Prezidentin xəbərdarlığından sonra torpaq məsələsində nəzarət güclənib
Qulu Xəlilov: "Torpaq müfəttişləri 19.2 min pozuntu halı aşkar ediblər, bundan 4479 hal ciddi pozuntu hesab olunur"
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Nazirlər Kabinetinin ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirəsindəki çıxışında oliqarxlara məxsus olan və istifadəsiz saxlanılan torpaqlar zəbt olunacağı barədə xəbərdarlıq etmişdi. Ölkə başçısının xəbərdarlığından və tapşırıqlarından sonra müvafiq nazirliklərdə, Kənd təsərrüfatı Nazirliyi və Əmlak Məsələləri üzrə Dövlət Komitəsində bu istiqamətdə işlər sürətləndirilib.
Komitənin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov "Yeni Müsavat"a danışarkən bildirib ki, prezidentin tapşırıqlarına əsasən ƏMDK respublikada mülkiyyət növündən asılı olmayaraq torpaqların elektron uçotu sisteminin qurulması, habelə torpaqların, xüsusilə kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi, səmərəli və təyinatı üzrə istifadənin təmin olunması sahəsində tədbirlərini davam etdirir: "İndiyədək bu sahədə aparılan işlər həm torpaqların elektron uçotu və kadastr xəritələrinin tərtibini, həm də pozuntuların aşkara çıxarılmasını əhatə edib. Görülən işlər nəticəsində torpaqlardan istifadə ilə bağlı ciddi çatışmazlıqların və qanun pozuntularının olduğu aşkarlanıb. Bu hallarla bağlı müvafiq tədbirlər görülüb və aidiyyəti qurumlar məlumatlandırılıb. Hazırda ƏMDK tərəfindən fəal şəkildə torpaqların elektron uçotu və onlara nəzarət tədbirlərini davam etdirirlər. Belə ki, cənab İlham Əliyevin 7 mart 2016-cı ildə imzaladığı "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Fərmana uyğun olaraq komitə ölkədəki torpaqların elektron uçotu sistemini yaratmağa başlayıb".
Q.Xəlilovun sözlərinə görə, hazırda 10 rayonda (Abşeron, Salyan, Cəlilabad, Göygöl, Siyəzən, Ağcabədi, Ağsu, Oğuz, Balakən və Zaqatala rayonlarında) torpaqların elektron uçotu işləri aparılır, elektron torpaq xəritələri tərtib edilir: "Artıq elektron uçotun müsbət nəticələri də əldə edilib. Azərbaycanın kadastr tarixində ilk dəfə olaraq Bakı, Sumqayıt və Gəncə şəhərlərinin elektron kadastr məlumat bazası yaradılıb, bu şəhərlərin rəqəmsal kadastr xəritələri tərtib edilib. Hazırlanmış elektron kadastr məlumat bazası hər bir torpaq parseli barədə mükəmməl məlumatların (sahəsi, torpağın mülkiyyət növü, təyinatı, mülkiyyətçisi və s.), həm də bu torpaq sahəsi üzərindəki tikili haqqında texniki kadastr göstəricilərinin (mərtəbəliliyi, təyinatı, tikilinin sahəsi, təchizat vəziyyəti və s.) əldə edilməsinə şərait yaradır. Bununla yanaşı, ölkənin 4.1 mln. ha ərazisinin ortofotomateriallarının rəqəmsallaşdırılması işi yekunlaşıb və relyef xəritələrinin hazırlanması işinə başlanılıb. Dəqiq stereomodellər üzərindən rəqəmsallaşdırma nəticəsində əldə edilmiş relyef xəritələri, kənd və meşə təsərrüfatında ərazi planlaşdırmasında, fermer təsərrüfatlarının ixtisaslaşma istiqamətlərinin müəyyənləşdirilməsində, torpaqların erroziyadan qorunmasına dair kompleks tədbirlər sisteminin hazırlanmasında istifadə olunacaq".
Mətbuat katibinin fikrincə, torpaqların keyfiyyətinə dair dəqiq kadastr uçotu məlumatlarının əldə edilməsi torpaqların yaxşılaşdırılması, onun münbitliyinin qorunması və artırılması ilə bağlı torpaq mülkiyyətçilərinə və fermerlərə elmi-praktiki tövsiyələrin verilməsinə şərait yaradacaq: "Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması işlərinin 2020-ci ilədək yekunlaşdırılması nəzərdə tutulur. Bu tədbirlər torpaqlardan istifadənin səmərəsini və onlara nəzarəti gücləndirəcək. ƏMDK torpaqların əsassız zəbt olunması, torpaqlarda təyinatına zidd aparılan özbaşına tikinti hallarının, dənizkənarı mühafizə zolaqları ilə bağlı pozuntuların qarşısının alınması üzrə torpaq reydləri və monitorinqləri intensivləşdirib. Respublika üzrə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlarda qanunvericiliyin tələblərinin pozulması hallarının bazası yaradılıb, Xəzər dənizinin sahilboyu 20-50 metrlik mühafizə zolağı boyunca mövcud torpaqayırmaların və obyektlərin siyahısı tərtib edilib, meşə fondu torpaqlarında inşa edilmiş sosial, iaşə və istirahət obyektləri müəyyənləşdirilib, respublika üzrə torpaq icarəçilərinin siyahısı hazırlanaraq elektron bazada yerləşdirilib".
Aparılan nəzarət tədbirləri nəticəsində torpaqların istifadəsi ilə bağlı çoxsaylı pozuntu hallarının aşkar edildiyini də deyən Q.Xəlilov vurğuladı ki, respublika üzrə mövcud olan 1.8 mln. hektar əkin sahəsinin 198 min hektarı (11,3%) istifadə olunmur: "Bundan başqa, 2.6 min hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 91 qanunsuz daş, qum-çınqıl karxanaları, 6 min hektar torpaq sahəsində isə 222 qanunsuz balıq gölləri yaradılıb. Digər tərəfdən, icra hakimiyyətləri və bələdiyyələr 1204 hektar torpaq sahəsinin qanunsuz istifadəyə, icarəyə, mülkiyyətə verilməsinə, təyinatının qanunsuz dəyişdirilməsinə dair 245 qərar qəbul ediblər. Araşdırmalar göstərib ki, hazırda icarəyə verilən dövlət torpaqlarının bir hissəsindən ümumiyyətlə istifadə edilmir. Belə ki, respublikanın şəhər və rayonları üzrə 20 minə yaxın torpaq icarəçisinin istifadəsində olan 1.2 mln. hektar torpaq sahəsinin 44.3 min hektarı faktiki istifadəsiz qalıb. Yerli icra hakimiyyətləri və bələdiyyələr də kənd təsərrüfatı torpaqlarını bəzi hallarda qanunsuz olaraq digər məqsədlərlə ayırırlar. Belə ki, ötən dövrlər ərzində yerli icra hakimiyyətləri tərəfindən 72 min hektar torpaq sahəsi, bələdiyyələr tərəfindən 15 minə yaxın hektar qeyri kənd təsərrüfatı məqsədləri üçün ayrılıb. 122 min hektar torpaq sahəsi isə keçmiş icarəçilər tərəfindən icarə müqaviləsi olmadan istifadə edilir.
Bu sahədə nəzarəti həyata keçirən torpaq müfəttişləri 19.2 min pozuntu halı aşkar ediblər, bundan 4479 hal ciddi pozuntu (13686 fərdi yaşayış evi istisna olmaqla) hesab olunur. Bu hallarla bağlı fiziki və hüquqi şəxslərə 1169 xəbərdarlıq edilib, 349 inzibati protokol tərtib olunub.
ƏMDK tərəfindən həyata keçirilən bu tədbirlər nəticəsində istifadə olunmayan və əkinə yararlı torpaqların kənd təsərrüfatı istehsalatına, müxtəlif aqromeleorativ tədbirlərin tətbiqi ilə yeni torpaqların kənd təsərrüfatı dövriyyəsinə cəlbi, istifadədə olan torpaqların münbitliyinin qorunması və artırılması məqsədləri üçün kompleks tədbirlərin həyata keçirilməsinə zəmin yaranacaq". (musavat)
Mediainfo.az