Ukrayna dronlarla Krıma hücum edib

Ukrayna dronlarla Krıma hücum edib

24 İyul 2023 12:33
Bəyəndim (0) Bəyənmədim (0)

İyulun 24-də səhər saatlarında hava hücumundan müdafiə qüvvələri Krım səmasında Ukraynaya məxsus 11 pilotsuz təyyarəni vurub.

Oxuməni.az xəbər verir ki, bunu yarımadanın “rəhbəri” Sergey Aksyonov deyib.

“Cankoy vilayətində silah-sursat anbarında zərbə olub. Həmçinin, Kirovski rayonundakı şəxsi ev PUA-nın dağıntıları nəticəsində zədələnib"- deyə o rəsmi Teleqram kanalında yazır.

Aksyonov əlavə edib ki, pilotsuz təyyarələrin hücumu səbəbindən “təhlükəsizlik məqsədilə” Cankoy rayonunda dəmir yolu və Cankoy-Simferopol avtomobil yolunda hərəkət dayandırılıb.

Partlayış yerindən beş kilometr radiusda yaxınlıqdakı kəndlərin boşaldılması barədə qərar qəbul edilib. İlkin məlumata görə, zərərçəkən olmayıb.

Teleqram kanalının mesajına görə, səhər saat yeddi ilə səkkiz arasında Krım körpüsü ilə nəqliyyatın hərəkəti bağlanıb. Həmçinin yerli teleqram kanalları Krasnoqvardeyski rayonunda partlayışlar barədə məlumat verir. Bəzi məlumatlara görə, hədəf Veseloye kəndindəki aerodrom olub.

Aksyonov həmçinin Krımda silah-sursat anbarının Ukrayna pilotsuz təyyarəsinin hücumu nəticəsində partladıldığını təsdiqləyib.

Bu, son üç gündə Krımda silah-sursat anbarına ikinci zərbədir.

Əziz Mustafa