İtkin qadın ölü tapıldı
Hadisə Bakı şəhəri Nəsimi rayonunda baş verib
Azərbaycan
Respublikası Baş prokurorluğunun və DİN-nin birgə məlumatına görə, cari il aprelin 2-də Nəsimi Rayon Polis
İdarəsinin 19-cu Polis Bölməsinə Bakı şəhər sakini Reyhan İsgəndərlinin evdən
çıxaraq naməlum istiqamətə getməsi və bir daha geri qayıtmaması barədə məlumat daxil olmuşdur.
İlkin araşdırmalarla Reyhan
İsgəndərlinin qətlə yetirilməsinə dəlalət edən kifayət qədər əsaslar müəyyən
edildiyindən Nəsimi rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci
(qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Prokurorluq və polis orqanlarının əməkdaşları tərəfindən həyata
keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 8-də
R.İsgəndərlinin keçmiş həyat yoldaşının qohumu Gəncə Cəfərov və sonuncunun
evində təmir işləri aparmış İlqar Ağayev şübhəli şəxs qismində saxlanılmışlar.
Onlar ifadələrində aprelin 1-də Gəncə Cəfərovun evində olarkən aralarında baş
vermiş mübahisə zəminində Reyhan İsgəndərlini qətlə yetirdiklərini və meyitini
avtomaşınla Xızı rayonuna aparıb Altıağac qəsəbəsinə gedən yolun kənarındakı
ərazidə basdırdıqlarını etiraf etmişlər.
Reyhan İsgəndərlinin meyiti göstərilən
yerdən çıxarılaraq müayinə edilməsi üçün məhkəmə-tibbi
ekspertizasına göndərilmişdir.
Faktla bağlı Nəsimi rayon
prokurorluğunda istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam
etdirilir.
O.M.
Digər xəbərlər