“Azərkitab” Kitab Təbliğatı Mərkəzinin açılışı oldu

“Azərkitab” Kitab Təbliğatı Mərkəzinin açılışı oldu

11 May 2017 11:14
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən, faşizm üzərində qələbə günündə paytaxtımız Bakıda möhtəşəm "Azərkitab" Kitab Təbliğatı Mərkəzinin açılışı oldu. "Azərkitab" Kitab Təbliğatı Mərkəzinin açılışına cəmiyyətimizdə tanınan, kifayət qədər sözünü deyən əksər ziyalılar, deputatlar, Universitet direktorları, prorektorlar, akademiklər, ölkəmizin tanınmış alimləri, eyni zamanda aktyorlar, şou biznes nümayəndələri də iştirak edirdi.

Tədbirin açılışı ilk olaraq layihə rəhbərinin və tədbir iştirakçılarının Fəxri xiyabana ziyarəti ilə başladı. Ulu öndərimizin və onun xanımının məzarı üzərinə gül dəstələri, əklilər qoyulduqdan sonra mərkəzdə "Azərkitab" Kitab Təbliğatı Mərkəzinin açılışına start verildi.

Açılışdan öncə layihənin ideya müəllifi Sabir Həsənov iştirakçıları salamlayıb, belə bir mərkəzin açılma zərurətindən danışdı: "Dəvətimizi qəbul edib, açılışa təşrif buyuran qonaqlarımızı salamlayıram. İlk olaraq ondan başlamaq istəyirəm ki, xalqımızın böyük oğlu Heydər Əliyevin mədəniyyətə verdiyi dəyər hər zaman diqqət mərkəzində olub. Hesab edirəm ki, hər bir Azərbaycanlı ulu öndərimizin göstərişlərini rəhbər tutaraq üzərinə düşən vəzifəni yerinə yetirərək cəmiyyətimizdə faydalı əməlləri ilə öz töhfəsini verməlidir. Sevindirici haldır ki, bu gün ulu öndər Heydər Əliyevin bu siyasətini cənab prezidentimiz İlham Əliyev davam etdirir".

Layihənin müəllifi çıxışında onu da qeyd etdi ki, bu mərkəz vaxtı ilə fəaliyyət göstərən "Azərkitab"ın mənəvi varisidir və bu gündən sözügedən mərkəzin qapıları hər kəsin üzünə açıqdır: "Bilirsiniz ki, mənim həyatım kitabla bağlı olub. Sovet dönəmində "Azərkitab" adlı bir qurum fəaliyyət göstərirdi. Sovetlər birliyinin dağılması ilə "Azərkitab"ın fəaliyyətinə son qoyuldu. O gündən belə bir mərkəzin açılışını etmək ürəyimdə arzu olaraq yaşayırdı. Nəhayət ki, bunu həyata keçirmək mənə nəsib oldu. Bu mərkəzi açmaqla məqsədimiz kitaba dönmək, gənclərimizi pis vərdişlərindən çəkinməkdən ibarətdir".

Tədbir iştirakçıları da çıxışı zamanı təxminən 20 illik fasilədən sonra "Azərkitab" mərkəzinin açılmasının yenidən fəaliyyətə başlamasını çox əlamət hadisə hesab etdilər.

Tədbirdə Mətbuat Şurasının rəhbəri, millət vəkili Əflatun Amaşov belə bir mərkəzin açılması münasibəti ilə layihə rəhbərinə təşəkkürünü bildirdi: "Bu mərkəzi açmaq böyük qəhrəmanlıqdır. Sabir Həsənova Azərbaycan jurnalistləri adından təşəkkürümü bildirirəm. Biz də hər zaman bu ideyanı dəstəkləyəcəyik, onunla bərabər mərkəzin təbliğatçısı olacağıq. Bu mərkəz eyni zamanda dostlarımızla görüşmək, söhbət etmək üçün ən əlverişli məkandır. Bu mərkəzin oxu zalları ilə bərabər kafeləri də var. Mərkəzdə mötəbər tədbirlərin keçirilməsi üçün də hər bir şərait yaradılıb. Bu Azərbaycanda bir ilkdir. Azərbaycan mədəniyyətinin inkişafında bir çox inkişafların başlanğıcını qoyacaq. Ümid edirəm ki, "Azərkitab" mərkəzi Sabir Həsənovun sayəsində fəaliyyətini daha da genişləndirəcək. Onlar da imkanlarını genişləndirib, şöbələrini, filiallarını müxtəlif bölgələrimizdə yaradacaqlar".

Xalq şairi Sabir Rüstəmxanlı çıxışı zamanı bildirdi ki, "Azərkitab" mərkəzinin açılışı Azərbaycan mənəviyyatında mühüm hadisənin göstəricisidir: "Bu günü kitabın, ədəbiyyatın bayramı hesab edirəm. İndi deyirlər ki, müasir dövrdür, kitab dəbdən düşür və elektron kitablar gündəmi zəbt edir. Mən heç də bu fikirlərlə razı deyiləm. Əgər elə olsa onda daş kitabların, papirusların bu qədər qiyməti olmazdı. Əksinə yeni oxu sistemi yarandıqca köhnələrin qiyməti artır". S.Rüstəmxanlı rayonlarımızda kitabxanaların yoxluğundan da danışdı: "200 min əhalisi olan bir rayonun bircə dənədə olsun kitabxanası yoxdur. Bu bizim acılı yerimizdir. Biz kitaba dönməliyik. Kitabı da döndərməliyik. Kitabı böyük rayonlarımıza göndərməliyik. Sabir Həsənov kimi insanlar çıxıb, belə kitabxanalar yaratmasalar belə kitabxanalarımız olmayacaq. Nə yaxşı ki, Sabir kimi təşəbbüskarlarımız var. "Azərkitab" mərkəzi çox böyük layihədir. Bu mərkəzi yaratmaq millətə xidmətdir".

Xalq yazıçısı Çingiz Abdullayev kitab mərkəzinin açılmasını sevindirici hal kimi qiymətləndirdi: "Bu gün ölkəmizdə ikiqat bayramdır. Kitablar silahdır. Bizim ordumuz, gələcəyimiz, Qarabağ məsələmiz hamısı məhz kitablardan asılıdır. Təəssüflər olsun ki, indi kitabxanalar bağlanır və onların yerinə restoranlar, şadlıq sarayları açılır. Akademik İsa Həbibəyli də Sabir Həsənovu təbrik edənlər sırasında oldu: "Bakıda kitaba etiqadsızlığın səbəbi Bakıdakı kitab mağazalarının bağlanmasında görürdüm. Mühüm səbəblərin başında onun durduğunu zənn edirdim. Ancaq gördüyüm bir çox nüanslar mənim fikrimi dəyişdi. Bu gün "Azərkitab" mərkəzinin açılması məni çox sevindirdi. Belə bir elm mərkəzin açılması hesab edirəm ki, mədəni, eyni zamanda elmi və ictimai siyasi hadisədir. "Azərkitab" mərkəzinin açılışı bilik, kitab bayramı kimi qeyd etməyi özümə borc bilirəm. Bu işdə Sabir müəllimə təşəkkürümü bildirirəm".

"Azərkitab" Kitab Təbliğatı Mərkəzinin rəsmi açılışı baş tutdu və Çingiz Abdullayev qırmızı lenti kəsərək mərkəzin açılışını etdi. Əməkdar artist Rafael İsgəndərov bizimlə söhbət zamanı bildirdi ki, belə bir məkanın açılışında iştirak etmək çox qürurvericidir: "İstərdim ki, buranı kitab mağazası deyil, mədəniyyət mərkəzi adlandırım. Belə mədəniyyət mərkəzlərinin günü gündən çoxalmasının arzusundayam. Çox arzulayıram ki, gənclərin kitaba həvəsi marağı meyli güclü olsun. Biz də bunun üçün əlimizdən gələni etməliyik".

Yazıçı-dramaturq, millət vəkili Hüseynbala Mirələmov bu gün Azərbaycan yazıçısının oxucu problemi olduğunu dedi: "Fikir vermisinizsə, çap olunan kitabların əksəriyyətinin tirajı 300, 500, ən yaxşı halda 1000 ədəddir. Amma ölkədə kitab oxumaq potensialı olan insanların sayı beş milyona yaxındır. Hesab edirəm ki, bunun əsl səbəbi kitabların, onları oxuculara tanıdan mərkəzlərin sayının cüzi olmasındadır. Bizim televiziyalarımız kitabı təbliği etməkdənsə, şou-biznesdən gəlir. Mənim onlara yazdığım gəlir. Çünki əsl savadsız elə onların özüdür. Gənclərimizin beynini zəhərləməklə məşğuldurlar. Hamı bilməlidir ki, bəşəriyyətin ən böyük kəşfi kitabdır. Kitabı təbliğ etmək lazımdır".

Professor Nizaməddin Şəmsizadə də bu mərkəzin açılmasını təqdirəlayiq hal kimi qiymətləndirdi: "Mən ilk dəfə Sabir müəllimlə görüşəndə hiss etdim ki, insan çox narahat insandır. Onunla söhbət edəndən sonra mənə məlum oldu ki, bu insan kitaba çox bağlıdır. Məhz Sabir kimi ziyalıların kitab təbliği sahəsində fəaliyyət göstərməyə can atmaları mənə ümid verir ki, hər şey yaxşı olacaq. Ona da söz vermişəm ki, bu sahədə nə problemi yaranarsa, ona hər zaman yaxından kömək etməyə hazıram".

Qeyd edək ki, Mərkəzin direktoru Misirxan Həsənovdur. O, Sabir Həsənovun oğlu, onun ideyalarının davamçısıdır. Biz də Misirxan Həsənovun fikirlərini öyrəndik: "Ailəmizin ruzisi kitabdan gəldiyindən evimizdə hansı mövzuda söhbət açılırdısa, mütləq sonu kitaba müraciət etməklə bitərdi. Kitabşünas kimi Bakıda tanınan Sabir müəllim uzun müddət "Azərkitab" sistemində çalışmışdır. Hələ mən uşaq ikən atam məni tez-tez özü ilə işlədiyi kitab mağazasına aparardı. Mən mağazada bir-birindən maraqlı bəzəkli kitabları vərəqləyib, oradakı müxtəlif şəkillərə baxardım. Kitablara marağımı görən atam hər gün evə bir kitab gətirərdi. Mən də səhərə qədər kitab oxuyardım. Bax kitabla sıx bağlılığım atamın işlədiyi kitab mağazasından başlayıb. Sonradan atamın işlədiyi kitab mağazası bağlandı. Lakin mən böyüdükcə hiss edirdim ki, kitaba daha çox bağlanıram. Bir neçə ay öncə atam evə gəlib Bakı şəhərində bir kitab mağazası açmağı planlaşdırdığını deyəndə, mən böyük həvəslə onunla birlikdə çalışacağımı bildirdim. Beləliklə, atamın "Azərkitab" Kitab Təbliğatı Mərkəzi layihəsi bu gün reallaşdı".

Xəyalə Rəis