"Qarabağ münaqişəsi Moskva, Vaşinqton və Brüssel üçün də regiona təsir mexanizmidir...”

"Qarabağ münaqişəsi Moskva, Vaşinqton və Brüssel üçün də regiona təsir mexanizmidir...”

15 Aprel 2023 09:44
Bəyəndim (0) Bəyənmədim (0)

“Odur ki, Ermənistanla sülh sazişinin imzalanmasıyla bağlı istər Vaşinqton, istər Brüssel, istərsə də Moskva platformaları arasında mahiyyət etibarilə ciddi fərq görmürəm...”

Xəbər verdiyimiz kimi, Erməni mediasında informasiyalar yayılıb ki, guya Paşinyanla Əliyev arasında ilkin razılaşmaya görə, mayın ikinci yarısında baş tutmalı olan görüş böyük ehtimalla Vaşinqtonda keçiriləcək. Belə ki, Avropa Birliyi rəhbəri Şarl Mişel bu görüşün Brüsseldə keçirilməsinə çalışsa da, tərəflər danışıqlar üçün Vaşinqton platformasını seçiblər. Görəsən, politoloqlarımız bu haqda nə düşünür?

Oxuməni.az xəbər verir ki, keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Moderator.az əməkdaşının sualına cavabında bunları söyləyib:

“Doğrusu, belə bir görüşün keçiriləcəyi haqda məlumatım yoxdur. Ona görə də konkret bir fikir söyləyə bilmərəm. Amma bu günlərdə beynəlxalq siyasət meydanında gələcəkdə bilavasitə Azərbaycan-Ermənistan münasibətləri və Qarabağ məsələsinə də təsir göstərə biləcək bir diqqətəlayiq və çoxdan ehtimal olunan hadisə baş verib. Belə ki, Fransa prezidenti Makronun Çinə son səfəri zamanı verdiyi bəyanatları izləsək, görərərik ki, artıq bu dövlət yeni bir mövqe sərgiləməkdədir. Nəzərə almalıyıq ki, Breksitdən, yəni Böyük Britaniyanın Avropa Birliyindən çıxmasından sonra Fransa bir növ qitədə lider rolunu oynamağa çalışır. Və Makron Pekində belə bir bəyanat verdi ki, bizim maraqlarımız heç də həmişə ABŞ-ın maraqlarıyla üst-üstə düşmür, bəzi məsələlərə müxtəlif baxışlarımız var və biz ilk növbədə öz maraqlarımızı qorumalıyıq. Yəni Fransa lideri bununla bir növ Çin rəhbərliyinə mesaj verdi ki, biz ayrı- Amerika ayrı...”

Politoloq belə düşünür ki, Fransanın mövqeyindən qaynaqlanan geo-siyasi dəyişiklik Azərbaycana və bilavasitə Qarabağ məsələsinə, Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyinə də təsirsiz ötüşməyəcək.

“Hesab edirəm ki, rəsmi Parisin bu mövqeyini geo-siyasətin bir sıra istiqamətlərinə aid etmək mümkündür. Və onu da qeyd etmək olar ki, bu, hazırkı mərhələdə Fransanın mövqeyidir. Lakin bir çox hallarda həmin mövqeyin Avropa Birliyi daxilində digər tərəfdarları da ola bilər, onu qəbul etməyənlər də... Bu baxımdan isə belə mövqe AB-də böhran yaradır. Əslinə qalsa, çoxqütblü dünya ideyası barədə Rusiyanın keçmiş baş naziri və baş diplomatı Primakovun tezisləri var idi. İndi isə təxminən eyni fikirləri yalnız Rusiya siyasətçiləri deyil, həm də Fransa lideri dilə gətirir. Bu da çox maraq doğuran bir prosesdir və biz də bunu ciddi izləməliyik. Çünki yeni Şərq-Qərb kommunikasiya və tranzit dəhlizinin Qafqazın, o cümlədən Azərbaycanın üzərindən keçməsi istər-istəməz bizə də həmin proseslərin təsirini biruzə verəcək. Yəni artıq böyük geopolitik dəyişikliklərin sanki anonsu verilib. Ona görə də sizin sualınıza qayıtdıqda və Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşünün Vaşinqtonda, yaxud Brüsseldə olacağını düşünəndə biz bu dəyişiklikləri nəzərə almalıyıq. Düzdü, bundan öncə də bilirdik ki, Vaşinqton və Brüssel bizim üçün eyni geo-siyasi məkan deyil. Amma artıq Fransa dövlət başçısının son bəyanatlarından sonra indi açıq aydın olur ki, bu məkanlar qətiyyən eyni deyillər... Eyni zamanda onu vurğulayım ki, mən Ermənistanla sülh sazişinin imzalanmasıyla bağlı istər Vaşinqton, istər Brüssel, istərsə də Moskva platformaları arasında mahiyyət etibarilə ciddi fərq görmürəm. Çünki hər üçündə ümumi bir mövqe var: Qarabağ məsələsini mümkün qədər uzatmaq üçün müəyyən əsaslar axtarırlar. Ona görə ki, hər biri bu münaqişəyə regionu idarə etmək üçün bir rıçaq, mexanizm kimi baxır... Hansısa mərhələdə Azərbaycanın mövqeyi ya Brüssel, ya Vaşinqton, yaxud Moskvanınkı ilə üst-üstə düşə bilər. Amma strateji baxımdan onların mövqeləri eynidir”-deyə sabiq baş diplomat vurğulayıb.