Donbasda Şimali Koreyanın uzaqmənzilli artilleriya sistemləri aşkarlanıb

Donbasda Şimali Koreyanın uzaqmənzilli artilleriya sistemləri aşkarlanıb

12:42
Bəyəndim (2) Bəyənmədim (0)

Rusiya Ukrayna ərazisində Şimali Koreya istehsalı olan ağır artilleriyadan fəal şəkildə istifadə etməyə başlayıb. Bu barədə Almaniyanın “Der Spiegel” nəşri kəşfiyyat məlumatlarına, peyk şəkillərinə və hərbi ekspertlərin açıqlamalarına istinadən məlumat yayıb.

Materiala görə, Donetsk vilayətində cəbhədə KXDR-də istehsal olunan 170 mm kalibrli “Koksan” özüyeriyən artilleriya qurğuları qeydə alınıb. Ukrayna tərəfi iddia edir ki, təkcə mart ayında onlar ən azı beş belə qurğunu məhv edə biliblər.

“Bu haubitsa qeyri-adi uzun lüləsi ilə seçilir və uzunluğu demək olar ki, 15 metrə çata bilir”, - “Der Spiegel” yazır.

Müqayisə üçün qeyd edək ki, Almanyanın “Panzerhaubitze 2000”i və Fransanın “Sezar”ı 3-5 metr qısadır və 155 mm kalibrlidir. “Koksan” topları mərmi növündən asılı olaraq 40-60 kilometr məsafədə atəş açmaq qabiliyyətinə malikdir və bu, rus qoşunlarına təhlükəsiz məsafədən hədəflərə hücum etməyə imkan verir.

Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri KXDR-in Rusiyaya təqribən 220 “Koksan” silahı, çoxsaylı buraxılış raket sistemləri və “əhəmiyyətli sayda” qısa mənzilli ballistik raketlər ötürdüyünü təxmin edib.

Bundan əlavə, ekspertlər hesab edir ki, Krımdakı dəmiryol vağzalındakı qaubitsaların son görüntüləri Rusiyanın yeni hücuma hazırlaşdığını göstərə bilər.

Avropa Siyasət Mərkəzinin baş məsləhətçisi Kristian Mellinq deyib: “Əgər həqiqətən də “Koksan” haubitsaları Ukraynanın işğal olunmuş ərazilərində yerləşdirilibsə, çox güman ki, Şimali Koreyanın quru qoşunları tezliklə orada da peyda olacaq”.

Bununla belə, bu tip silahlar ciddi aşınmaya məruz qalır: 3000-5000 atışdan sonra lülənin daxili hissəsi, təxminən 25.000 atışdan sonra isə bütün lülə dəyişdirilməlidir.

Avstriyalı hərbi ekspert Qustav Qressel belə izah edir: “Rusiyanın problemi onun kifayət qədər ehtiyat lülələrinin olmamasıdır. Rusiya artilleriya anbarlarının peyk görüntüləri lüləsiz çoxlu haubitsaların olduğunu göstərir”.

Nəşr qeyd edir ki, KXDR-dən avadanlıq tədarükü yalnız artır.

"Bu, Kim Çen In rejimi üçün son dərəcə faydalıdır. O, Rusiya ilə getdikcə daha vacib olan əlaqələri gücləndirir,” - analitik Frederik Spor hesab edir.

Almaz Həsənli