Köhnə dost-hekayə

Köhnə dost-hekayə

23 İyul 2023 07:23
Bəyəndim (0) Bəyənmədim (0)

Əziz Mustafa, yazıçı-jurnalist, AYB üzvü

Xəstəxanadan təzə çıxmışdı və cibində bir qara qəpik də yox idi. Hara gedəcəyini, nə edəcəyini də bilmirdi. Xəstəlik vərəqəsi cibində olsa da onu kadrlar şöbəsinə təqdim edərək pul alması uzun vaxt aparacaqdı. Tərəddüdlər içərisində Muxtarovda yerləşən yataqxanaya gəldi, bəlkə otaq yoldaşlarından kimsə olacaq, dərdini başa düşəcəkdi. Amma otaq bom-boş idi. “Yəqin yaxınlıqdakı neft mədənində işə gediblər”,-deyə istər-istəməz düşündü. Xəstəxanaya gedəndə qoyub getdiyi çarpayısının üzərində deyəsən burada olmadığı vaxtda kimsə uzanmışdı. Üstəlik otaqdan kəskin siqaret qoxusu gəlirdi, sanki səhərə kimi siqaret çəkmişdilər. Pəncərələri açdi və sərin payız havası otağa doldu, bir az üşüyən kimi oldu, üstəlik acmışdı, yataqxana bufetinə düşsə belə cibində yemək almağa pulu yox idi və nə isə alıb “borca yaz”,- deməyə onsuz da üzü gəlməyəcəkdi. Yenə də nə edəcəyini bilmirdi, bir tərəfdən də aclıq ona güc gəlməkdə idi. Uzun müddət gözlərini bir nöqtəyə dikərək sakit dayandı, sən demə həyat yaman amansız imiş, bu gözlənilməz xəstəliyin onu harada gəlib tapdığını heç cür başa düşə bilmirdi. Xəstəxanada yatdığı müddətdə onu arayıb axtaran da olmamışdı, hərə öz iş-gücündə idi və buna görə ən yaxınlarından belə ürəyi sınmış, hamıdan küsmüşdü. Amma indi Muxtarovdakı Patamdara gedən yolun aşağısında yerləşən bu yataqxanadakı otaqda hiss edirdi ki, həyat onu yenidən sınaqlara çəkməkdə davam edəcək və buna qarşı mübarizə aparmalıdır. Ancaq necə, bunu da bilmirdi. Nəhayət hiss elədi ki, bu vəziyyətdə dayanıb durmaq ona heç nə verməyəcək və heç olmasa xəstəlik vərəqəsini işlədiyi 26 Bakı Komissarı adına Neft-Qazçıxarma İdarəsinin mühasibatlığına təqdim edərək gələn həftənin əvvəlində pul almaq imkanı olsun. Amma ora piyada gedə bilməyəcəkdi, yol uzaq, cibində də bir qara qəpiyi yox idi. Çarəsiz qalıb çarpayisinin yanındakı tumboçkanı axtarmalı oldu, heç nə tapa bilmədi, “sonra verərəm”,- deyə otaq yoldaşlarının da tumboçkasını yoxladı. Tumboçkaların birindən 20 qəpik tapanda ona elə bil dünyanı verdilər. Bu pulla iş yerinə gedib qayıda, hətta qalan 10 qəpiyə iki peraşki ala, ac mədəsini özü demişkən bununla azacıq da olsa aldada biləcəkdi. Xalq arasında “Dvadsatı”adlanan “ərazidən “Semdesyatçetvertı”-74-də yerləşən idarəyə çatanda günortadan xeyli ötmüşdü. Kadrlar şöbəsindəki gənc, sarışın və olduqca gözəl görünən qız onun xəstəlik kağızını diqqətlə yoxladı, sanki qeyri-qanuni nə isə axtarırdı. Sonra gənc qız başını qaldırıb diqqətlə onun üzünə baxdı, elə bil bu dəfə onun üzündə nə isə tapmağa çalışırdı. Bu baxışlardan bir az sıxılsa da hiss elədi ki, nə isə qızın ona yazığı gəlir.

- Xəstəlik vərəqəsini mühasibata ver,- dedi gənc qız,-amma pulu gələn həftə ala bilcəksən.

Onsuz da həftənin son iş günü olduğunu bilirdi və bu gün xəstəlik vərəqəsinə görə mühasibatın pul hesablamayacağı da ona məlum idi. Xəstəlik vərəqəsini mühasibatlığa verəndə ona qısaca olaraq gələn həftə gəlməsini bildirdilər. Heç nə demədən iş yerindən çıxanda aclığı daha da artmışdı, istədi cibində qalan 10 qəpiklə yaxınlıqdakı köşkdən iki peraşki alsın. Həmmin an da yadına çoxdan görmədiyi dostu İslam düşdü. İslamla xəstələnəndən bəri görüşmürdü və xəstəxanada yatmasından da onun xəbəri yox idi. İslam kombinatlardan birində işləyirdi və pis də qazanmırdı. Uşaqlıqları demək olar bir yerdə keçmişdi və möhkəm dost idilər. Amma iş elə gətirdi ki, əsgər gedəndən və Bakıda işə düzələndən sonra az-az görüşməyə başladılar. İşdən buna imkan da yox idi. İslam şəhərin demək olar o biri başında, 8-ci kilometr və ya ya el arasında “Vosmoy” adlanan ərazidə, Neftçilər metrosundan piyada 10-15 dəqiqəlik məsafədə yerləşən yataqxanalardan birində qalırdı. Islam yadına düşəndə bir az sevinən kimi oldu. Hər halda başqasına ağız açmaqdansa İslamdan borc istəmək daha yaxşı olardı. Üstəlik İslamın yanında ac qarnını da doyura, onunla dərdləşərək az da olsa daxilindəki sıxıntılardan xilas ola bilərdi. Yenə əlini cibinə salaraq 10 qəpiyi çıxararaq ora-burasına baxdı. Sonuncu ümidi bu 10 qəpik idi və onun 5 qəpiyini avtobusa verərək Baksovet metrosuna, oradan da 5 qəpik verərək Neftçilər metrosuna kimi gedə biləcəkdi. Amma İslamı evdə tapa bilcəkdimi, bax bunu bilmirdi və ona görə də əvvəlcə “Vosmoy”a getmək fikrindən vaz keçmək istədi. Ancaq sonra bütün hallarda bəxtini sınamaq qərarına gəldi. Neftçilər metrosundan çıxanda saat 18.00 idi və oradan İslam qalan yataqxanaya qədər necə getdiyini bilmədi. Yataqxanada İslam qalan otağın qapısını döyəndə aclıq artıq onu əldən salmışdı. Qapını üzünə İslam açanda sevindi, sanki ona dünyanı verdilər, bəxti deyəsən üzünə gülmüşdü, daxilində də bir az rahatlıq hiss elədi...

Qucaqlaşıb görüşdülər və İslam ona oturmağı təkilf etdi. Bir az oradan-buradan dərdləşdilər, keçmişdə kənddə birgə keçirdikləri günləri xatırladılar.

- Şəhər nə qədər şəhər olsa da, yenə kəndin yerini verə bilmir,-dedi İslam.- Kənd başqa aləmdir, hayıf deyil kənddə yaşamaq, amma nə edəsən, bizim də bəxtimizə şəhərdə yaşamaq düşüb.. İş-güc olsaydı elə kənddə qalardıq. Nə itimiz azıbdı bu şəhərdə.

- Kənddə kəndlik qalmayıb,hərə bir tərəfdən bildiyi kimi kolxozu dağıdır, dolanmaq üçün kimi ümumi əmlakdan oğruluq edir, kimi də bir tikə halal çörək pulu qazanmaq üçün tozun-torpağın içində gecə-gündüz dəridən-qabıqdan çıxır. Bu tütün zəhrimarla qul əməyi arasında bir fərq yoxdur. Gecə-gündüz demədən ayağı yer tutan 4-5 yaşlı uşaqdan tutmuş zorla ayaqüstə dayanan qocalara kimi hamı tozun-torpağın içində tütün düzür, elə bil dünyanın axırıdır. Üstəlik zəhrimara qalmış tütün sahəsi də 10-15 kilometr uzaqda Qarasovdadır. Camaat yayda kəndə istirahətə gələndə, bizimkilər bir tikə çörək üçün aranın istisinə düşürlər.

- Başqa cür dolanmaq da mümkün deyil,- deyə İslam nə üçünsə gülümsədi,- tütün ağır iş olsa da camaat heç olmasa dolana bilir. Bu da olmasa kənddəkilər nə edərdilər? Tütünlə ev tikən, oğul evləndirən ali məktəblərdə tələbə oxudan nə qədər ailə var.

İslam düz deyirdi və həqiqətən də tütün qul əməyindən fərqlənməsə də, camaatın yeganə dolanışıq yeri idi.

Sonra onlar söhbəti dəyişdirib kənddə bir vaxtlar sevdikləri, ancaq qovuşa bilmədikləri qızların üzərinə gətirdilər.

- Mən əsgərlikdə olanda mənim ilk sevcim olan Aidəm ərə getdi,-deyə İslam təəssüflə köks ötürdü.- İndi iki uşağı var, ondan ürəyim sınsada unuda bilmirəm. Hərdən mənə ki, ərindən boşansa onu bağışlayar, evlənərəm.

- Bax burada yanılırsan, əziz dostum İslam,-dedi Qasım.- O səni gözləmədi ərə getdi, eləsini bağışlamırlar. Sevsəydi gözləyərdi.

- Ehh, ay Qasım, guya məni gözləsəydi, ona evlənə biləcəkdim ki...Ev yoxdu, evlənsəydim, gərək onu Bakıya gətirib kirayədə qalaydım. Aldığım pul kirayəyə, bir də yemək-içməyə ancaq çatacaqdı. Ona evlənib kənddə də qalsaydım gecə-gündüz gərək kolxozda tozun-torpağın içində toyuq kimi eşələnəydim. Heç olmasa şəhərdə 8 saat işdən sonra evə gəlib dincələ,hamamlana, tər-təmiz yaşaya, vaxtın olanda şəhərə çıxıb gəzə bilirsən.

İslam əslində düz deyirdi, həqiqətən də belə idi və Qasım da bunu yaxşı anlayırdı.

- İlk məhəbbət həmişə nakəm olur,- deyə Qasım da dərindən bir ah çəkdi.

Onu da içəridən yandıran bir nakəm məhəbbət vardı. Xəstələnənə kimi ilk sevgisinə qovuşacağına ümid edirdi. Amma xəstələnəndən sonra bütün ümidləri boşa çıxmışdı və bütün bunlar da ağır daşa dönüb ürəyindən asılmışdı. Hərdən ona elə gəlirdi ki, bu ağır daş günlərin birində onun ürəyini parça-parşa edərək o dünyaya aparacaq...

- Nə oldu Qasım, sən ki, ilk məhəbbətinə qovuşacaqsan, niyə dərdə çəkirsən...

-Yanılırsan İslam, mənimki də belə getdi, nakəm qaldı ilk məhəbbətim...

Sonra bir müddət susub danışmadılar. İslamın birdən yadına düşdü ki, gecə növbəsində işə getməlidir və get-gedə vaxt azalır. O çayniki əlinə götürərək çay qoymağa gedəndə Qasımın yadına düşdü ki, buraya dostunun yanına borc pul almağa gəlib. Ancaq bunu ona necə desin, bilmirdi. Birdən onda da pul olmasa qayıdıb geriyə “dvadsatı”ya necə gedəcəkdi? Bunu düşünəndə ürəyi yenidən sıxılmağa başladı. Hiss elədi ki, bir az keçsə oturduğu stuldan yıxılacaq. Özünü zorla çarpayıya çatdıraraq orada oturmaq istəyəndə dostunun pencəyini gördü. İslam pencəyi deyəsən elə-belə çarpayının üstünə atmışdı. Pencəyi necə gəldi çarpayının üstündən götürərək stulun üstünə qoymaq istəyəndə onun cibindən sovet dövründə xod gedən bir dəstə göy beçlik töküldü. Dərhal pulları yığaraq pencəyin cibinə qoydu. Dostu gəlib pulların yerə tökülməsini görsəydi, onu yanlış anlaya bilərdi. Ona görə də daha çarpayının üstündə oturmaq fikrindən vaz çəkməli oldu. Amma pencəyin cibindən yerə tökülən pulları görəndə bir az rahatlanan kimi olmuşdu. Yəqin ki, borc istəsə dostu ona yox deməyəcəkdi. Hər halda yerə tökülən beşlikləri yığanda azı 60-70 manat olduğunu təxmin etmişdi. İslam əlində çaynik geri qayıtdı, hərəyə bir stəkan çay içdilər. Sonra İslam işə getməli, yemək yeməyə vaxtının olmadığını bildirdi. Bəxtii gətirməmişdi, deyəsən ac-acına yenidən yataqxanaya qayıtmalı olacaqdı...Onlar geyinib yataqxanadan çıxanda Qasım özünü toplayıb çətinliklə də olsa bir az borc pula ehtiyacının olduğunu və uzağı gələn həftənin ortalarında qaytaracağını dedi. Borc pul adını eşidəndə İslamın sifəti dəyişdi və Qasım dərhal bunun yaxşı əlamət olmadığını anladı.

- Bilirsən, dedi,-İslam,-gecə-gündüz işləyirəm, amma aldığım yemək-içməyə çatmır. Maaşdan-maaşa necə pulu çatdıra biləcəyimi bilmirəm. Dəfələrlə sənin yanına borca gəlmək istəmişəm, ancaq gələ bilməmişəm, üzüm utanıb. Bu nə həyatdır, yaşayırıq, bilmirəm. Buna yaşamaq demək olmaz, bü sürünməkdir.

Qasım hiss elədi ki, bu, dostu tərəfindən ona “pulum yoxdur, verə bilmirəm”,-demək anlamına gəlir. Əslində o gözlərinin içinə kimi yalan danışırdı. İslam Qasımdan azı 200-250 manat çox alırdı və üstəlik iş yerində az-çox xalturası da olurdu. Cibində 60-70 manat ola-ola o, dostuna 5 manat belə vermək istəmirdi. Niyə? Bax bunun səbəbini anlamaqda çətinlik çəkirdi. Onsuz da o dostundan 5-10 manatdan artıq istəmək niyyətində deyildi. 5-10 manat ona xəstəlik vərəqəsinə görə alacağı pula qədər bəs edəcəkdi. Amma həyatda özündən çox inandığı dostunun bu hərəkəti ona ağır təsir etmişdi, canını dişinə tutaraq yıxılmamaq üçün zorla özünü ayaqüstə saxlayırdı. Dünya başına fırlanırdı, gözlərinə sanki qaranlıq çökmüşdü. O, uzun illərin dostundan bunu gözləmirdi. İçində nəyinsə qırıldığını anlayırdı və ona elə gəlirdi ki, dünyanın sonudur. Əvvəl istədi İslama nə isə desin, onu nədə isə günahlandırsın, ancaq sonra anladı ki, artıq buna ehtiyac yoxdur və onların arasında dostluq burada bitib...

Sağollaşmadan, heç nə demədən ayrıldılar. Metroya girəndə anladı ki, pulu yoxdur, utana-utana içəri girişə nəzarət edən yaşlı rus qadına yaxınlaşaraq yalan danışmağa, pulunu unudaraq evdə qoyduğunu deməyə məcbur oldu, sonra isə içəri keçməyə icazə istədi. Qadın onu tərs-tərs süzərək: “Nelzya”,-deyəndə yenə də içərisində nəyinsə qırıldığını hiss elədi. Deyəsən, onun bu vəziyyətini, pulsuz olduğunu oradan keçən cavan oğlan hiss eləmişdi, ya da onun rus qadına dediklərini eşitmişdi. Tanımadığı bu oğlan ona yaxınlaşaraq: -Qardaş, gəl keç,-dedivə 5 qəpiyi turniketə atdı. Bilmədi bu tanımadığı oğlana necə təşəkkür etsin...

Baksovetdən çıxaraq Azneftdə 20 nömrəli marşrut avtobusuna əyləşdi, ümid edirdi ki, yolda yataqxanadan olan kimsə tanış çıxacaq və yol pulunu verəcək. Elə də oldu, Salyanın Qaraqaşlı kəndindən olan və qonşu mədəndə işləyən Rafət avtobusdan düşəndə onun yol pulunu verdi. Üstəlik onu zorla bufetə dəvət etdi və bir tikə çörək yedilər. Ertəsi gün digər yataqxana yoldaşından 5 manat borc aldı. Tanımadığı hərəsi bir rayondan olan tanışları ona bu ağır gündə əl uzatmışdılar, uşaqlıq, ürək dostu isə ona bir qəpiyini belə qıymamışdı və o, hiss edirdi ki, ömrünün sonuna kimi bu ağrını unuda bilməyəcək və unuda da bilmədi...