
Trampın yaxın adamı ABŞ-ın Türkiyədəki səfiri oldu
ABŞ Senatı biznesmen və Donald Trampın çoxdankı dostu Tom Barakın Türkiyədəki səfir vəzifəsinə namizədliyini təsdiqləyib. Onun təyin edilməsinin lehinə 60 senator, əleyhinə isə 36 senator səs verib.
Xarici Əlaqələr Komitəsinin dinləmələrində Barak Ankaranı Vaşinqtonun əsas və strateji tərəfdaşı adlandıraraq, “Türkiyə Avropa, Asiya və Yaxın Şərqin kəsişməsində yerləşir və NATO-ya mühüm töhfə verir” deyib.
78 yaşlı Barak əslən Kaliforniyadandır, lakin Livan xristian ailəsindəndir və ərəb dilini mükəmməl bilir, bu da ona Yaxın Şərqdə bir çox danışıqlarda kömək edib. O, sərvətini daşınmaz əmlak investisiyalarında qazanıb və özəl investisiya firması “Colony Capital”-ın yaradıcısıdır.
2017-ci ildə Barak Trampın inauqurasiya komitəsinə rəhbərlik edib və əvvəllər 2016-cı il kampaniyası zamanı onun məsləhətçisi olub. ABŞ-ın Türkiyədəki yeni səfiri həm də Yaxın Şərq elitaları ilə yaxın əlaqələri ilə tanınır və Trampın ərəb monarxiyaları ilə münasibətlərdə qeyri-rəsmi köməkçisi kimi görünürdü.
2022-ci ildə o, xarici agent kimi qeydiyyatdan keçmədən BƏƏ üçün lobbiçilik etmək və FTB-yə yalan ifadələr vermək ittihamlarından bəraət alıb. Barak 2022-ci ilin yanvarından 2024-cü ilin sentyabrınadək vəzifədə olmuş keçmiş senator Jeff Fleyki əvəz edəcək. O vaxtdan bəri ABŞ-ın Türkiyədəki diplomatik missiyası səfirsiz qalıb.
Almaz Həsənli