Əfqanıstanda 20-dən çox terror qruplaşması fəaliyyət göstərir

Əfqanıstanda 20-dən çox terror qruplaşması fəaliyyət göstərir

21 Fevral 14:00
Bəyəndim (0) Bəyənmədim (0)

BMT-nin Analitik Dəstək və Sanksiyaların Monitorinqi Qrupunun ekspertlərinin hesablamalarına görə, 2024-cü ilin sonuna Əfqanıstanda 20-dən çox terror qruplaşması fəaliyyət göstərir ki, bu da təkcə ölkə daxilində deyil, həm də bütün Mərkəzi Asiya üçün təhlükəsizliyə təhlükə yaradır. Müvafiq nəticələr Birləşmiş Millətlər Təşkilatının saytında yerləşdirilən hesabatda dərc olunub.

Üstəlik, hesabat müəlliflərinin iddia etdiyi kimi, Taliban* tez-tez müəyyən qruplara, xüsusən də bütün dünyada cihadçıları dəstəkləyən beynəlxalq terror təşkilatı Əl-Qaidə* ilə əlaqəli olanlara kömək edir. Belə ki, Əfqanıstan hakimiyyəti ekstremistlərə sığınacaq və təlim düşərgələri verir, bəzən maddi yardım göstərir, həmçinin ayrı-ayrı hərəkatların rəhbərləri və komandirlərinin hərbiləşdirilmiş təhlükəsizliyini təmin edir.

Söhbət əfqan mənşəli olmayan Təhrik-Taliban Pakistan (TTP), Özbəkistan İslam Hərəkatı və əsasən etnik taciklərdən ibarət Camaat Ənsarullah qruplarından gedir.

BMT ekspertlərinin fikrincə, ötən il TTP Kunar, Nangarhar, Xost və Paktika əyalətlərində silahlılar üçün təlim mərkəzləri açıb və fəal şəkildə tərəfdarları cəlb edib. Qeyd olunur ki, Kabil Pakistan qrupunun liderini maliyyələşdirir, ona ayda 43 min dollar ödəyir.

“Camaat Ansarullah”ın Xost və Təxar əyalətlərində təlim düşərgələri var. Burada Əl-Qaidə təlimatçıları əsasən ərəb və Mərkəzi Asiya ölkələrindən olan döyüşçüləri və kamikadzeləri hazırlayır.

"İslam Dövləti - Xorasan" (İŞİD - Xorasan) ekstremist təşkilatına xüsusi diqqət yetirilir

İŞİD-Xorasan hesabat dövründə öz sayını xeyli artırıb. Buna əsasən etnik taciklərin məskunlaşdığı şimaldakı Bədəxşan və Kunduz əyalətlərinin sakinləri arasında Taliban rejimindən narazılıq təsir edib. Həmçinin qeyd edilir ki, tiryək əkininə qoyulan qadağadan əziyyət çəkən fermerlər Əfqanıstan hakimiyyətinə cavab olaraq, yaraqlılara sığınacaq və hər cür dəstək verir. Bu qruplaşmanın getdikcə daha çox Əfqanıstana cəlb edilmiş yaraqlıları Mərkəzi Asiya respublikalarının nümayəndələrinə, xüsusilə də Tacikistan vətəndaşlarına yönəltdiyi vurğulanır.

Eyni zamanda, fevralın 17-də Əfqanıstan Daxili İşlər Nazirliyinin əməkdaşı Əbdül Mətin Kani bəyan edib ki, İŞİD ölkədə tamamilə sıxışdırılıb və burada “fiziki mövcudluğu” yoxdur. Rəsmi əlavə edib ki, İslam Dövlətinin üzərinə götürdüyü davam edən terror aktları qonşu ölkələrdən həyata keçirilir.

Əziz Mustafa, Oxuməni.az