Tramp Putinlə söhbətindən məmnundur

Tramp Putinlə söhbətindən məmnundur

19 Mart 12:28
Bəyəndim (2) Bəyənmədim (0)


ABŞ prezidenti Donald Tramp “Truth Social”-da Rusiya lideri Vladimir Putinlə söhbətinin “çox yaxşı və məhsuldar” olduğunu bildirib.
Trampın sözlərinə görə, “sülh sazişinin bir çox elementləri” müzakirə edilib və nizamlanma prosesi başlayıb.
"Ümid edirik ki, insanlıq naminə bunu sona qədər görəcəyik!" -o yazıb.
Amerika prezidenti aydınlaşdırıb ki, tərəflər Ukrayna münaqişəsi zamanı enerji və neft infrastrukturuna hücumları dayandırmaq barədə razılığa gəliblər. “Tam atəşkəs” və Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatların dayandırılması istiqamətində atılan addımlar da müzakirə edilib.
Ağ Ev daha əvvəl bildirmişdi ki, tərəflər Qara dənizdə atəşkəs, eləcə də daimi sülhün yaradılması üzrə texniki danışıqlara başlamaq barədə razılığa gəliblər.
Danışıqlar zamanı Putin bütün cəbhə xəttində atəşkəs rejiminə riayət olunmasına nəzarət də daxil olmaqla, “bir sıra mühüm məqamları” qeyd edib. Rusiya prezidenti Ukraynada səfərbərliyin dayandırılması və Ukrayna Silahlı Qüvvələrinin yenidən silahlanmasının dayandırılmasının vacibliyini bəyan edib.
Bundan əlavə, Putin “eskalasiyanın qarşısını almaq üçün əsas şərt” kimi Kiyevə xarici hərbi yardımdan tamamilə imtina etməyi və kəşfiyyat məlumatlarının Ukraynaya ötürülməsini dayandırmağı çağırıb.
Söhbət zamanı Rusiya lideri onu da bildirib ki, martın 19-da Rusiya ilə Ukrayna arasında 175 nəfərin 175 nəfərə əsir mübadiləsi aparılacaq. Moskva “xoş niyyət jesti” olaraq Rusiya xəstəxanalarında olan 23 ağır yaralı ukraynalı əsgərini Kiyevə təhvil verəcək.
Almaz Həsənli