"Azərbaycan sülhməramlıların müddətini uzatmaqdan imtina edəcək”

"Azərbaycan sülhməramlıların müddətini uzatmaqdan imtina edəcək”

22 Aprel 2023 16:44
Bəyəndim (0) Bəyənmədim (0)

“Azərbaycan Rusiyaya Qarabağdakı sülhməramlılarının qalma müddətini uzatmaqdan imtina edə bilər”.

Bunu Rusiya Dumasının MDB məsələləri komitəsinin sədr müavini, qatı ermənipərəst və şovinist deputat kimi tanınan Konstantin Zatulin bildirib.

Həmişəki kimi şər-böhtan və həyasızlıq nümunəsi göstərən və Kremlin sözünü dediyi heç kimdə şübhə doğurmayan Zatulin iddia edib ki, Azərbaycan Rusiya “sülhməramlıları”nı ona görə qovacaq ki, sonradan Qarabağdakı erməni əhaliyə qarşı edəcəyi təzyiqlərin və onların “öz torpaqlarından qovulmasının” şahidləri olmasın.

Bununla da öz şüuru və əqli inkişafı ilə orta əsrlərdə qalan bu “deputat” yəqin, özü kimi kütbeyinləri inandırmaq istəyir ki, elmin, texnologiyaların, komunikasiyaların inkişaf etdiyin indiki müasir dövrdə dünyanın hansısa nöqtəsində, xüsusilə də Azərbaycan kimi ölkədə “şahidlərdən” qurtularaq, gizlin şəkildə ermənilərə qarşı istənilən addımı atmaq mümkündür...

Ermənidən betər ermənilik edən Zatulin bir qədər də irəli gedərək, Ermənistanın da daxili işlərinə qarışıb və Nikol Paşinyanı xəyanətdə ittiham edib.

“Deputat” deyib ki, “Paşinyan əraziləri və insanları təhvil verib”. Azərbaycanın planlarından danışan Zatulin “növbəti akt sülhməramlıların Qarabağda xidmət müddətinin uzadılmasından imtina edilməsi olacaq”, - deyə bildirib.

Zatulini, deməli həm də onun Kremldəki sahiblərini ən çox narahat edən məsələlərdən biri də artıq 2020-ci il müharibəsindən sonra Azərbaycanın Qarabağa “ən yüksək müxtariyyət” verilməsindən imtina etməsidir.

Rusiya Dumasının üzvü deyib ki, rəsmi Bakı əvvəllər bu məsələ ilə razılaşsa da, indi artıq bu mövzunu müzakirə belə etmək istəmir: “”Dağlıq Qarabağ” adını məhv edirlər, Bakıda artıq onu bu cür adlandırmaqdan imtina edirlər”.

Qeyd edək ki, bu arada Kremlin sözçüsü Dmitri Peskov da Qarabağda və Azərbaycan-Ermənistan münasibətlərində müşahidə olunan proseslərdən “narahatlığını” ifadə edib. Belə ki, Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, süllhə gedən yolun yalnız bundan keçdiyini deməsi və Ermənistanın özünün bütün qonşularına qarşı ərazi iddialarından əl çəkməli olduğunu bildirməsinə dair suala cavab verən Peskov dolayısı ilə Ermənistanın Baş naziri ilə razılaşmadığını ifadə edib.

Peskov deyib ki, “yalnız üçtərəfli bəyanat iki ölkə arasındakı münaqişənin nizamlanmasında real əsas rolunu oynaya bilər”.

Xatırladaq ki, həmin bəyanatda Azərbaycan və Ermənistanın qarşılıqlı şəkildə ərazi bütövlüklərini tanıdıqlarına dair maddə yoxdur. Nikol Paşinyan isə son çıxışında sözügedən bəyanata deyil, Praqa bəyannaməsinə istinad edib. Hansı ki, orada tərəflər bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını bəyan edirlər.

Göründüyü kimi, Kreml bununla razılaşmaq istəmir və onun 2020-ci ilin noyabrında Azərbaycan torpaqlarına “sülhməramlı” adı altında soxulmasına əsas yaradan və münaqişənin birdəfəlik həllinə mane olan bəyanatı əsas götürür. Bu, həm də o deməkdir ki, Moskva hər yolla öz hərbi kontingentinin Qarabağda saxlanmasına çalışacaq.

Ancaq Zatulinin dediklərindən belə çıxır ki, Kreml artıq bunun çox çətin olacağını və rəsmi Bakının Rusiya hərbi kontingentini öz ərazisində görmək istəmədiyini anlayır.

Bütün bunlar Zatulinlə Peskovun dediklərinin eyni təlimata əsaslandığını və eyni yerdən idarə olunduğunu deməyə əsas verir.

Onu da qeyd edək ki, Azərbaycanın rus hərbi kontingentini Qarabağdan çıxarmaq planını “erməni xalqının faciəsi” adlandıran və Rusiya imperializminin Qafqazdakı “şeytan barmaqları”ndan biri olan Zatulin əlbəttə ki, dolayısı ilə Rusiyanın regionumuzdakı dağıdıcı fəaliyyətinin fiaskoya uğradığını etiraf etmiş olur. Doğrudan da Rusiya hərbi kontingentinin 5 ilin tamamında Azərbaycan torpaqlarından çıxarılması bu şeytan siyasətinə vurulan ağır zərbə olacaq. Azpolitika.info