Gün gəlir, maşaların qolu bağlanır – Öz xalqına xəyanət edənlərin ibrətlik aqibəti

Gün gəlir, maşaların qolu bağlanır – Öz xalqına xəyanət edənlərin ibrətlik aqibəti

29 Aprel 2023 14:34
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan dövlətinin əleyhinə iş aparan, bu dövlətin süqutuna çalışan, yerində “Kərimə” adlı nə olduğu bilinməyən qondarma “dövlət” təsis etmək istəyən vətən xainləri İranda həbs edilib.

Bu barədə İranın qeyri-rəsmi olsa da, hökumətə bağlı "Azəriha" saytı yazıb. Tutulanların adları da bəllidir: Orxan Məmmədov və Tohid İbrahimbəyli. Onlar ölkəmizdə bədnam adla çoxdan məşhurdurlar. İnternet resurslarında onların ölkəmizə qarşı düşmənçililk ifadə edən videkadrları var.

İndi bu, nəyin göstəricisidir? Bu, ilk növbədə onun göstəricisidir ki, İran dövləti ilə Azərbaycan dövlətinin arasında, demək olar ki, ciddi səbəb olmadan yaranan gərginlik artıq boşalma mərhələsinə keçməkdədir.

Demək, aradakı problemlər yavaş-yavaş çözülə bilər və istiqamət budur.

Bəlliydi ki, İran hazırda tutulan və azadlıqda olan xainlərdən Azərbaycan dövlətinə problem yaratmaq, ona təzyiq etmək üçün yararlanırdı. Belə çıxır ki, ya artıq onlara ehtiyac qalmayıb, ya da arada nəsə daha sanballı razılaşma var.

Yuxarıda qeyd etdiyimiz kimi, bu şəxslərin ölkəmizə qarşı dağıdıcı fəaliyyət göstərməsi açıq-aşkar idi, özləri də gizlətmirdilər, hətta sosial şəbəkələrdəki paylaşımlarında nə etdiklərini, etmək istədiklərini, məqsədlərini təbliğ edirdilər. Hələ 2021-ci ilin noyabrında Türkmənistanda keçirilən regional sammitdə Azərbaycanının dövlət başçısı İlham Əliyev iranlı həmkarı İbrahim Rəisidən bu şəxsləri ekstradisiyasını istəmişdi, lakin İran tərəfi öz “maşa”larını qorumağı üstün tutmuşdu.

İndi məlum olur ki, Azərbaycanın israrı və prinsipial mövqeyi öz bəhrəsini verib.

Görünür, İran tərəfi də necəsə əmin olub ki, şimal qonşusundan ona, onun dövlətçiliyinə hər hansı bir sədəmə toxunmayacaq. İran belə məsələlərdə həssasdır, ancaq nəyə görəsə bu dövlətin rəhbərliyində belə bir xof vardı ki, Azərbaycan bir gün Qərbin İranı parçalamaq layihəsində iştirak edə bilər.

Halbuki Qərbin belə bir plan çoxdan var və hələ 15 il əvvəldən okeanın o tayından gələn emissarlar – yüksək rütbəli hərbçilər, diplomatlar, siyasi xadimlər dəfələrlə ölkəmizi belə bir avantürist planın içinə çəkmək üçün dilə tutur, rədd cavabı alırdılar. Bu, yəqin ki, sona qədər də belə olacaq. Çünki Arazın o tayında yaşayanların hamısı bizim din, yarısı isə qan qardaşlarımızdır. Üstəlik, gor qonşuluğu prinsipi qonşuya qarşı xəyanəti, ona zərbə vurmaq istəyənlərə xidməti istisna edir.

Fəqət İran rəsmiləri bunu ya anlamırdılar, ya da anlamaq istəmirdilər və Azərbaycana qarşı qatı düşmənçilik siyasəti yeridən Ermənistanla işbirliyi içində olmağı üstün tuturdular. Nəticədə ölkəmizin daxili işlərinə müdaxilə etmək, casus şəbəkəsi və “rəğbət qrupları”nın əliylə ölkədaxili sabitliyi pozmaq təşəbbüsləri göstərilirdi və gərginlik dırmanırdı. Azərbaycan dövləti zamanında və qəti şəkildə təpki göstərməsəydi, yəqin ki, tamam başqa situasiyalar yaranardı.

1ab8f98a979f7745c52b03162152921c.jpg (242 KB)

O zaman bu, xəbəri və şəkli yayılanlar tamam başqa statusda və tərəqqidə olardılar. Ölkəmizin iqbalı və istiqbalı dəyişərdi...

Onların indiki durumu isə ibrətlikdir. Hər kəsə aydın olmalıdır ki, öz dövlətinə, xalqına xəyanət edərək, kənar dövlətlərin, yadellilərin əlində maşa olanlar bir gün mütləq yaxalanacaq və məsuliyyətə cəlb ediləcəklər.

Tarixən belə olub. Hələ 500 il əvvəldən qonşu ölkəyə sığınaraq, başqa dövlətin padşahının köməyi ilə öz dövlətini sarsıtmaq, hətta öz atasının taxt-tacını devirmək istəyən şahzadələr belə bir gün şah və sultanların razılaşması nəticəsində qolubağlı qul kemi geri veriliblər.

İndi mümkündür ki, bu, bir jestdir və İran tərəfi həbs edilənlərin “əməllərində cinayət tərkibinin olmadığı”nı əsas götürərək, onları azadlığa da buraxa bilər. Belə olsa da, bu, tutulub-buraxılanlar və o yolda olanlar üçün ciddi siqnal olmalıdır. Onlar bilməlidirlər ki, həyatları tükdən asılıdır və ali rəhbərlərin iki dodağının arasındadır.Musavat.com