Azərbaycan Prezidentinin qətiyyətli, düşünülmüş siyasətinin bəhrəsi olan azad, yenidən qurulan Laçın tarixi nailiyyətimizdir

Azərbaycan Prezidentinin qətiyyətli, düşünülmüş siyasətinin bəhrəsi olan azad, yenidən qurulan Laçın tarixi nailiyyətimizdir

29 May 2023 07:48
Bəyəndim (0) Bəyənmədim (0)

Müzəffər Ali Baş Komandan İlham Əliyevin mayın 27-28-də Laçına səfəri çərçivəsində orada doğma yurd-yuvasına qayıdan sakinlərlə görüşü, xalqla birbaşa təması, Prezidentin öz vətəndaşlarının, sadə insanların yanında olması bir daha onun Azərbaycanın güclü lideri olmasının təsdiqidir. Bu baxımdan dövlətimizin başçısının rayonda çoxsaylı təməlqoyma mərasimləri və açılışlarda iştirakı, xüsusilə ilk 20 ailənin Laçında məskunlaşması müstəqillik günündə onun xalqımıza hədiyyəsidir. Bu gün Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər möhkəm olmasını bir daha göstərir.

Oxuməni.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanov deyib.

Qarabağ müharibəsi veteranı söyləyib ki, Prezident İlham Əliyevin dediyi kimi, o, ata vəsiyyətini, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu – Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirdi. Həm sərkərdə, həm müdrik siyasətçi, həm də güclü lider xüsusiyyətlərinə malik dövlət rəhbəri kimi nəyə qadir olduğunu bir daha isbatladı. 44 günlük Vətən müharibəsində 30 il ərzində işğal altında qalmış torpaqlarımız uğrunda canından belə keçməyə hazır və qadir olan gənclərimiz qısa zamanda onu düşməndən azad etdi. Bu gün Azərbaycanın çox böyük potensiala malik vətənpərvər gəncləri var. Bu gənclər Azərbaycan Prezidentinin həyata keçirmək istədiyi bütün planları və siyasəti reallaşdırmağa hazırdırlar.

Onun sözlərinə görə, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tez-tez işğaldan azad olunmuş ərazilərə səfər edirlər. Hər dəfə onların səfəri zamanı həmin ərazilərə soydaşlarımızın qayıtması üçün yeni yaşayış obyektləri istifadəyə verilir. Laçın rayonunda biz həmin işin bəhrəsini və nəticələrini görürük. Belə ki, qısa zamanda, çoxlu sayda Laçın sakininin oradakı yaşayış məntəqələrinə qayıtması təmin olunacaq. Bütün bunlar isə Azərbaycanın qazandığı növbəti nailiyyətdir.

Bildirilib ki, vaxtilə Ulu Öndər də çıxışlarında Laçının strateji əhəmiyyətini vurğulayırdı. Onun Laçın rayonuna xüsusi məhəbbəti vardı. Bu gün onun davamçısı olan Prezident İlham Əliyev Laçında məhz Ümummilli Liderin görmək istədiyi işləri həyata keçirir. Ulu Öndərin vəsiyyətinin gerçəkləşməsini biz bu gün məhz Laçının yenidən qurulmasında və inkişafında müşahidə edirik.

Hazırda Ermənistan ilə Azərbaycan arasında şərti sərhəd Laçın rayonundan keçir. Azərbaycan Silahlı Qüvvələrinin orada yerləşən və öz Vətəninin qoruyan hərbi qulluqçularının sağlamlığını qorumaq üçün əlverişli şərait yaradılır, yeni infrastruktur obyektləri istifadəyə verilir.

Ehtiyatda olan polkovnik xatırladıb ki, Vətən müharibəsindən sonra dekabrın 1-də Laçın rayonunun Azərbaycana təhvil verilməsi nadir hadisədir. Digər iki rayon olan Ağdam və Kəlbəcər kimi, Laçın da qansız və itkisiz düşməndən azad olundu. Laçın dəhlizi yeni yolla əvəzlənərək Laçın rayonu tam şəkildə ermənilərdən və işğalçı qüvvələrdən azad edildi. Laçın yolunun nəzarətə götürülməsi olduqca strateji əhəmiyyət kəsb edir. Bu gün Prezident İlham Əliyevin qətiyyətli, düşünülmüş siyasətinin bəhrəsi olan azad, yenidən qurulan Laçın bizim tarixi nailiyyətimizdir.

“Prezident Laçında çıxışında həmin fikirlərini bir daha xatırlatdı və dedi ki, əgər Ermənistan və ya onun havadarları tərəfindən Azərbaycana qarşı hər hansı təhlükə yaranarsa, ölkəmiz həmin təxribatların qarşısını dərhal almaq üçün cavab tədbirləri görəcək. Bizim “Dəmir yumruğu”muz hər hansı təxribatın qarşısını almağa daim hazır vəziyyətdədir. Hazırda Azərbaycan Ordusu sərhəddə əməliyyat şəraitini öz nəzarəti altında saxlayaraq yeni uğurlar qazanır. Belə ki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin qurulması müstəqil respublikamızın gücünün bir daha göstəricisidir”, - deyə hərbi ekspert vurğulayıb.