Ukrayna, ABŞ və Rusiya arasında Əbu-Dabidə danışıqlar başa çatıb, müharibə isə davam edir
Ukrayna, ABŞ və Rusiya arasında Əbu-Dabidə danışıqlar başa çatdı və bu, uzun müddətdən sonra ilk iki günlük üçtərəfli görüş oldu. Bu barədə RBC-Ukrayna Prezident Volodimir Zelenskinin açıqlamasına istinadən məlumat verib.
Onun sözlərinə görə, tərəflər geniş məsələləri müzakirə ediblər və danışıqların özü konstruktiv olub.
Ukrayna tərəfini müdafiə naziri Rüstəm Umerov, Baş Kəşfiyyat İdarəsinin (BKİ) rəisi Kirilo Budanov, Birləşmiş Qüvvələr Komandanı Andriy Hnatov, Parlament üzvü David Araxamiya, Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kıslıtsya və BKİ-nin rəis müavini Vadım Skibitski təmsil edirdilər.
Amerika tərəfini Stiv Vitkov, Cared Kuşner, Den Driskoll, Aleks Qrinkeviç və Coş Qruenbaum təmsil edirdi. Rusiyanı isə hərbi kəşfiyyat və ordu nümayəndələri təmsil edirdi.
Zelenskinin sözlərinə görə, müzakirənin əsas mövzusu müharibənin bitməsi üçün mümkün parametrlər idi. Xüsusilə Amerikanın müharibənin bitməsinə və real təhlükəsizliyin qorunmasına nəzarət etməsi məsələsinə diqqət yetirildi.
Amerika tərəfi həmçinin müharibənin bitməsi ilə bağlı razılaşmaların rəsmiləşdirilməsi formatları və zəruri təhlükəsizlik şərtləri məsələsini qaldırdı.
Görüşlərdən sonra tərəflər danışıqların nəticələri barədə öz paytaxtlarına hesabat vermək və müvafiq liderləri ilə gələcək addımları əlaqələndirmək barədə razılığa gəldilər. Hərbçilər mümkün növbəti görüş üçün məsələlərin siyahısını müəyyən ediblər.
"İrəliləməyə hazır olduğumuz təqdirdə - və Ukrayna hazırdırsa - növbəti görüşlər, ehtimal ki, gələn həftə keçiriləcək. Nümayəndə heyətinin qayıtdıqdan sonra şəxsi hesabatını gözləyirəm", - deyə Zelenski bildirib.
Ukrayna tərəfindən Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovun rəhbərliyi ilə Ukrayna, ABŞ və Rusiya nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar 23 yanvarda Əbu-Dabidə başlayıb.
Prezident Vladimir Zelenski danışıqların əsas mövzusunun ərazi məsələsi, xüsusən də Donbasdakı vəziyyət olduğunu bildirib. Bir gün əvvəl Kreml Ukrayna qoşunlarının bölgədən çıxarılmasını şərtlərdən biri kimi tələb etdiyini açıqlayıb.
Görüşdən əvvəl Zelenski danışıqlar qrupu ilə məsləhətləşmələr aparıb və danışıqların ilk günündən sonra Umerov Əbu-Dabidəki müzakirələrin bəzi təfərrüatlarını açıqlayıb.
Əziz MUSTAFA






































































.jpg)
.jpg)
.jpg)









