
ABŞ Yəmənə silsilə zərbələr endirib
ABŞ Hərbi Hava Qüvvələri cümə günü səhər Yəməndə, o cümlədən ölkənin paytaxtı Sənada bir neçə hava hücumu həyata keçirib. Bu barədə Yəmənin “Ənsar Allah” hərəkatının nümayəndələri məlumat verib.
Husilər hücumun paytaxtın Cabran rayonunu hədəf aldığını və 7 nəfərin yaralandığını bildirib.
“AP” xəbər agentliyi xəbər verir ki, zərbələr Yəmənin müxtəlif bölgələrində, o cümlədən paytaxtın hava limanı, Qırmızı dəniz sahilindəki Hodeyda liman şəhəri, Səada, Əl-Cəvf, Əmran və Maribdə husilərin mövqelərinə endirilib.
Qeyd olunur ki, prezident Trampın dövründə ABŞ husilərə qarşı daha genişmiqyaslı əməliyyat keçirir. Vaşinqton yalnız raket qurğularına zərbə endirməkdən “Ənsar Allah” hədəflərinə hava zərbələri endirməyə keçdi.
Yəmənə yeni zərbələr husilərin İsrailə iki ballistik raket atmasına görə məsuliyyəti öz üzərinə götürməsindən bir neçə saat sonraya təsadüf edib.
Qəzzada müharibə başlayandan sonra husilər İsraili atəşə tutacaqlarını və onlarla əlaqəli gəmilərin Qırmızı dənizdən keçməsinin qarşısını alacaqlarını bildiriblər. Onlar Qırmızı dənizdə və Ədən körfəzində onlarla mülki gəmiyə hücum ediblər.
Almaz Həsənli