Nigar və Eldar xüsusi qarşılanıblar

Nigar və Eldar xüsusi qarşılanıblar

5 May 2011 15:37
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniya "Eurovision-2011" müsabiqəsinə ciddi şəkildə hazırlaşıb. 25 minə yaxın tamaşaçı tutumu olan "Esprit Arena" müsabiqəyə tam şəkildə hazırdır və artıq ölkə təmsilçiləri bu möhtəşəm səhnədə məşqlərinə başlayıblar. Müsabiqəni işıqlandırmaq üçün çoxsaylı jurnalistlər Düsseldorfa gəlib və onlar üçün bütün lazımi şərait yaradılıb. Oslodan fərqli olaraq, Almaniya bu müsabiqəyə daha ciddi hazırlaşıb. Bu il müsabiqəni Almaniyanın "NDR" televiziya kanalı həyata keçirir.

Müsabiqə çərçivəsində ayrı-ayrı təmsilçi ölkələr təbliğat məqsədi ilə öz partilərini həyata keçirirlər. Düsseldorfda təmtəraqlı piar şəkilli tədbirlərin keçirilməsi üçün daha böyük və rahat məkan hazırlanıb. "Eurovision-2011" yarışması çərçivəsində ilk təbliğat partisini qardaş ölkə Türkiyə təşkil edib. Türkiyəni bu il Avropanın ən çox izlənilən mahnı yarışmasında "Yüksək Sədakat" qrupu təmsil edir. "Live it up" mahnısı ilə artıq müsabiqədə iştirak edən ölkələr arasında favorit sayılan Türkiyə təmsilçilərinin partisi də maraqlı məqamlarla yadda qalıb. Tanıtım mərasiminə Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal da qatılıblar.

Təmsilçilərimizin partiyə gəlişi sözün həqiqi mənasında böyük səs-küylə qarşılanıb. Eldar və Nigar həm Avropa mediası, həm də parti iştirakçıları tərəfindən rəğbət və sevgi ilə qarşılanıblar. Onlarla çoxsaylı insanlar xatirə şəkli çəkdirib, təmsilçilərimiz müxtəlif KİV-lərə müsahibələr veriblər. E. Qasımov və N. Camal tədbirdə iştirak müddətində Rusiyanın təmsilçisi Alsek Vorobyov, Türkiyə təmsilçiləri "Yüksək Sədakat" qrupu, San-Marino təmsilçisi Senitlə görüşüb, müsabiqə öncəsi təəssüratlarını bölüşüblər və bir-birlərinə uğurlar diləyiblər. Məlum olub ki, digər ölkə təmsilçiləri Eldar və Nigarı özləri üçün güclü rəqib hesab edirlər. Tədbirə Portuqaliya, Makedoniya, Sloveniya, Malta və digər təmsilçilər də qatılıblar. Mərasimdə Azərbaycan təmsilçiləri "Running Scared" mahnısını ifa ediblər və "Yüksək Sadakat" qrupuna dəstək olduqlarını bildiriblər. Təmsilçilərimiz qardaş ölkənin iştirakçı qrupunun layiqli nəticə əldə edəcəyinə əmin olduqlarını qeyd ediblər.

Könül