Avropanın cənubunda anormal istilər başlayır
Aralıq dənizi sahillərində yerləşən Avropa ölkələrində 2023-cü ilin yayının ən böyük isti dalğası başlayır.
Oxuməni.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
“Cerberus” ləqəbli isti dalğası İspaniya, Fransa, İtaliya, Yunanıstan, Xorvatiya və Türkiyənin bir hissəsini əhatə edəcək. Havanın temperaturunun 40°C-dən çox olacağı gözlənilir. İstinin İtaliyada bəzi yerlərdə hətta 48,8°C-yə çatacağı gözlənilir.
Sonrakı günlərdə bir çox yerlərdə yeni yüksək temperaturlar qeydə alına bilər.
Artıq kəskin istilərlə bağlı İtaliyanın 10 şəhərində, o cümlədən Roma və Florensiyada isti dalğası ilə əlaqədar qırmızı təhlükə elan edilib.
Ölkədə həddindən artıq istilər dolayısı ilə bir nəfərin ölümünə səbəb olub. Milanın yaxınlığındakı Lodi şəhərində yol nişanlarını çəkən 44 yaşlı fəhlə istidən huşunu itirib. Kişi daha sonra xəstəxanada dünyasını dəyişib. Bir neçə turistin istidən huşunu itirdiyi də bildirilir.
Hələlik Avropa üçün maksimum temperatur 48,8°C olaraq qalır ki, bu da 2021-ci ilin avqustunda İtaliya Siciliyasının Sirakuza şəhəri yaxınlığında qeydə alınıb.
Mütəxəssislərin hesablamalarına görə, ötən il yayda Avropa üçün rekord həddə çatan istilər səbəbindən 61 mindən çox insan dünyasını dəyişib.
Araşdırmalar göstərir ki, Avropa iqlim dəyişikliyi nəticəsində dünyanın digər hissələrinin orta göstəricisindən iki dəfə daha sürətlə istiləşir.
Əziz Mustafa, Oxumeni.az