Casus şəbəkəsinin qurulmasında səfirliyin əli var - Sabiq XİN başçısı

Casus şəbəkəsinin qurulmasında səfirliyin əli var - Sabiq XİN başçısı

7 Aprel 2023 16:17
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycandakı casus şəbəkələrinin fəaliyyətində İran səfirliyinin işçilərinin əli var.

Oxuməni.az xəbər verir ki, bunu Modern.az-a Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov İranın Bakıdakı səfirliyinin 4 əməkdaşığının "arzuolunmaz şəxs" elan edilməsinə münasibət bildirərkən deyib.

"Əvvəl qeyd etmək lazımdır ki, mövcud diplomatik böhranı Azərbaycan başlatmayıb. İki ay bundan öncə Tehranda səfirliyimizə qarşı terror aktı həyata keçirilib. Bundan sonra İran tərəfi Azərbaycan ictimaiyyətinə hadisəni törədənlərin cəzəlandırılması ilə bağlı heç bir məlumat təqdim etməyib. Təbii ki, bu davranış ölkəmizi qane etmir. Biz bilirik ki, Azərbaycanın parlament üzvünə də terror aktı təşkil olunub. Bu sui-qəsdin icraçısı və sifarişçiləri də İrana bağlı olan ünsürlərdir. Xüsusi xidmət orqanları sərhədlərimiz daxilində əməliyyatlar keçirir. Məqsəd ondan ibarətdir ki, İran təsiri altında olan şəbəkələr ifşa edilərək, məsuliyyətə cəlb olunsun. İstisna etmirəm ki, bu şəbəkənin yaradılmasında və fəaliyyətində İran səfirliyində çalışanların iştirakı var", - deyə eks-nazir vurğulayıb.

T.Zülfüqarovun fikrincə, İran səfirliyinin 4 əməkdaşının "arzuolunmaz şəxs" elan olunması qarşı tərəfə ismarıcdır:

"Bu, diplomatik praktikada istifadə olunan bir üslubdur. Bu, həm də Azərbaycanın belə hallara son qoyacağı ilə bağlı qarşı tərəfə ünvanlanan ismarıcdır. İki gün öncə İran parlamenti İsraildə səfirliyimizin açılması ilə bağlı bəyanat yayıb. Bildiriblər ki, guya Azərbaycanın İsraildə səfirlik açması İranın maraqlarına zidd olan addımdır. Amma Azərbaycanın xarici işlər naziri İsraildə səfirliyin açılışında iştirak etdikdən sonra Fələstinə yola düşüb. Orada Fələstin rəhbərliyi ilə görüş keçirilib. Çox güman ki, Fələstində də Azərbaycanın nümayəndəliyi olacaq. Yəni dövlətimiz BMT-nin qətnamələrinə əsasən Fələstinin ərazi bütövlüyün dəstəkləyir. Belə addımların fonunda İran parlamentinin qəbul etdiyi bəyanat məntiqi baxımdan mənasızdır. İranın hərəkətləri ikitərəfli münasibətlərin pozulması kimi qiymətləndirilə bilər".

"Hazırda Azərbaycanın mövqeyi təxribatlara cavab verməkdən ibarətdir. Ölkəmizə qarşı bu cür siyasətə son qoyulsa, orada olan dost və qardaşlarımızla münasibətləri düzəltməyə hazır olacağıq. Açığı mən hesab etmirəm ki, iki ölkə arasında diplomatik əlaqələr kəsiləcək. Onsuz da hazırda bizim diplomatik heyət Tehranda deyil. Eyni zamanda Təbrizdə baş konsulluğumuz fəaliyyətini davam etdirir. Ümumilikdə isə deyə bilərəm ki, Azərbaycanın atdığı addımlar ölkəmizə qarşı təxribat planlayan dairələrə mesajdır", - sabiq XİN başçısı əlavə edib.

Qeyd edək ki, ötən gün İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı İran səfirinə son zamanlar ölkəsi tərəfindən Azərbaycana münasibətdə nümayiş etdirilən təxribat xarakterli fəaliyyətə görə qəti narazılıq bildirilib.

İran səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan edildiyi İran səfirinin diqqətinə çatdırılıb və həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib.

“Persona-non-grata” elan edilən şəxslər Mirmahdi Mirsalampur Şərif, Qurbanəli Purmərcan Varcovi, Hadı Moğadam və Əsgər Bahari Xoş Mənzərdir.