Bacımın qarpızı- hekayə

Bacımın qarpızı- hekayə

15 İyul 2023 08:59
Bəyəndim (1) Bəyənmədim (0)

Əziz Mustafa, yazıçı-jurnalist, AYB üzvü

Şəhərdəki işimlə bağlı çoxdandır kəndə gedə bilmirdim və ürəyimdə uşaqlığımı keçirdiyim yerlərin həsrəti vardı. Bir tərəfdən də anam ikigündən bir xəbər göndərirdi ki, kəndə gəl üzünü görək, anan ölməsin, Bakının o istisinə necə dözürsən? Nə isə, nəhayət tilsimi qıraraq bir neçə günlüyə işdən icazə alaraq kəndə getməyi, həm anamı görməyi, həm də buzbulaqlardan içərək bir az dincəlməyi qərara aldım. Kəndimiz uca dağların qoynunda yerləşsə də, əkin- biçin yerləri 10-12 kiometr aralıda, el arasında qarasov adlanan yerdə idi. Əslində qarasov kəndimizin aran yeri hesab edilirdi, istisi də Bakının istisindən bir o qədər fərqlənmirdi. Əkin-biçin sahəsi uzaq olduğundan hərə öz təsərrüfat sahəsinə yaxın ərazidə taxtadan və ya palçıq çəpərdən müvəqqəti ev inşa edərək yazın əvvəlindən payızın soyuqları düşənə qədər orada yaşayırdı. Hələ sovet dövründən əhalinin əsas məşğulluq sahəsi tütünçülük idi. Tütünçülüyün necə ağır sahə olduğunu isə onunla məşğul olanlar daha yaxşı bilir. Sərin dağ havasından ayrılaraq qarasovun cəhənnəmi xatırladan istisində yaşamaq və işləmək asan olmasa da, əhalinin başqa çarəsi də yox idi, çünki dolanışıqları bundan çıxırdı. Nə isə, mənim kəndə gəlişim də isti avqust ayına təsadüf etmişdi. Fikirləşirdim ki, bir neçə gün qarasovda qalandan sonra kəndə gedərək dağ havasında az da olsa istirahət edə biləcəyəm. Aşağı Göynükdə xəstəxananın yanında avtobusdan düşən kimi də elə payi-piyada gün yandıran istidə bişə-bişə qarasovda bizimkilərin yurd yeri etdiyi Balıyanı kimi tanınan əraziyə gəldim. Anam məni görəndə sevindiyindən bilmirdi nə etsin, pərvanə kimi başıma dolanırdı. Tütünü dərərək gətirib tökmüşdülər alaçığın altına və orada onu ipə düzürdülər. Ertəsi gün anamla kəndə qayıtmaq barədə razılaşdıq, çünki çoxdandır kəndə gələ bilmirdim. Həm də anam bu istidə qarasovda qalmağımı istəmirdi. Növbəti gün səhər yeməyini yedikdən sonra hazırlaşıb kəndə getmək istəyirdik ki, Cumakənddə ərdə olan böyük bacımın qonşunun lulkalı motosikletində kiçik qızı ilə birgə gəldiyini gördük. Deyəsən kimsə bacıma gəldiyimi xəbər vermişdi. Bacı ki, bacı, sevindiyindən bilmirdi, nə etsin, elə hey dil tökür, arada onlara gedə bilmədiyimdən olduqca yumşaq şəkildə narazılıq edirdi.

Tez-tez də:

- Bacın sənə qurban olsun ay qardaş, yeməyin-içməyin necədir, dəyişmisən, əvvəl yup-yumru , gözəgəlimli bir uşaq idin, səni görəndə anamdan soruşurdular ki, bu uşağa nə yedirtmisən, ona görə də tez-tez gözə gəlirdin. İndi arıqlamısan, amma yenə də elə yumru qardaşımsan”,- deyirdi.

Sonra uşaq olanda məni kürəyində gəzdirdiyini və məscitbaşındakı bulağa apardığını, yaman küsəyən olduğumu, əli dəyməmiş ağladığımı, buna görə onu dəfələrlə cəzalandırıldığını şirin-şirin xatırladı. Gözləyirdim ki, bacşm bulaqbaşında məni kürəyində saxlaya bilməyərək böyürtkənliyə saldığını, üz-gözümü kolların necə al-qana boyadığını da deyəcək. Amma nə üçünsə o bundan danışmadı, bilmirəm, yadından çıxmışdı, yoxsa onun üçün xoş olmayan bu hadisəni xatırlatmaq istəmirdi. Amma o vaxt təxminən 3-4 yaşım olsa da yaddaşımda hər şey olduğu kimi qalmışdı. Məndən 6 yaş böyük olan bacım kürəyində məni bulaqbaşına gətirdi. Bulaqbaşında deyəsən məni kürəyində saxlaya bilmədi və böyürtkən kolluğunun içinə düşdüm. Məni oradan məscitbaçında olan yaşlı bir kişinin çıxardığını və bacımı bərk-bərk danladığnı, hündür səslə ağladığımı illər ötəndən sonra, indi də yaxşı xatırlayıram. O vaxt deyəsən evdə buna görə bacımı tənbeh etmişdilər və məni bir daha ona etibar etmədilər. Nə üçünsə özümdən asılı olmadan bunu bacıma xatırlatdım, hər halda mənim üçün illər ötəndən sonra bu da keçmişdən qalan əziz bir xatirə idi.

Bacımsa:

- Gör nə yadında qalıb, elə şeylər var ki, onu adam xatırlamaq istəmir, amma ağır idin, bulaqbaşında səni kürəyimdə saxlaya bilmədim və kolluğa düşdün, məni də buna görə yaxşıca tənbeh etdilər,-dedi.

Danışığından hiss elədim ki, keçmişidəki hadisəni xatırlamağım nə üçünsə bacımın xoşuna gəlməyib. Bacım əliboş gəlməmişdi. Motosikletdə yekə çuval vardı. Böyük qardaşım onu güclə götürüb yerə qoydu. Məlum oldu ki, qarpızdır. Qarpız da nə qarpız, ən azı 20-25 kilo gələrdi.

Bacım heyrətlə qarpıza baxdığımı görüb:

- Bu il Əyriçayın yanında qarpızı çox əkmişik, azı 40-50 ton məhsulumuz olacaq, şirindir, bal dadır. Sabirabad qarpızı bunun yanında heç nədir. Amma alıcısı azdır, alverçilər gəlib bir yerdən qəpik-quruşa alıb ikiqat qiymətə satırlar, xeyrini onlar görür, bizə də boş zəhmət qalır,-dedi.

Sonra bacım kənddən, uşaqlarından, it-pişikdən, toyuq-cücələrindən, südünü sağmağa qoymayan dəli inəklərindən, ipi qırıb qaçan danalarından, Rahib adlı kəndçilərinin oğlunun toy günü evdən baş götürüb getdiyindən, indiyədək yerinin- yurdunun bilinməməsindən, feldşer Qasımın itinin quduraraq sahibini tutmasından, Anaxanım xalaya övladlarının və gəlinlərinin baxmamasından, naxırçı Əlinin inəklərini ilanların əmməsindən, bir sözlə hər şeydən danışdı. Bacımın uzun-uzadı hər şeydən danışmağından hiss elədim ki, deyəsən kəndə getməyi təxirə salmalı olacağam. Nə isə bacım danışa-danışa gün günorta oldu və anam süfrə açdı. Anam iki daşın arasında bizim tərəflərdə çox sevilən lobya döşəməli plov bişirmişdi. Bizim tərəflərdə plovun saymaqla qurtarmaq bilməyən növləri vardı və lobya döşəməli plovda da onlardan biri idi. Nə isə plovu yedikdən sonra anam süfrəyə çay gətirmək istəsə də qardaşım razı olmadı. Dedi ki, qarpız olan yerdə çaya nə ehtiyac var, bu isti havada ancaq qarpız adamı sərinlədə bilər.

Nə isə, qardaşım bacımın bayaqdan bəh-bəhlə təriflədiyi qarpızı kəsmək istəyəndə anamın ona mənalı şəkildə baxdığını gördüm.

O qardaşıma:

- Bu qarpız çox böyükdür, özü də sərin deyil, həm də hamısını yeyə bilməyəcəyik, yediyimizdən artıq qalanını gərək ataq, isti havada xarab olacaq. Səhər soyuq bulaq suyuna qoyduğun öz qarpızımızı gətir kəs,- dedi.

Bacım dərhal anamı dəstəklədi:

- Anam düz deyir, mən gətirən qarpızı sonra yeyərsiniz, şirinliyindən də doymaq bilməyəcəksiniz. Bu qarpızı Bakıdan gələn sevimli qardaşım üçün gətirmişəm, qurban olum onun gəlişinə. O hər deyəndə belə qarpız yemir. Bakıda nə gəzir bizim qarpız kimi qarpız.

Bacım bu sözləri elə şirin-şirin dedi ki, ürəyim dağa döndü, az qaldı qanadlanıb uçum. Bayaqdan bacım gətirdiyi qarpızı o qədər tərifləmişdi ki, onun dadına baxmaq istəyirdim. Həm də yeməkdən sonra susamışdım. Ona görə də qardaşıma:

- Bu qarpızı kəs, bacım o qədər onu tərifləyib ki, onun dadına baxmamaq günahdır,-dedim.

Həmin an da gördüm anam mənalı-mənalı üzümə baxır, hiss elədim ki, nə isə demək istəyir, deyə bilmir.

Bacımsa qardaşıma əmr etdi:

- Onda ikisini də kəs, siz bizim, biz də sizin qarpızınızdan yeyək.

Mənimsə həmin an nə üçünsə tərsliyim tutmuşdu və süfrədə hamının bacımın tərifli qarpızından yeməsini istəyirdim. Nə isə qardaşım bacımın tərifli qarpızını kəsərək süfrəyə gətirdi. Amma anam nə üçünsə qarpız yemək istəmədi, özünə çay gətirdi. Gözləyirdim ki, bacım əlini uzadaraq qarpız dilimlərindən birini götürsün, sonra mən əlimi süfrəyə uzadım. Amma gördüm ki, bacım əlini süfrəyə uzadıb qarpız dilimini götürmək istəmir.

- Yol böyüyündür, bacı, "bismillah" elə.

Bacımsa dedi ki, evdə gündə azı 5-7 dəfə qarpız yeyirlər və ona görə də iştahası yoxdur. Dedim ki, bacı, bu qarpızdan yeməsən əlimi süfrəyə uzadan deyiləm. Bacım yenə and-aman elədi ki, öz məhsulları olduğundan ondan çox yeyib, indi daha ürəyi qarpız istəmir. Naəlac qalıb əlimi süfrəyə uzatmaq istəyəndə yenə də anamın mənalı-mənalı üzümə baxdığını gördüm, deyəsən , o da qarpızdan yeməyımı istəmirdi... Əlimi süfrədən çəkərək bacıma dedim ki, sən yeməsən bu qarpızdan yeməyəcəyəm. Amma bayaqdan bəh-bəhlə qarpızını tərifləyən bacım min bir bəhanə gətirərək əlini süfrəyə uzatmırdı. Mənsə bacımla birlikdə onun tərifli qarpızından yemək istəyirdim. Bacımsa əlini süfrəyə uzatmaq istəmirdi ki, istəmirdi. O, qarpıza allergiyasının olduğunu deyərək sözünün üstündə möhkəm dayanmışdı. Deyəsən anam da vəziyyətdən çıxış yolu axtarırdı və bizim mübahisəmizin uzandığını görüb sakitcə süfrədən qarpızı yığışdırdı. Qardaşım süfrəyə anamın dediyi buz kimi bulaq suyuna qoyduğu qarpızı gətirirək kəsib dilimlədi. Həmin an da anamın dərindən rahat nəfəs aldığını gördüm, sanki üstündən ağır bir dağ götürülmüşdü. Hiss olunurdu ki, bacımın qarpızını yeməməyimiz anamın da ürəyindən olub. Amma niyə? Bax bunun səbəbini anlaya bilmirdim. Süfrədə oturanlara baxdım, indi hamı, o cümlədən bayaqdan qarpız yemək istəməyən bacım da qarpız yeyirdilər. Bacım qarpıza bərk girişmişdi, elə bil bayaqdan qarpız yemək istəməyən, ona allergiyası olduğunu deyən o deyildi. Mat-məhəttəl qalmışdım və ha istəyirdim bunun səbəbini anlayım, yenə də axırını bir yerə çıxara bilmirdim. Artıq qarpız yemək də istəmirdim və iştaham küsmüş, susuzluğum da sanki yaddan çıxmışdı...Bərk incidiyimdən süfrədəki qarpıza əl uzatmadım... Süfrə yığışdırılandan sonra bacımdan məni narahat edən sualıma cavab almaq istədim:

- Ay bacı, başa düşmədim, bəh-bəhlə təriflədiyin qarpızı niyə yemək istəmədin, min bir bəhanə gətirdin ki, çox yemişəm, ona allergiyam var. Amma anamgilin qarpızına bərk girişdin, elə bil ömründə dilinə belə şey dəyməmişdi.

Bacımın dərhal rəngi tutuldu və incik-incik üzümə baxdı:

- Mən bu qarpızı sənə gətirmişəm, doyunca ye, Bakıda bundan tapmayacaqsan. Qarasovun qarpızının da ləzzəti başqadır, süfrədə görəndə ürəyim çəkdi, özümü saxlaya bilmədim.

İstədim ki, bacıma nə isə deyim, gördüm anam mənə baxıb başını bulayır, yəni işin yoxdur... Həmin an da əl arabasına qoyulan gübrə kisəsi gözümə dəydi, qardaşım bir azdan tütün sahəsinə gedəcəkdi. Tütünə gübrəni verirdilər ki, yarpaqları böyüsün, ipə düzmək də asan olsun, çəkisi də ağır gəlsin. Dərhal da anladım ki, qarpızın bu boyda olmasına, 20-25 kilo gəlməsinə səbəb ona gübrə verilməsi ola bilər. Artıq hər şey aydın idi: Bacım qarpızı gübrəli olduğuna görə yemək istəmirdi.

- Qarpızı gübrəli olduğu üçün yemək istəmədin, bunu başa düşdüm, amma mənim günahım nədir ki, bu zəhəri şirin-şirin tərifləyib mənə yedirtmək istəyirdin?

Bacım susaraq deməyə söz tapmırdı.

Ortaya uzun bir sükut çökdü və nəhayət gecdən-gec bacım dilləndi:

- Gübrəsiz heç nə bitmir, hamı ondan istifadə edir, tək biz deyilik ki? Uşaqlara tapşırmışdım ki, gübrəni az versinlər, amma sözümə baxmadılar. Bu günə kimi satdığımız qarpızlardan şikayət gəlməyib,-deyə günahkar- günahkar cavab verdi. -Bir də siz şəhərdəkilər buna öyrənibsiniz, onsuz da yediyiniz hamısı ya gübrəynən əmələ gəlir, ya da başqa şeynən... Amma maşallah hamınız top kimisiniz. Şəhərdəkilər beş qəpik qazanmaq üçün bizi kimi gecə-gündüz tozun-torpağın içində eşələnmir. Kotan hardan bilsin ki, qayış nə çəkir...

Bacım şəhərdəkilərə həsəd aparırdı, məni kimi kənddən çıxıb şəhərdə məskunlaşanların isə dağın-daş, buz bulaqlar üçün burnunun ucu göynəyirdi. Bunu bacım haradan biləydi və desəm də belə onu başa sala bilməyəcəkdim. Bacıma baxdım, başını aşağı salıb oturmuşdu və ona artıq nə deyəcəyimi də bilmirdim. Bunu görən anam deyəsən dözmədi:

- Yaxşı, nə olub, ildən-aydan bir dəfə üz-üzə gəlirsiniz, onda da hər ikiniz mısmırığınızı salıbsınız. Dünya dağılmadı ki, gələn dəfə qardaşına gübrəsiz qarpız gətirərsən.

Onun bu sözlərindən sonra bacımın eyni açıldı:

- Ayazdır də, hər sözü söz eləyir, hələ də uşaqlıq xasiyyətindən əl çəkə bilmir. Mən bilsəydim ki, gübrə söz-söhbəti olacaq, o qarpızı gətirməzdim.

- Əziyyət çəkibsən, gətiribsən çox sağ ol. Bacımsan, zəhər də versən yeyəsiydim.

Sonra da buna onu inandırmaq üçün anamın siniyə qoyub kənara itələdiyi bacımın qarpızından bir dilim götürüb yedim. Bacımın dediyi kimi həqiqətən də qarpız çox şirin idi və tərifləməyə dəyərdi. Yenidən deyib-güldük və bacımla xoş əhvalla ayıldıq. Bacım gedəndən bir neçə saat sonra anamla qarasovdan kəndə getmək üçün yola çıxmaq istədim. Amma həmin an da qarnımdan ağrı qopdu. Qarnım elə bil nağara çalırdı, təcili özümü ayaqyoluna saldım, deyəsən zəhərlənmişdim... Bacımın qarpızından yediyim bir dilim məni yaman günə qoymuşdu. Ayran içirdilər, qarınağrısı dərmanı, bağayarpağı, əvəlik, oymadərən çayı verdilər, xeyri yox idi, qusmaqda və dəqiqəbaşı ayaqyoluna getməkdə davam edirdim. Başım hərlənir, gözlərim qaralır, ayaqüstə artıq dayana bilmirdim...

Bir də gözümü açanda başımın üstündə ağxalatlıları gördüm. Onlardan biri:

- Şükür Allaha, kəfəni çırdı,-dedi.

Hiss elədim ki, məni ağır halda xəstəxanaya gətiriblər. Amma key kimiydim, nə isə demək, soruşmaq istəyirdim, soruşa, deyə bilmirdim. Bir azdan anam və qardaşım yanıma gəldi . Hər ikisinin yuxusuz olduğu aydın hiss olunurdu. Anamın gözlərində dərin bir kədər vardı, mən ona, o da mənə baxırdı, heç birimiz danışmırdıq.

Gecdən- gec anam dilləndi:

- Ay oğul, o qarpızdan niyə yedin? Görmürdün ki, qarpıza gübrə verilib, öna görə də o boyda olmuşdu. Beş qəpik artıq qazanmaq üçün hamını zəhərləyirlər.. Bacının xətrinə dəyər deyə sənə yemə deyə bilmirdim. Axı sən uşaqlıqdan qonşudan gələn heç nəyi yemirdin...

Anamın deməyindən məlum oldu ki, qarpızdan bərk zəhərlənmişəmmiş, həkimlər əllərindən gələni ediblər, ancaq xeyri olmayıbmış. Əllərini məndən üzərək Bakıya göndərməkdən də imtina ediblər, deyiblər artıq gecdir. Sənə gücümüz dua etməyə çatırdı. Allah üzümüzə baxdı, yaşımın bu vaxtında mənə bir daha övlad dağı göstərmədi...

Mənsə bilmirdim anama nə deyim, sonra qardaşım da ölümün pəncəsindən möcüzə nəticəsində sağ qurtardığımı dedi. 10 gündən sonra xəstəxanadan çıxdım, deyirdilər xeyli arıqlamışam. Güzgüdə özümə baxanda inanmadım, sanki birdən- birə 10 qocalmışdım, gözlərim çuxura düşmüş, sifətim qırışmışdı. Nə xəstəxanada yatanda, nə də oradan çıxandan sonra bacım yanıma gəlmədi. Anamsa mənə bərk-bərk tapşırmışdı ki, bacınla nə vaxt qarşılaşsan ona heç nə demə, olan olub, keçən keçib. Səni istəməsəydi, gəldiyini eşidən kimi özünü təcili qarasova çatdırmazdı. Mənə də elə gəlirdi ki, bacım utandığından yanıma gəlmir. Amma sonra məlum oldu ki, bacım mənim qarpızdan deyil, guya Bakıdan gətirdiyim hansısa şirniyyatı yeyərək ondan zəhərləndiyim barədə kəndlərində səs yayıb...