DÜNYA DEYİLƏN SƏNMİŞSƏN, ANA

DÜNYA DEYİLƏN SƏNMİŞSƏN, ANA

15 Mart 2023 09:52
Bəyəndim (0) Bəyənmədim (0)

Yaşasaydı 84 yaşına qovuşacaqdı. 84 baharının təntənəsinə toplaşanları özü salamlayacaqdı. Yaşasaydı dünyanın hər bir qarışından Azərbaycana təşrif buyuran şərqşünasları yenə də öz heyrətamiz çıxışı ilə heyrətləndirəcəkdi. Söhbət Ümumittifaq Şərqşünaslar Assosiasiyasının Azərbaycan bölməsinin sədr müavini, Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin, Şərq ədəbiyyatı üzrə Ümumittifaq Koordinasiya Şurasının üzvü, SSRİ Yazıçılar Birliyinin üzvü, Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor xanım Aida Nəsir qızı İmanquliyevadan gedir. Bir yazıda alim ömrünü bütövlükdə işıqlandırmaq çox çətindir. İllərə nəzər salıb, illəri dilə gətirib, illərin diliylə topladıqlarımızı ixtiyarınıza buraxırıq. Maraqlı həyat yolu keçən dünyaşöhrətli alimin ömür karvanı, sənəti, elm aləmi, bir də sevgisi sizlərə həyatda düz yolu seçməyə yardımçı olacaq, sevməyi, sədaqətli olmağı öyrədəcək.

Məktəb illərindən başlayan zirvə

Aida İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakıda ziyalı ailəsində anadan olub. Atası Nəsir İmanquliyev Azərbaycanın görkəmli jurnalisti, pedaqoqu, əməkdar elm xadimi idi. Nəsir müəllim həm də Azərbaycan milli mətbuatının bünövrəsini qoyanlardan biri. “Bakı” və “Baku” qəzetlərinin baş redaktoru olub. Anası Gövhər xanım İmanquliyeva-Sultanzadə Şamaxıda əsilzadə ailəsində dünyaya göz açmışdı. Aida ailədə tək uşaq olduğundan atası Nəsir müəllim, sevimli anası Gövhər xanım qızcığazı ərköyün böyütmüşdü. Ancaq bunlara baxmayaraq, Aida xanım çox sadə bir həyat tərzi keçirirdi. Hələ Bakıda 132 saylı orta məktəbdə oxuduğu illərdə artıq özünün dərin biliyi, sərbəst düşüncə tərzi, fiziki cəhətdən sağlamlığı, kamilliyi, şax qaməti, uca boyu, iri qara gözləri ilə seçilirdi. Gözəlliyi isə görənləri valeh edirdi.

1957-ci ildə Aida xanım orta məktəbi qızıl medalla başa vurur. Elə həmin ili də Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin yenicə açılan ərəb dili şöbəsinə daxil olur. Beş il universitetin şərqşünaslıq fakültəsinin fəxrinə çevrilən Aida xanım 1962-ci ildə bu ali təhsil ocağını fərqlənmə diplomu ilə bitirərək filoloq-ərəbşünas, Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnir.

Mir Cəlal Paşayevin oğluna könül verir

Aida xanımın gözəlliyi bütün universitetə şəfəq saçırdı. Heyranlarının sayı olduqca çox idi. Ancaq sən demə, bənzərsiz yazıçımız Mir Cəlal Paşayevin oğlu gənc alim, hazırda Azərbaycan fizika elminin aparıcı nümayəndələrindən biri, milli aviasiyamızın banisi, akademik Arif Paşayev Aida xanıma çoxdan göz qoyurmuş. Bir-birlərini sevən gənclər valideynlərinin xeyir-duası ilə ailə həyatı qururlar. 1959-cu il iyunun 25-də Aida xanımla Arif bəyin toyu olur və Aida xanım Mir Cəlal ocağına gəlin köçür. Tez bir vaxtda köçdüyü ocağın sevimli gəlininə çevrilir. Nərgiz və Mehriban adlı gül qız balaları dünyaya gəlir. İki gənc alim əl-ələ verib həm övladlarını böyüdür, tərbiyə edir, həm də elm axtarışlarını zənginləşdirməklə inkişaf etdirir. Arif müəllim bu yolda Aida xanımın əsl dayağı, müdafiəçisi idi. Çalışırdı ki, Aida xanım nə istəyir, o işdə xanımına köməklik edə bilsin. Sevgiləri elmlərini, elmləri sevgilərini tamamlayırdı. Hamı bu sevgiyə, ideal ailəyə, onların məhəbbətinə vurğunluqla baxırdı.

İllər, uğurlar, heyrətlər

1962-ci ildə şərqşünaslıq fakültəsinin Yaxın Şərq ədəbiyyatı tarixi kafedrasında aspiranturaya qəbul olur və həmin ildən ömrünün son gününə kimi ərəb məchər ədəbiyyatının tədqiqi ilə məşğul olur. Qeyd edək ki, ərəb məchər ədəbiyyatı ərəb ədəbiyyatının nəinki şərqşünaslar, hətta ərəb ədəbiyyatçılarının özlərinin belə tədqiqatı ilə az məşğul olduqları bir sahə idi. XIX əsrdə aclıq, yoxsulluq ucbatından dolanmaq naminə Cənubi Amerikaya mühacir edilmiş Suriya və Livan ərəblərinin vətəndən kənarda yaratdıqları bir ədəbiyyat. Çətin, əziyyətli və gərgin axtarış, əmək tələb edən bir sahə...

Bu mövzu, sahə ilə bağlı gənc aspirant Aida İmanquliyeva keçmiş SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna ezam olunur. İmtahanlarını vaxtlı-vaxtında əla qiymətlərlə verən Aida xanım “Qələmlər cəmiyyəti” və “Mixail Nuaymənin onun yaradılmasında rolu” mövzusunda namizədlik dissertasiyasını uğurla başa vurur və vaxtından əvvəl dissertasiyasını bitirərək elm aləmini heyrətə salır. 1967-ci ilin martında Moskvada namizədlik dissertasiyasını uğurla müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsi alır. Sonra isə gənc alim kimi Aida xanım Azərbaycan EA-nın Yaxın və orta Şərq Xalqları İnstitutunda elmi axtarışlarını davam etdirir. Əvvəlcə “Ərəb ədəbiyyatı” qrupunda kiçik elmi işçi vəzifəsində çalışır. 1972-ci ildən həmin qrupa rəhbərlik etməyə başlayır.

1976-cı ildən isə institutda yenicə yaradılan “Ərəb filologiyası” şöbəsinə müdir təyin edilir. Aida xanım “ərəb filologiyası” şöbəsinə rəhbərlik etdiyi müddətdə onun öz aspirant və dissertantları ilə birgə 10 nəfər ərəbşünas namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülür. 1975-ci ildə “Cubran Xəlil Cubran” adlı kitab Azərbaycan dilində çap olunaraq mütəxəssislərin ixtiyarına buraxılır. Qəhrəmanın həyatını, ədibin hekayələr məcmuələrini, povest və mənsur şeirlərini, publisist əsərlərini dərindən təhlil edən Aida xanım Azərbaycanda ərəb ədəbiyyatının tədqiqi yollarında bu kitabla ilk incini oxucularına və elm ictimaiyyətinə qürurla təqdim edir.

1988-ci ildə Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilir və bir il sonra Tbilisi şəhərində doktorluq dissertasiyasını müdafiə edib filologiya elmləri doktoru adını alır. Aida xanım universitetin şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatından dərs deyirdi. SSRİ Nazirlər Soveti yanında fəaliyyət göstərən Ali Attestasiya Komissiyasının qərarı ilə ona “Xarici Asiya və Afrika xalqları ədəbiyyatı” ixtisası üzrə, 1991-ci ilin mart ayında professor elmi dərəcəsi verildi. 1991-ci ilin avqustundan Şərqşünaslıq İnstitutunda direktor vəzifəsini icra etməyə başlayır və həmin ilin dekabrında direktor vəzifəsinə təyin olunur. Aida xanım ömrünün son gününədək həmin vəzifədə çalışır. Aida İmanquliyeva 3 monoqrafiyanın, 70-ə yaxın elmi məqalənin müəllifi idi.

Övladları və nəvələri həyatıydı

Aida xanım ailəcanlı bir xanım idi. Gününün çox hissəsini ailəsiylə keçirməyi xoşlayırdı. Qızı Nərgiz filoloq olmaq istəyini bildirəndə çox sevinmişdi. Deməli, ailədə ananın sənətini davam etdirən olacaq. Mehriban xanım həkimlik sənətini seçəndə də fərəhlənmişdi. Verdiyi tərbiyəyə, təhsilə inanırdı Aida xanım. İnanırdı ki, həqiqətən qızları ata, ana nəslinə layiqli övladlar olub cəmiyyətə xeyir verəcəklər. Elə də oldu. Bu gün Nərgiz xanım gözəl ana, ailə başçısıdır, filologiya elmləri doktoru, professordur. Elmlə yanaşı bədii yaradıcılıqla da məşğul olur. Gözəl fəlsəfi duyğulu şeirlər müəllifidir. M. Lermontov adına MDU-nun Bakı filialının rektorudur. Mehriban xanımsa dahi, ulu öndər Heydər Əliyev ocağının gəlini, dünyanın nüfuzlu prezidentinin xanımı, vitse-prezident, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, H. Əliyev Fondunun prezidentidir. İki qız, bir oğul anası, nəvələrinə gənc nənədir. O, bütün Azərbaycanın fəxri, təhsil, səhiyyə, idman sahəsində ən yaxın yardımçı, xilaskar, yenilikçi, Azərbaycan muğamlarına ikinci həyat verən muğamı yaşadan, ona ruh verən, muğam aşiqi, muğam müdafiəçisidir, xanım sərkərdədir. Uzun illər müvafiq qurumların uşaq, əlil, qocalar, kimsəsizlər evləri, təhsil, səhiyyə, mədəniyyət sahəsində edə bilmədiklərini o, çox qısa zamanda etdi. “Qarabağ xanəndələri” adlı albom-disk, “Muğam evi”, “Televiziya Muğam Müsabiqəsi”, “Beynəlxalq Muğam Festivalı” məhz Mehriban xanımın uğurudur. O, əməlləri ilə gəlini olduğu ulu öndərin ruhunu şad edir. Bütün bunlar isə Aida xanımın Arif müəllimlə onlara verdiyi birgə tərbiyənin nəticəsidir, bəhrəsidir.

Aida xanım sağlığında istəsə də oğul nəvələri dünyaya gəlməmişdi. Dünyasını dəyişəndən sonra iki oğul nəvəsi dünyaya gəldi. Gələcəyimizdə ikinci Heydər Əliyev, ikinci Arif Paşayev ola biləcək oğul nəvələri bu gün Aida xanımın ruhunu dünyaya gəlişləri ilə şad edirlər.

Niyə tələsdin belə?

Aida xanım 1992-ci il sentyabrın 19-da dünyasını dəyişdi. Aida xanımın qəfil ölümü şərqşünaslıq elminin böyük bir kökünü, barlı budağını sındırdı. Aida xanımın ölümü böyük bir elm sahəsini laxlatdı...

Aida xanım dünyasını dəyişəndə Arif müəllim tabuta yaxınlaşıb demişdi:

- Niyə tələsdin belə, Aida? Axı söz vermişdin ki, məni tək qoymayacaqsan...?

Aida xanım ömür-gün yoldaşına söz versə də, qəddar ölüm qılıncını çəkməkdən utanmadı. Əvəzsiz bir alimi, ananı, ziyalını, Azərbaycan elmini dünyaya tanıdan dünya şöhrətli elm fədaisini pəncəsinə aldı.

Aida xanım həyatını, ömrünü alnıaçıq yaşadı, savadı, dünyagörüşü, sözünün ötkünlüyü, hökmü hər zaman aktual oldu, vaxtında ünvanına çatdı. Bu gün onun yetirmələri ustadlarının yolunu layiqincə davam etdirirlər. Dünya dünən də, bu gün də Aida xanımı tanıyır, xatırlayır, sabah da tanıyaraq xatırlayacaq.

“Anaya məktub”

Yazını Aida İmanquliyevanın qızı, professor Nərgiz Paşayevanın anasına, onun yoxluğuna ithaf etdiyi, “Anaya məktub” əsərindəki qəlb çırpıntıları ilə yekunlaşdırıb biz də həmin fikirlərə həmrəy olub deyirik: “Dünya deyilən sənmişsən, ana!”

- ...Nə yaxşı ki, Allah-Təala yuxunu insanlara bəxş etdi-həyatındakı boşluğu, həsrəti, nisgili, bir gecəlik də olsa, lap bir saatlıq da olsa unutmaq, o boşluğu doldurmaq üçün əvəzsiz bir imkan kimi.

Yenə səhər açılır. Həmin boşluq, həmin həsrət, həmin nisgil... Anama deyiləsi çox sözlər də qalıb... əgər o mələk yenə mənim yuxuma gəlsə, məktubumu bu sözlərlə başlayacağam:

“ƏZİZ ANA, SƏN DİRİSƏN, BİZİMLƏSƏN, QANIMIZDA, ÜRƏYİMİZDƏSƏN, DÜNƏNİMİZDƏSƏN, SABAHIMIZDASAN, KƏDƏRİMİZDƏSƏN, SEVİNCİMİZDƏSƏN. DÜNYA DURDUQCA, SƏN DƏ VARSAN, ELƏ DÜNYA DEYİLƏN SƏNMİŞSƏN...”

Qələmə aldılar: “Dünya” Müstəqil Teleradio Şirkətinin baş direkto Aybəniz Hacıyeva, publisist-jurnalist: Alim Nəbioğlu, şair-jurnalist, rejissor: İsa Rəvan