Şahin Mustafayev Lənkəranda vətəndaşları qəbul edib

Şahin Mustafayev Lənkəranda vətəndaşları qəbul edib

1 İyul 2016 15:28
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün İqtisadiyyat naziri Lənkəran şəhərində Lerik, Astara və Lənkəran rayonlarından olan vətəndaşları qəbul edib.

Apa-nın cənub bürosunun xəbərinə görə, nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri Ş. Mustafayev tərəfindən diqqətlə dinlənilib, bir sıra məsələlər yerindəcə həll edilib, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün Nazirliyin müvafiq struktur bölmələrinə konkret tapşırıqlar verilib.

İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər barədə vətəndaşlara ətraflı izahat verilib, icrası nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilib.

Ümumilikdə qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin alınması, müvəkkil kredit təşkilatı kimi Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlıq, region üçün ənənəvi sahələrin inkişafı, istehsal və emal müəssisələrinin yaradılması, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.

Bundan başqa, qəbula gələn sahibkarların təklifləri müzakirə edilib, heyvandarlıq, quşçuluq, arıçılıq, taxılçılıq, çayçılıq sahələrinin inkişafı, istixanaların, soyuducu anbarların, yaradılması, süd və süd məhsulları, dəmir məmulatları istehsalı və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi, alkoqolsuz içkilər zavodunun və sənaye-mexanikləşdirmə müəssisənin fəaliyyətinə dəstəyin göstərilməsi barədə müvafiq göstərişlər verilib.

Sahibkarlar özəl bölmənin inkişafı istiqamətində həyata keçirilən islahatlardan - lisenziyalaşdırma sisteminin sadələşdirilməsi, sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması, qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, gömrük prosedurunun sadələşdirilməsi, investisiya təşviqi sənədinin tətbiqi və s. tədbirlərdən razılıqlarını ifadə ediblər.

Qəbul günü digər rayonlardan olan vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilib, onların müraciətlərinə diqqətlə yanaşılıb, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun olaraq, müvafiq tədbirlər görülüb.

Qəbula gələn vətəndaşlar əhaliyə göstərilən hərtərəfli qayğıya, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulunun təşkilinə və yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq ediblər.

Ümumilikdə, Lənkəranda keçirilmiş qəbulda 50-ə yaxın vətəndaş müraciət edib.

Mediainfo.az