Ermənistan və Rusiya sərhəd müəyyənləşməsini, həmçinin  Qarabağ məsələsinin  nizamlanmasını  uzatmağa çalışır

Ermənistan və Rusiya sərhəd müəyyənləşməsini, həmçinin Qarabağ məsələsinin nizamlanmasını uzatmağa çalışır

27 Yanvar 2022 12:55
Bəyəndim (0) Bəyənmədim (0)

Çoxsaylı problemlər içərisində azad edilməmiş ərazilər (separatçıların fəaliyyət göstərdiyi ərazi) və azad edilmiş torpaqlarla bağlı mövcud vəziyyət Azərbaycanın öndə gələn problemləridir və bir-birilə sıx əlaqəlidir. Azad edilməmiş ərazilər və ətrafında yaranmış vəziyyət daha mürəkkəbdir, çünki məsələnin tam həlli yalnız özümüzdən asılı deyil.

Ötən ilin sonlarına yaxın keçirilən Soçi və Brüssel görüşləri il ərzində Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində aparılan passiv danışıqların aktiv bir mərhələyə qədəm qoyacağına böyük ümidlər yaratsa da, il başlanandan tədricən müharibədən əvvəlki nəticəsiz danışıqlar ssenarisinə qayıtmaq cəhdləri müşahidə olunur. Adətən, yeni ilin əvvəllərində dünyada siyasi, ictimai proseslərdə bir yavaşıma, durğunluq olması ənənəsi Qazaxıstan hadisələri ilə tamam pozuldu və dünyanın diqqətinin burada baş verənlərə yönəlməsinin şahidi olduq. Qazaxıstanda vəziyyət sabitləşdikcə tədricən hər kəs öz probleminə dönməyə məcburdur, o cümlədən Azərbaycan və Ermənistan da. Baxmayaraq ki, Qazaxıstanda hadisələr tam səngiməmiş Ermənistanla sərhəddə növbəti təxribatlar oldu və təəssüf ki, yenə də şəhid verdik.

Tərəflərdən əvvəl aktiv mövqenin Kremldən gəldiyini deyə bilərik. Ötən həftə - yanvarın 14-də RF XİN-in ənənəvi brifinqində Sergey Lavrov Qarabağla əlaqədar verilən suala cavabında Rusiyanın hədəflərini bir daha bəyan etmiş oldu. Bu məsələdə həm köhnə mövqe, həm də yeni ola biləcək məqamlar öz əksini tapmışdı. Köhnə mövqe ondan ibarətdir ki, Rusiya diplomatiyasının rəhbəri Sergey Lavrov sərhədlərin delimitasiyasına yenidən qayıdıb sərhədlərin müəyyənləşməsinin Qarabağ probleminə aidiyyatı olmadığını bildirdi. Yəni ki, Kreml bir daha açıq şəkildə tərəflərə bildirdi k, sizin sərhəd mübahisənizin Rusiyanın Qarabağda qalmağına dəxli yoxdur və Qarabağın son statusu hələ nizamlanmayıb. Bu, perspektiv müzakirələrin predmetidir, Rusiya Qarabağda qeyri-müəyyən müddətə qalacaqdır. 10 noyabr razılaşmasında bu maksimum 2030-cu il göstərilsə də, Rusiyanın siyasətində qeyd olunan müddətlərin uzadılması və tamam başqa istiqamətə yönəldilməsi xəttini postsovet məkanındakı digər münaqişə ocaqlarının təcrübəsindən yaxşı bilirik.

Abxaziya və Cənubi Osetiyada da Rusiya sülhməramlı statusunda yerləşmişdi. 2008-də Rusiya separatçı rejimləri dövlət olaraq tanıyıb, faktiki Gürcüstanın ərazisini işğal etdi. Qarabağın başı üzərində belə bir ssenarinin reallaşmasına aparan xeyli narahatçılıqlar mövcuddur. Rusiyanın Qarabağda yerləşdiyi bir gündən göstərdiyi fəaliyyət heç bir halda sülhə xidmət etməyib. Xocalıda kilsə tikintisindən, məlum büstlərin qoyuluşundan tutmuş başqa ölkələrin nümayəndələrini Azərbaycanın icazəsi olmadan sərhəddən buraxmasına kimi hərəkətləri separatçı rejimə stimul verməyə hesablanıb. Yeri gəlmişkən, yanvarın 20-də RF XİN-in mətbuat rəhbəri Mariya Zaxarova xarici vətəndaşların Laçın dəhlizindən keçməklə Azərbaycan ərazisinə buraxılmasını Rusiyanın müstəsna hüququ kimi qiymətləndirib.

Lavrovun sərhədlərin müəyyənləşməsində Ermənistanın yeni mövqeyinin olması barədə dedikləri özünü çox ləngitmədi və nə qədər təzadlı görünsə də, məlum oldu ki, məğlub Ermənistan bizə şərt irəli sürür. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, sərhəddən ordu geri çəkilməli, sərhəd qoşunlarının nəzarəti yaranmalı və bundan sonra delimitasiya və demarkasiya işlərinə başlanmalıdır. Üstəlik, Qarabağın da statusuna toxunaraq “status məsələsinə heç bir məhdudiyyət qoyula bilməz” şərtini səsləndirib. Yenə də Minsk Qrupunun fəaliyyətə başlaması və Azərbaycanın mövqeyinin əksinə olan başqa təkliflər də təkrar vurğulanıb. Məğlub dövlətin şərtlər irəli sürməsinin yalnız onun iradəsi ilə bağlı olmadığı şübhə yaratmır.

Məsələ aydındır. Ermənistan və Rusiya sərhəd müəyyənləşməsini də, Qarabağ məsələsinin tam nizamlanmasını da maksimum uzatmağa çalışır. Ermənistan bölgədə yaranmış geosiyasi reallığı nə vaxtsa öz xeyrinə dəyişəcəyində, Rusiya isə Cənubi Qafqazda təsir və təzyiq imkanlarını saxlamaq məqsədilə münaqişənin tam nizamlanmasına imkan verməməkdə maraqlıdır.

O zaman Azərbaycan hansı addımları atmalıdır?

Beynəlxalq hüquqda tanınmış sərhədlərimizin haradan keçdiyi bizə məlumdur. Ermənistanın şərtlərini qəbul etmədən və ikitərəfli komissiyanın nə vaxtsa yaranacağını gözləmədən sərhədlərimizdə ən müasir standartlara uyğun olaraq sərhəd-mühəndis qurğuları yaratmaqla, möhkəm sərhəd zolağını çəkməliyik. Qazax rayonu istiqamətində işğal altında olan anklav kəndlərin boşaldılması üçün konkret vaxt təyin etməklə, danışıqlara başlamalıyıq. Düşmənin bizim sərhədlərimizi və ərazi bütövlüyümüzü tanıyıb sülh müqaviləsi imzalaması bu gün real deyil və buna ümid etmək olmaz.

10 noyabr razılaşmasına əsasən Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən son nəfərinədək çıxarılmasını tələb etməliyik.

Yuxarıda qeyd etdiyimiz kimi, ikinci problem azad edilmiş torpaqlara qayıdışla bağlıdır. Müharibədən keçən 14 ay ərzində baş verənlər onu deməyə əsas verir ki, məcburi köçkünlərimizin keçmiş Dağlıq Qarabağ ərazisindəki doğma yurdlarına geri dönməsi tunelin sonundakı işığı görmək kimi yox, arzulamaq kimi görünür. Nəinki keçmiş Dağlıq Qarabağ ərazisinə, hətta azad edilmiş torpaqlara geri dönmək haqqında da bu gün cəmiyyətdə aydın təsəvvür yoxdur. Torpaqlar azad ediləndə köçkünlər arasında aparılan “geri dönəcəksənmi” sorğusu nə qədər ikrah doğururdusa, son günlər Şuşaya və Ağdama açılacaq avtobus marşrutlarının şərtləri bu təsəvvürü daha da qaranlıq edir. “Vətəndaş ildə bir dəfə gedə bilər” şərtinin absurdluğu bir tərəfə, bu şərt onu deyir ki, o yerlərin sakinləri hələ doğma yurdlarına köçməyi yaxın zamana gözləməsinlər. Üstəlik, düşmən təbliğatı bu durumu öz xeyrinə, separtçı rejimin möhkəmlənməsinə istifadə edir. Real və təbii səbəblər məlumdur; ərazilərin minalardan təmizlənməsi, həyati vacib obyektlərin - işıq, su, istilik, yol infrastrukturlarının yaradılması, bu işlər üçün maliyyə vəsaitinin ayrılmasının çətinlikləri və sairə. Qeyd olunan işlər zaman tələb edir, amma qayıdış problemlərinin həlli bütövlükdə yalnız dövlət tərəfindən görülsə, bu zaman kəsimi bir neçə onilliklər alacaq. İnfrastrukturun yaradılması və minalardan təmizlənmə dövlətin işidirsə, məskunblaşma prosesində o yerin sakinlərinin gücü və imkanlarından maksimum istifadə olunmalıdır və əlbəttə ki, dövlətin nəzarəti ilə. Azad edilmiş torpaqlara qayıdışın zaman məsafəsi uzandıqca, o yerlərə köçmək istəyənlərin sayı doğrudan azalacaq. Bu gün yeniyetməliyi və gəncliyi o yerlərdə keçən insanlar ortalama 45-55 yaşlarındadır. Az bir hissəni yaşlı insanlar təşkil edir və onların geri qayıtmaq istəyi daha güclüdür. Bu kateqoriya insanlar təbii olaraq azaldıqca, paralel olaraq o yerlərə qayıdanlar da azalacaq. Bu durum, ümidlə yaşayan insanlar üçün həyat faciəsidir.

2022-ci ildə istər azad edilməmiş torpaqlarla və dövlət sərhəddi ilə, istərsə də azad edilmiş ərazilərlə bağlı Azərbaycanın qarşısında həqiqətən diplomatik, hərbi, iqtisadi baxımdan böyük işlər dayanır.

İlham İsmayıl, Təhlükəsizlik sahəsi üzrə ekspert