DTX ölkəmizdə kimləri və niyə dinləyir: siyahıda kimlər var?

DTX ölkəmizdə kimləri və niyə dinləyir: siyahıda kimlər var?

19 İyul 2021 16:51
Bəyəndim (0) Bəyənmədim (0)

İsrail şirkətinin yaratdığı “Pegasus” proqramı cinayətkarları və terrorçuları izləmək üçün istifadə edilir: telefon danışıqları, hərəkət marşrutları, görüşdüyü şəxslər və s. bu proqramın köməyi ilə dəqiq təsbit edilir.

Oxuməni.az xəbər verir ki, dünyanın beynəlxalq media qurum və təşkilatları isə ötən gün yaydıqları açıqlamada bu proqram vasitəsilə 50-dən artıq dövlətdə minlərlə müxalif siyasətçi, jurnalist, nazir, diplomat, hərbçi və s. izlənildiyi barədə böyük bir araşdırmanın hesabatını yayıb. Bu araşdırmada Azərbaycan və azərbaycanlı siyasətçilər, jurnalistlər və s. də adı keçir.

Siyahıda “dinləyən” ölkələrin böyük əksəri dünyanın ən güclü dövlətləridir. Ona görə inanmaq olmur ki, cəmi 50 ölkə bu proqramdan istifadə edib. Bəs, digər ölkələr?

Əvvəla, belə hökm vermək olar ki, araşdırma yarımçıq aparılıb və yaxud dünyanın əsas dövlətlərinin xüsusi xidmət orqanları tədqiq edilib, digər ölkələri heç araşdırmaya cəlb etməyi lazım bilməyiblər. Bu isə o deməkdir ki, Azərbaycan və Azərbaycanın xüsusi xidmət orqanlarının fəaliyyəti, məsələn, ABŞ, Rusiya, Fransa ilə eyni ranqda götürülür.

Bu, artıq Azərbaycanın beynəlxalq nüfuzu baxımından olduqca önəmli məsələdir.

İkincisi, illərdir ki, media, jurnalistika və jurnalistlər dövlətlərin apardığı daxili və xarici siyasətdə fövqəladə mühüm əhəmiyyət kəsb edirlər. “İnformasiya savaşı” deyilən anlayış təsadüfən meydana gəlməyib. İnformasiya – artıq dövlətlərin milli təhlükəsizliyində 90-cı illərdəki 20-ci yerdən indi birinci yerə qalxıb. Dünyanın özü belə informasiya ilə idarə olunur: informasiya ilə neft qiymətləri qalxır, birjalarda kataklizmlər yaşanır, dövlətlərin imici formalaşır... Bir dövlətə qarşı təzyiq üçün ilk növbədə beynəlxalq jurnalist təşkilatları dövriyyəyə buraxılır, onların “söz azadlığı” indeksi ilə “qiymətləndirmələri” tirajlanır, daha sonra beynəlxalq qurumların “tələbi” başlayır, ardınca iqtisadi təzyiqlər, “şəffaf mühit olmadığı üçün” investisiyaların məhdudlaşdırılması tətbiq edilir. Bu “hesabatları” hazırlamaq üçün yerli mənbələrdən, xüsusilə siyasi müxalifət və jurnalistlərdən istifadə olunur. Həmin jurnalistlərə hazırladıqları yalnız bir araşdırmanı öz adına dərc etməsi üçün bəzən 25 min avro “qrant” ayrılır, həmin müxalifətçiyə müxtəlif yollarla maliyyə dəstəyi göstərilir və s.

Belə bir halda o jurnalist, siyasətçi və yaxud Əli İnsanov kimi nazir niyə dinlənilməməlidir? Onun hansı işləri gördüyü, kiminlə görüşdüyü niyə nəzarətə götürülməməlidir?

Üçüncüsü, Azərbaycanla bağlı siyahıda bu hakimiyyəti birmənalı olaraq, fanatcasına dəstəkləyənlərin də adını gördük. Sual olunur: onlar niyə dinlənilir bəs?

Hər şey bu sualın içində gizlənib. Xüsusi xidmət orqanları ən azı böyük kütləyə təsir imkanları olan ciddi media qurumlarının rəhbərlərini birmənalı nəzarətdə saxlamalıdır. Həm də ona görə ki, məsələn, konkret olaraq Azərbaycanda dünyanın ən güclü xüsusi xidmət orqanlarının şəbəkəsi və maraqları var.

Yadınıza salın, bir müddət öncə adı çəkiləndə dünyanən ən böyük xüsusi-xidmət orqanlarının belə “dizinə su endiyi” Rusiya QRU-sunun Azərbaycan (o cümlədən Ermənistan) ilə bağlı bir siyahısı ortaya çıxmışdı. O siyahıda “zəruri halda əməkdaşlığa cəlb edilə biləcək “potensial” jurnalistlərin” siyahısı vardı.

Əlbəttə, bu o demək deyildi ki, onlar QRU-nun agentləridir. QRU agentlərini, casuslarını və “peşkalarını” bu cür güdaza vermir və əslində QRU Azərbaycanda kimlərlə işlədiyini də açıqlamaz (Amma əminəm ki, DTX bu siyahını bilir). O siyahı həmin şəxslərin daha çox qeyri-peşəkar, informasiya manipulyasiyası qarşısında hazırlıqsız olmasına aid bir qənaət idi.

Azərbaycan xüsusi-xidmət orqanları həmin şəxsləri niyə nəzarətə götürməməli, onların özləri də bilmədən, tutaq ki, QRU-nun əlində alət olmasına şərait yaratmalı, ölkənin milli təhlükəsizliyini sual altında qoymalıdır? Guya bütün jurnalistlər “redaksiyaya daxil olan” məlumatın manipulyasiya olub-olmadığını günlərlə araşdırır? Guya bütün jurnalistlər bu texniki, maddi və peşəkar imkanlara sahibdir?

Xüsusi xidmət orqanları ən azı “media kaptanlarını”, o cümlədən xaricdən şübhəli qrantlar alanları nəzarətə götürmürsə, demək, o qurum öz işinin öhdəsindən gələ bilmir, dövlətimizi təhlükəyə atır.

Nəzarətə götürüb, onların telefonunu dinləyib, nə edib DTX? Həbslərmi gerçəkləşdirib, yoxsa sui-qəsdmi edib, bəlkə kimisə zirzəmiyə atıb, yainki Qaşıqçı misalı sıradan çıxarıb? Azərbaycanda kimsə deyə bilərmi ki, hansısa jurnalist ədalətli, sərbəst, müstəqil fəaliyyətinə görə bircə dəfə də olsun , DTX əməkdaşlarının hədəfinə tuş gəlib?

Mümkün deyil, olmayıb belə bir şey, olmayacaq da! Ancaq hakimiyyətin yanında olan, dövlətin milli siyasətini həyata keçirən və informasiya savaşında öndə olan media qurumlarının informasiya manipulyasiyasına düşməməsi, hansısa arzulanmaz əlaqədən qorunması, lap açıq yazaq, QRU, KQB, Mi6, ələlxüsus ETTALAAT tilovuna özü də bilmədən keçməməsi üçün nəzarətdə saxlanılmalı, lazım olduğu halda ona dəstək göstərilməli, “gözü açılmalıdır”. DTX jurnalisti və yaxud siyasətçini, yainki naziri öldürmək üçün güdmür; onu güdməlidir ki, milli maraqlara zidd fəaliyyət göstərib-göstərmədiyini bilsin. Əgər düşünülmüş fəaliyyətdirsə, dövləti içəridən sarsıtmağa yönələn əməllər edirsə və bunu erməni maliyyəçilərin dəstəklədiyi beynəlxalq qurumlardan aldığı pul müqabilində həyata keçirirsə, cəzalandırma və islah yolunu özü düşünəcək. Yox, təcrübəsizlik edibsə və yaxud son dərəcə peşəkar xüsusi xidmət orqanının mükəmməl əməliyyatının hədəfinə çevrilib, özü də bilmədən yanlışa yol veribsə, ona bilik, informasiya dəstəyi göstəriləcək və yardım ediləcək.

Türkiyə mediasında dostları olanlara soruşuram: hansı nüfuzlu media qurumu MİT-lə çalışmır? Hansı nüfuzlu jurnalist MİT-dən məsləhət almır? Hansı nüfuzlu şəxs MİT-ə söykənmir, arxalanmır, güvənmir? MİT bu ölkəni sevənlərin istinad yeridir və jurnalistlər çətinə düşən kimi özləri kömək istəyirlər və yaxud MİT dərhal yardıma gəlir. Ona görə dünyanın ən nüfuzlu xüsusi xidmət orqanlarının onillərdir bütün qüvvələri ilə çalışdığı Türkiyə hələ də ayaqdadır!

Bəs, biz? Azərbaycan böyük bir zəfər qazanıb - xüsusi xidmət orqanları saat kimi işləyib, məxfi informasiyalar əldə edib, Ordumuzun qələbəsinə töhfələr verib! Bəs, bu qələbəyə qarşı sui-qəsd informasiyalarına və münaqişədən sonrakı dönəmdə amansız informasiya savaşında “informasiya savaşının əsgərləri”nə niyə arxa olmamalıdır? Niyə Ordudakı xəyanətkarları dərhal zərərsizləşdirəndə DTX yaxşı olur, ancaq mediadakı mümkün xəyanəti nəzarətdə saxlamaq istəyəndə pis? Ordumuzun əməliyyatının yüksək səviyyədə, peşəkar olması üçün bütün informasiyalarla MN-i təmin edir, Ordumuzun qələbəsində müstəsna rol oynayır, ancaq informasiya savaşının əsgərlərinə informasiya dəstəyi göstərib, mediaya yardım etmir? Belə şey necə ola bilər və necə təsəvvür edirsiniz?

Hər nüfuzlu ölkənin öz xüsusi xidmət orqanı əgər öz mediasını (öz sahəmizdən danışırıq, amma digər sahələrə də aiddir) izləmirsə, dinləmirsə, hər kəsi başlı-başına buraxıbsa, xəyanətkarları təmizləmirsə, şübhəli mənbələri tanıtmırsa, mediaya dəstək göstərmirsə və bizim yanımızda deyilsə, onda Azərbaycan necə qüdrətli ola, informasiya savaşında qalib gələ, milli siyasətini təbliğ edə bilər?

DTX-nın sizi dinləməsindən qorxmayın! Əksinə, əgər siz xarici xüsusi xidmət orqanının oyuncağı deyilsinizsə, bu Vətəni ananız qədər sevirsinizsə, bu ölkənin milli maraqları üçün informasiya savaşında əsgər olmağa hazırsınızsa, onda xüsusi xidmətin sizi daha rahat izləməsinə şərait yaradın. Məsələn, FB parolunuzu iki saatdan bir dəyişməyin, email ünvanlarınızı tez-tez yeniləməyin, daha güvəncli davranın, açıq olun, lazım gələndə isə DTX-dan yardım istəyin.

Yoxsa sən hər p...u yeyəcəksən, erməni maliyyəsi alıb, ölkə əleyhinə kampaniya aparacaqsan, bu ölkənin milli maraqlarına ermənilərdən betər zərbə vuracaqsan, erməni kanalına çıxıb, Azərbaycanın yıxıb-sürüyəcəksən, burda diktatura olduğunu deyib, “heç bir halda Qarabağdakı ermənilər Azərbaycanın nəzarətinə keçə bilməz, çünki bizdə insan haqları pozulur” kimi eybəcərliyi gəvəzələyəcəksən və Vətənə xəyanətini insan azadlıqları pərdəsi altında gizləməyə çalışacaqsan, sonra da şüvənlik salacaqsan ki, DTX səni niyə izləyir?

Səni sona qədər izləmək, lazım gəlsə ağıllandırmaq DTX-nın görəvidir, milli hədəfimiz uğrunda tələbdir, Vətəni qorumağın ən birinci yoludur...Axar.az