Poeziya buketi

Poeziya buketi

Bəyəndim (1) Bəyənmədim (0)

MƏN SƏNƏ ŞEİR YAZA BİLMƏRƏM

“8 dekabr gecəsinin sükutu — yoxluğu ilə ürəkləri və zamanı dayandıran qardaşım üçün…”

Mən sənə şeir yaza bilmərəm, qardaş…

Yazsam,

sözlərdən özümü çıxarıb

yenidən adam etməli olacağam.

Amma mən artıq

sənin yoxluğunda parçalanmışam.

O gecə…

Ev hələ də ev idi.

İşıqlar yanırdı.

Saatlar işləyirdi.

Amma sən

səssiz-səssiz

həyatdan çıxırdın.

Biz bilmirdik…

Ölüm bu qədər sakit gələrmiş.

Qapılar bağlandı,

amma ev açıq qaldı —

boşluğa.

Sənin nəfəsin kəsiləndə

divarlar da nəfəs ala bilmədi.

O gündən sonra

ev danışmır,

sadəcə dözür.

İrəli gedə bilmirəm, qardaş.

Mən 8 dekabr gecəsində qalmışam.

Saatlar işləyir,

təqvimlər dəyişir,

amma zaman mənim üçün

sənin gözlərini yumduğun yerdə

dayanıb.

Hamı sabaha keçir.

Mən isə

o gecənin içində

donub qalmışam.

Stol açılır hər gün…

Çörək var.

Su var.

Amma bir yer var —

boş.

O stul sənin yoxluğunu saxlayır.

O boşqab hələ də

səni gözləyir.

Xanımın baxır…

Amma baxışını tez çəkir —

çünki ümidə baxmaq

adamı yandırır.

Uşaqların…

Onlar ata sözünü indi-indi öyrənirlər.

Sənin səsini xatırlamadan

sənin həsrətini böyüdürlər.

Gülüşləri var…

Amma kölgəsi uzundur —

çünki arxalarında sən yoxsan.

Xəstə qardaşın isə

heç sakitləşmir.

Sən onun nəfəsi idin.

Səninlə yaşayırdı,

səninlə dözürdü.

İndi nəfəs alır…

Amma hava çatmır ona.

Səni çağırır…

Cavab gəlməyəndə

bədəni də

ürəyi kimi yorulur.

Mən səni torpağa tapşırmadım, qardaş,

məni tapşırdım sənə.

O gündən sonra

harada dayanıramsa,

yarım qalıram.

Danışsam — səsim sınır.

Sussam —

ürəyim danışır.

Deyirlər: “Zaman hər şeyə çarədir.”

Zaman çarə deyil.

Zaman sadəcə

insanı ağrıyla yaşamağa

öyrədir.

Unutdurmur…

Yoxluğa alışdırır.

Mən sənə şeir yaza bilmərəm, qardaş…

Çünki şeir təsəlli olar.

Bu yazdıqlarım isə

təsəlləsiz bir həqiqətdir:

8 dekabr gecəsinin

ürəyimdə qoyduğu

bitməyən sükut.

Əgər bunu oxuyan ağlayırsa,

bil ki…

O göz yaşı kağızdan axmır —

atası qayıtmayan uşaqların,

yarı yolda qalan bir qadının,

nəfəsini itirən xəstə bir qardaşın

irəli gedə bilməyən

bir bacının

ürəyindən axır.

Ümmü Süleymanova

·