alçaldacağına, “danosbazlıq” edəcəyinə inanmazdıq.

Sanki dünyanın müsəlman dövlətləri, xüsusilə İƏT və digər təşkilatlar İranı tanımır, onun nəyə qulluq etdiyini anlamırlar. Elə hər şeyi yaxşı anladıqları üçün Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı kimi aparıcı müsəlman ölkələri Ermənistanla ya diplomatik əlaqə qurmadılar, ya da bu əlaqələri haqlı olaraq kəsdilər. İran isə əksinə, Ermənistana “girdikcə girdi”.

Hətta abırsızcasına Ermənistanın sərhədini öz sərhədi və “qırmızı xətti” adlandırdı. Hansı ki, qırmızı olan sərhəd xətti yox, molla rejiminin sifətidir və hər nə qədər bu mənfur sifətini qızardıb, ağardıb, bozartsa da, xeyri yoxdur, Azərbaycan öz ayaqları üzərində möhkəm dayanıb və istənilən “qırmızısifətə” öz yerini göstərə biləcək gücə, dəstəyə, dostlara maklikdir, ən əsası isə haqq-ədalət məhz onun tərəfindədir! AzPolitika.info