İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində Azərbaycan böyük uğurların müəllifinə çevrilib

İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində Azərbaycan böyük uğurların müəllifinə çevrilib

7 Mart 2023 10:13
Bəyəndim (0) Bəyənmədim (0)

Sovetlər İttifaqının dağılması ilə yenidən müstəqil dövlətə çevrilən Azərbaycan öz tərəqqisini demokratik meyarlar üzərində qurmaqla ötən müddət ərzində bu istiqamətdə böyük nailiyyətlər əldə edib. Ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının formalaşması, hüquqi dövlət quruculuğunda əldə olunan nailiyyətlər, demokratik dəyərlərin və təsisatların təşəkkül tapması qeyd olunanların real təsdiqi kimi çıxış edir. Bütün bunlar fonunda diqqət mərkəzində yer alan əsas məqamlardan biri də insan, vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsidir. Azərbaycan bu sahədə də artıq möhtəşəm müvəffəqiyyətlərin müəllifi hesab edilir. Ümumiyyətlə, ölkəmizdə reallaşdırılan rasional və praqmatik siyasi kursun mahiyyətində yer alan əsas cəhətlərdən biri də məhz insan hüquq və azadlıqlarının təminatının davamlı olaraq gücləndirilməsidir. Bunun nəticəsidir ki, ölkədə insan hüquqları ilə bağlı qanunvericilik bazası təkmil hala gətirilib.

İnsan hüquq və azadlıqları ilə bağlı bütün əsas məqamlar Azərbaycan Konstitusiyasında öz əksini tapıb. Burada xüsusi olaraq vurğulanır ki, insan hüquq və azadlıqlarının, ölkə vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu məqsədə nail olmaq üçün Azərbaycanda qəbul edilən qanunların ilk növbədə Konstitusiyada və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş insan hüquq və azadlıqlarının təmin olunmasına yönəldilməsi dövlət tərəfindən prioritet elan edilib. Nəticə etibarı ilə Azərbaycanda insan hüquqlarının müdafiəsinə dair təkmil hüquqi aktlar sistemi yaradılıb. O da olduqca önəmlidir ki, Azərbaycanın qoşulduğu BMT Baş Assambleyasının 1948-ci il 10 dekabr tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, eləcə də Avropa Şurası tərəfindən qəbul olunmuş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya, Avropa Mədəniyyət Konvensiyası, Terrorizmin qarşısının alınması haqqında Konvensiya, Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası, Avropa Sosial Xartiyası, ATƏT səviyyəsində imzalanan 1975-ci il Helsinki yekun Aktı, Yeni Avropa üçün Paris Xartiyası və digər beynəlxalq aktlardan irəli gələn hallar qeyd olunan beynəlxalq sənədlərə uyğun şəkildə ölkəmizdə tətbiq olunur. Bu isə öz növbəsində insan hüquq və azadlıqlarının daha səmərəli formada təmin edilməsinə yol açır.

Demokratiya və insan hüquqları kimi bəşəri dəyərlərə sadiq olan Azərbaycanda bu istiqamətdə atılan növbəti mühüm addım 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən verilən “İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərman oldu. Bundan sonra ulu öndər insan hüquqlarının müdafiəsi sahəsində Dövlət Proqramını təsdiqlədi. Bu proqramın təsdiq olunması ilə ölkəmizdə qanunvericilik və institusional islahatların aparılmasına, demokratik ədalət mühakiməsi prinsiplərinə əsaslanan yeni məhkəmə sisteminin, konstitusiya nəzarətinin, insan hüquqları üzrə müvəkkil kimi yeni təsisatın yaradılması, hüquq-mühafizə fəaliyyətinin təkmilləşdirilməsi, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin fəaliyyətinin genişlənməsi və digər istiqamətlər üzrə inkişaf yolunda yeni bir mərhələ açıldı. Görülən işlər beynəlxalq ictimaiyyət tərəfindən də olduqca yüksək qiymətləndirilirdi.

İnsan hüquqlarının etibarlı müdafiəsi sahəsində Azərbaycanın bir dövlət olaraq xüsusi diqqət yetirdiyi məqam bu səpkidə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq, onlar qarşısında göstərilən xüsusda götürülmüş və spesifik mahiyyətə malik öhdəliklərin yerinə yetirilməsi idi. Bütün bunların məntiqi nəticəsi idi ki, Avropa Şurasına üzv qəbul olunduqdan sonra Azərbaycan “İnsan hüquqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına” qoşulan dövlətlər sırasında yer aldı. Bununla ölkəmiz milli qanunvericiliyin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsinə dair öhdəlik də götürmüş oldu və bu istiqamətdə konkret addımlar atılmağa başlandı. Bunlardan biri də ölkə tarixində ilk dəfə olaraq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) İnstitutu təsis edilməsi ilə bağlı oldu. Ötən zaman Ombudsman institutunun nə qədər mühüm əhəmiyyətə malik olduğunu tam şəkildə təsdiqləyib. Bununla insan hüquqlarının müdafiəsi Azərbaycanda daha etibarlı hala gəlib. Xatırladaq ki, mövcud olduğu bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da ombudsman konkret şəxsin dövlət qurumları tərəfindən pozulmuş hüquqlarının məhkəmədənkənar qaydada bərpasını təmin edən müvəkkil olaraq fəaliyyət göstərir.

Bütün bunlar həm də onun göstəricisi hesab edilir ki, müstəqillik əldə olunduqdan sonra Azərbaycanda insan hüquqları daim inkişaf edib və bu proses hazırda uğurla davam etməkdədir. İnsan hüquqları sahəsində görülən digər fundamental işlərə gəlincə, xatırlatmaq yerinə düşərdi ki, ölkəmizdə penitensiar, məhkəmə və digər dövlət strukturlarında islahatlar aparılıb, bu istiqamətdə çoxsaylı qanunlar qəbul edilib. Beləliklə, insan hüquqları sahəsində görülən işlər, demokratik institutların yaradılması və möhkəmləndirilməsi, vətəndaş hüquqları dəyərlərinin müdafiəsi, təşviqi ölkədə həyata keçirilən siyasətin əsas komponentlərindən birinə çevrilib.

Görülən işlərin davamı olaraq Prezidenti İlham Əliyev 2006-cı il tarixdə “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nı imzaladı. Sözügedən Plan insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni mərhələyə daxil olmasını şərtləndirdi. Bu Planda ən çox diqqət çəkən məqam onunla bağlı oldu ki, sözügedən sənəd dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına gətirib çıxardı Planın təhlili bu qənaətə gəlməyə əsas verir ki, o, insan hüquqlarının təmin olunması üzrə görülən ardıcıl tədbirlərin genişləndirilməsinə gətirib çıxarmaqla yanaşı, hüquq-müdafiə mexanizmlərinin təkmilləşdirilməsində, əhalinin müxtəlif qruplarının hüquqlarının qorunmasının gücləndirilməsində yeni mərhələnin başlanğıc nöqtəsinə çevrildi. Dünya isə bir daha ona şahidlik etdi ki, Azərbaycan demokratiya və insan hüquqları kimi bəşəri dəyərlərə sadiq dövlətdir və bu müstəvidə ən fəal siyasət yürüdən dövlətlərdənabiridir.
İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq-müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədi ilə ölkəmizdə atılan digər növbəti vacib addım dövlət başçısının 2011-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın təsdiq edilməsi oldu. Burada insan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə tədbirləri, insan hüquqları sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq, proqramın həyata keçirilməsinin əlaqələndirilməsi, monitorinqi və qiymətləndirilməsi istiqamətlər üzrə konkret tədbirlər müəyyən edilib. Eyni zamanda Proqramda onun müntəzəm qaydada yeniləşdirilə bilməsi müddəasının əks olunması fəaliyyətinin davamlılığına və səmərəliliyinə imkan yaradır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hədəflərinə uyğun olaraq sənədin icrası insan hüquqları sahəsində əldə olunan nailiyyətlərin miqyasını daha da genişləndirməyə imkan verir. Bütün bunlar nəticə etibarı ilə onu göstərir ki, insan hüquqlarının yüksək səviyyədə təmini, eyni zamanda güclü dayaqlara malik vətəndaş cəmiyyətinin qurulması Azərbaycan üçün prioritetdir və ölkəmiz də bu sahədə olduqca mühüm nailiyyətlərə imza atıb...

Murad Şahməmmədov