Əsəd rejiminin devrilməsindən sonra Suriya rahat nəfəs ala biləcəkmi?

Əsəd rejiminin devrilməsindən sonra Suriya rahat nəfəs ala biləcəkmi?

9 Dekabr 08:33
Bəyəndim (0) Bəyənmədim (0)

Uzun illərdir İranın qanlı məzhəb qırğınları meydanına çevirdiyi Suriyada vəziyyət gözlənilmədən dəyişib. Belə ki, Tehranın əlində oyuncağa çevrilərək öz xalqına qarşı dəhşətli soyqırımı törədən Əsəd rejimindən cana yığılan və xalq tərəfindən dəstəklənən müxalif gücləri Tehranın oyunlarına son qoyublar. Sürətli əks-hücumlar nəticəsində Əsəd rejimini devirən müxalif gücləri beləliklə İranın və Rusiyanın bölgədəki ağalığına tamamilə son qoymaq niyyətindədirlər. Bununla belə Suriyada vəziyyətin qısa müddətdə normallaşacağına da inanmaq çətindir. Bunun səbəbi Əsəd rejiminin devrilməsindən sonra bölgədə siyasi təsir dairəsi uğrunda mübarizə aparan dövlətlərin maraqlarının toqquşmasıdır. Bu baxımdan Rusiya və İranın Suriyadan qovulmasından sonra bölgədə təsir dairəsi uğrunda əsas mübarizənin başda ABŞ olmaqla onun Qərbdəki müttəfiqləri və Vaşinqton tərəfindən dəstəklənən İsraillə Türkiyə arasında gedəcəyi gözlənilir. Bu da təbiidir. Məhz Türkiyə müxalif güclərini bir araya gətirərək Əsəd rejiminə və onu dəstəkləyənlərə qarşı mübarizəyə ruhlandıra bildi.

Türkiyə Əsəd dövründə Suriyada baş verən qarşıdurmadan ən çox əziyyət çəkən ölkə durumuna düşmüşdü. Belə ki, Suriyada davam edən vətəndaş müharibəsindən əziyyət çəkən 4 milyondan yuxarı insan doğma yurd-yuvalarından didərgin düşərək Türkiyəyə sığınmışdı. Onların saxlanılması hər il Türkiyəyə 10-12 milyard dollara başa gəlirdi. Üstəlik ABŞ və onun müttəfiqləri tərəfindən dəstəklənən və PKK-nın bir qolu hesab edilən YPG terrorçuları Türkiyənin ərazi bütövlüyü üçün ciddi təhlükə mənbəyinə çevrilmişdilər. Türkiyə nəhayət ki, bölgədə yaranan vəziyyətdən istifadə edərək müxalif güclərini Əbu Məhəmməd əl-Culaninin rəhbərliyi altında Heyət Təhrir əl-Şam (HTS) ətrafında birləşdirə bildi. Eyni zamanda Türkiyənin dəstək verdiyi və əsasən Suriya türkmənlərindən təşkil edilən Suriya Azadlıq Ordusu da Əsəd rejiminə qarşı hücumlarda iştirak edərək Hələbin və İdlibin azad edilməsində, həmçinin Bağdadın alınmasında mühüm rol oynadı.

Əsəd rejiminin devrilməsindən sonra isə Suriyaya kimin rəhbərlik edəcəyi xüsusi maraq doğurur. Məsələyə münasibət bildirən Əbu Məhəmməd əl-Culani SNN-ə verdiyi müsahibəsində ABŞ tərəfindən dəstəkləndiyini deyib. Belə olacağı təqdirdə isə Türkiyənin bundan sonra ABŞ tərəfindən dəstəklənən Gilaniyə yardım edəcəyi inandırıcı görünmür. ABŞ və İsrail ümumiyyətlə Suriyanın üç yerə bölünməsində və bölgədə çoxdan arzuladıqları qondarma kürd dövlətinin yaradılmasında maraqlıdırlar.

Məsələyə münasibət bildirən politoloq Natiq Cəfərlinin də fikrincə Suriyanın ən azı üç dövlətə parçalanması artıq qaçılmazdır. Onun sözlərinə görə, bu gün Suriya bir bəladan qurtulub başqa, bəlkə də daha böyük bir təhlükənin içinə girir. Natiq Cəfərli: "Əsəd ölkəni parçalanmış, bədbəxt günə salıb gedir, faktiki olaraq Suriya adlı dövlət məhv oldu, çox güman ki, bu dövlət 3 yerə parçalanacaq",-deyib.

Türkiyə isə Suriyanın ərazi bütövlüyünün qorunub saxlanılmasını istəyir və kürd dövlətinin yaradılmasının əleyhinədir. Əgər hadisələr Suriyanın parçalanması istiqamətində inkişaf edərsə, onda Türkiyə tərəfindən dəstəklənən Türkməneli dövlətinin yaradılması qaçılmaz olacaq. Bütün bunlar da onu deməyə əsas verir ki, Suriyada siyasi vəziyyətin tam şəkildə bərpa edilməsi heç də asan olmayacaq. Necə deyərlər suriyalıların taleyi və rahat nəfəs ala bilməsi bölgədə siyasi, iqtisadi və hərbi təsir dairəsi uğrunda mübarizə aparan dövlətlərin maraqlarının təmin edilməsindən asılı olacaq.

Əziz Mustafa, Oxuməni.az