Qəbələ VIII Beynəlxalq Musiqi Festivalına hazırlıq başa çatır
İyulun 30-dan avqustun 5-dək Qəbələ şəhəri VIII Beynəlxalq Musiqi Festivalına yenidən ev sahibliyi edəcək.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əsası 2009-cu ildə Heydər Əliyev Fondu tərəfindən qoyulan Qəbələ Beynəlxalq Musiqi Festivalına Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar qatılacaq. Festivalın keçiriləcəyi Heydər Əliyev Konqres Mərkəzinin böyük zalında, eləcə də qonaqların yerləşəcəyi beşulduzlu "Qafqaz Resorte" və "Qafqaz Riverside" hotellərində hazırlıq işləri başa çatmaq üzrədir. Hazırda Heydər Əliyev Konqres Mərkəzinin qarşısında açıq hava altında keçiriləcək konsertlər üçün möhtəşəm səhnə quraşdırılır. Qeyd edək ki, proqrama uyğun olaraq festivalın açılış mərasimində Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək.
İyulun 31-də Vyana Akademik Orkestrinin (bədii rəhbər - Martin Haselblok) çıxışı və İspaniyanın "Suite Española" şirkətinin təqdimatında flamenko konserti olacaq. Avqustun 1-də təqdim ediləcək konsertdə Fərhad Bədəlbəyli (fortepiano), Murad Adıgözəlzadə (fortepiano), Janna Qandelman (skripka), Dmitri Yablonski (violonçel) çıxış edəcəklər. Yunanıstanın folklor kvarteti isə azərbaycanlı xanəndələr Güllü Muradova, İlkin Əhmədov, habelə Sahib Əsədullayev (kamança), Emin Cəbrayılov (nağara), Əli Əliməmmədov (balaban) və Çinarə Heydərova (qanun) ilə eyni səhnəni bölüşəcək. Avqustun 2-də Fuad İsmayılovun xatirəsinə musiqi proqramı və Kubanın "Gənc klassiklər" ansamblının konserti təqdim olunacaq. Avqustun 3-4-də "Kiyev virtuozları" orkestri musiqisevərlər qarşısına çıxacaq. Orkestrə avqustun 3-də baş dirijor Dmitri Yablonski, habelə Emil Tabakov, 4-də isə israilli bəstəkar, dirijor və pianoçu Gil Şohat dirijorluq edəcək. Avqustun 4-də, həmçinin Cavid Səmədov (bariton), Murad Adıgözəlzadə, Nərgiz Oruclu (hər ikisi fortepiano) Umila Abbasova (skripka) və Arkadi Şilkloperin (alphorn) ifaları dinləniləcək. Avqustun 5-də piano musiqisi axşamı təşkil olunacaq. Festival "Kiyev virtuozları" orkestrinin konserti ilə başa çatacaq. VIII
Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 2-dən 5-dək fortepiano müsabiqəsi də keçiriləcək.
Mediainfo.az